Məhkəmə qərarları › İş №e-2(023)-345/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-345/2025

12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-345/2025 12.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi ilə, Cavabdeh3 iştirakı ilə, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun qaytarılması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Cəmi borcu 21.183,51 (iyirmi bir min bir yüz səksən üç ABŞ dolları 51 sent) ABŞ dolları- bundan 11.934,31 (on bir min doqquz yüz otuz dörd ABŞ dolları 31 sent) ABŞ dolları əsas, 5.171,37 (beş min bir yüz yetmiş bir ABŞ dolları 37 sent) ABŞ dolları faiz, 3.425,45 (üç min dörd yüz iyirmi beş ABŞ dollar 45 sent) ABŞ dollarıcərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 652,38 (altı yüz əlli iki ABŞ dolları 38 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 198,04 (bir yüz doxsan səkkiz manat 04 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* №-li 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 14.800 (on dörd min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə Bank arasında 250006711/ZM saylı 19 yanvar 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. ********* №-li 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə 26 fevral 2016-cı il tarixdə Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalann Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 13.566,24 (on üç min beş yüz altmış altı ABŞ dolları 24 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 və Cavabdeh3ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra ********* №-li 19 yanvar 2015-ci il tarixli Kredit müqaviləsinə 19 iyun 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (budan sonra “restrukturizasiya edilmiş kredit”) 14.122,78 (on dörd min bir yüz iyirmi iki ABŞ dolları 78 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 13.103,51 (on üç min bir yüz üç ABŞ dolları 51 sent) ABŞ dolları əsas borc, 791,55 (yeddi yüz doxsan bir ABŞ dolları 55 sent) ABŞ dolları faiz borcu və 227,72 (iki yüz iyirmi yeddi ABŞ dolları 72 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır və illik 8 (səkkiz) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********000 saylı xx.xx.2024-cü il tarixli və **********562 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 21.183,51 (iyirmi bir min bir yüz səksən üç ABŞ dolları 51 sent) ABŞ dolları təşkil edir. Bundan 11.934,31 (on bir min doqquz yüz otuz dörd ABŞ dolları 31 sent) ABŞ dolları əsas, 5.171,37 (beş min bir yüz yetmiş bir ABŞ dolları 37 sent) ABŞ dolları faiz, 3.425,45 (üç min dörd yüz iyirmi beş ABŞ dollar 45 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 652,38 (altı yüz əlli iki ABŞ dolları 38 sent) ABŞ dolları faiz borcu təşkil edir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil bildrimişdir ki, Cavabdeh2 borcundan ödənişlər etmişdir. Hesab edirlər ki, əsas borc, faiz və cərimə borcu artıq hesablanmışdır. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirdi ki, o kredit götürən zaman zamin olmuşdur. İş üzrə zamin olduğundan ona aid hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəbin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 20% ödəmək şərtilə 14800 ABŞ dolları məbləğində kredit verilmişdir. İşə əlavə olunan xx.xx.2015-ci il tarixli, ********* /ZM nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə Cavabdeh2 ilə eyni məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan Kredit Müqaviləsi üzrə bağlanmış xx.xx.2016-cı il tarixli Əlavə sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 13566,24 ABŞ dolları manat təşkil etmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli, ********* saylı kredit və zaminlik müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 14122,78 ABŞ dolları təşkil etmiş, kreditin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə saziş üzrə ödəniş cədvəlinin surətindən görünür ki, kredit müqaviləsi üzrə borcun son ödənilmə tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan LPO İddiaçı ASC-nin xx.xx.2024-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 borcu əsas borc qismində 11934 ABŞ dolları 31 sent, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 5171 ABŞ dolları 37 sent, cərimə qismində 3425 ABŞ dolları 45 sent, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu qismində 652 ABŞ dolları 38 sent, cəmi 21183 ABŞ dolları 51 sent məbləğində təşkil edir. İş materiallarında olan Cavabdeh1 etiraz ərizəsindən görünür ki, Azərbaycan Respublikasının 477-ci maddəsinə əsasən iddianın ona qarşı imtina edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/4369 nömrəli ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2024cü il tarixində banka olan borcu ödənilməmiş əsas borc qismində 11221,50 ABŞ dolları, faiz borcu qismində isə 4862,65 ABŞ dolları, 5% hesablanmaqla faiz borcu 603,16 ABŞ dolları təşkil edir. Lakin mülki iş materiallarından görünür ki, Cavabdeh2 LPO İddiaçı ASC-yə əsas borcu 11221 ABŞ dolları 50 sent təşkil edir və qanunun tələbinə görə həmin məbləğ restrukturizasiya olunmalıdır. Beləliklə, işdə olan sübutlarla cavabdehlərin LPO İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmələri və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, həmçinin iş üzrə təyin edilmiş ekspertiza rəyindən də göründüyü kimi, Cavabdeh2 iddiaçıya əsas borc qismində 11221 ABŞ dolları 50 sent borcu yarandığı təsdiq olunur. Məhkəmə hesab edir ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq X1 yalnız əsas borc məbləği iddiaçının xeyrinə tutulmalı, kredit müqaviləsi müddətinə hesablanmış faiz borcunun tutulmasına tələbinə dair hissədə təmin olunmamalıdır. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.2 və 6.3-cü maddələrinə görə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək barədə banklara imperativ tələblər müəyyən edilmişdir. Bundan başqa, həmin Fərmanının 8.9-cu maddəsinə görə faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 LPO İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 11221 ABŞ dolları 50 sent, müqavilənin bitdiyi tarixdən – xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış 603 ABŞ dolları 16 sent məbləğində borcunun yarandığı təsdiq olunur. Lakin LPO İddiaçı ASC zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı xx.xx.2023-cü il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminliyə xitam verilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 5171 ABŞ dolları 37 sent təşkil edən cərimə məbləğinin 20 ABŞ dolları məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna görə də məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Bayram oğluna aid hissədə iddia rədd olunmalı, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, ********* kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 11221 ABŞ dolları 50 sent, cərimə qismində 20 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən – xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 603 ABŞ dolları 16 sent, cəmi 11844 ABŞ dolları 66 sent məbləğində pul vəsaiti ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin edilməsini nəzərə alaraq, hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 150,40 manat məbləğində dövlət rüsumu və iş üzrə ekspertiza tədqiqatının dəyərinin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh2 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borcun əvəzi qismində 11221,50 (on bir min iki yüz iyirmi bir ABŞ dolları 50 sent) ABŞ dolları əsas borc, cərimə qismində 20 (iyirmi) ABŞ dolları, müqavilənin bitdiyi tarixdən – xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 603,16 (atı yüz üç ABŞ dolları 16 sent) ABŞ dolları faiz borcu, cəmi 11844 ABŞ dolları 66 sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 150,40 manat məbləğində pul vəsaiti tutulsun. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərinin əvəzi qismində 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar