Məhkəmə qərarları › İş №e-2(023)-505/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-505/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-505/2024 14.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Süleyman qızına qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə 14 may 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Süleyman qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC BOKT-nin xeyrinə kredit müqaviləsinə əsasən 656,07 manat əsas, 92,84 manat faiz, cəmi 748,91 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə birgə borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Süleyman qızı arasında bağlanmış 18 sentyabr 2013-cü il tarixli 1564 saylı kredit müqaviləsinə əsasən birgə borclulara 12 ay müddətinə qaytarılması şərtilə illik 15 faizlə 2600 (iki min altı yüz) manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yetirıənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Bkredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən birgə borclular tərəfindən 2600 manat əsas borc və ona hesablanmış faiz borcu qrafikə uyğun ödənilməli olduğu halda buna əməl edilməmiş, əsas borcdan 1943,93 manat, faiz borcundan isə 242.07 manat ödəniş olmuşdur. Birgə borcluların Kredit Təşkilatına olan əsas borcu 656,07 manat əsas, 92,84 manat faiz, cəmi 748,91 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə həmin birgə borclulara dəfələrlə müraciət olunmasına, kredit təşkilatı tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Birgə borclulara göndərilmiş xəbərdarlıq məktubu da nəticəsiz qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh3 məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının onlara qarşı verdiyi iddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddia müddəti ötürülməklə verilmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Süleyman qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 05 yanvar 2020-ci ildə ölmüşdür. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə öldüyü müəyyən edildiyindən, Qazax Rayon Məhkəməsinin 2(023)-505/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Süleyman qızına qarşı kredit borcunun tutulması tələbi barədə iddiasına dair mülki iş üzrə icraata Cavabdeh1 aid hissəsində xitam verilmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə birgə borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Süleyman qızı arasında 18 sentyabr 2013-cü il tarixli 1564 saylı kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən birgə borclulara 12 ay müddətinə illik 15 faizlə 2600 (iki min altı yüz) manat məbləğində kredit verilmişdir. Müqavilənin 5.1-ci bəndində nəzərdə tutulmuşdur ki, birgə borclular götürülmüş kreditə görə birgə və ayrı-ayrılıqda məsuliyyət daşıyırlar, onların hər biri cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtında qaytarılmasına görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Cavabdeh3 İddiaçı QSC-nin Qazax filialına xx.xx.2024-cü il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, birgə borcluların xx.xx.2013-cü il tarixli müqavilə üzrə borcu - 656,07 manat əsas, 92,84 manat faiz, cəmi 748,91 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə kredit borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə birgə borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Süleyman qızı arasında xx.xx.2013cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə 15 faizlə 2600 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 1564 saylı, xx.xx.2013cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə sonuncu ödənişini xx.xx.2014-cü ildə etmişdir. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçı üçün iddia müddətinin axımı həmin vaxtdan başlamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İşin materiallarından görünür ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının 2014-cü il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Lakin, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdehlərin iş materiallarına əlavə edilmiş ərizələrindən görünür ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müddətin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsini xahiş edirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdehlər iddia müddətinin tətbiqinə dair ərizə verdiklərindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Süleyman qızına qarşı kredit borcunun tutulması tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı QSC BOKT-na aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar