Məhkəmə qərarları › İş №e-2(023)-51/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-51/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-51/2025 27.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “borcun geri qaytarılması” tələbi barədə iddiasına, Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və əsassız əldə olunmuş 5000 manat məbləğində pulun geri qaytarılması” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsirov X12 Vüqar Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli “kredit müqaviləsinə” əsasən borcun ödənilməmiş hissəsi 115.000 (yüz on beş min) manat, 405 (dörd yüz beş) manat dövlət rüsumunun əvəzi, cəmi 115.405 (yüz on beş min dörd yüz beş) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında 17 mart 2023-cü il tarixdə Bakı şəhəri 11 saylı Notariat Ofisində “Kredit Müqaviləsi” rəsmiləşdirilmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən iddiaçı cavabdehə 120.000 (yüz iyirmi min) manat məbləğində pulu borca vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən cavabdeh 120.000 (yüz iyirmi min) manat pulu xx.xx.2023-cü il tarixə qədər tam olaraq iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür. 17 mart 2023-cü il tarixli “kredit müqaviləsinin” arxasına cavabdeh qələmlə borcun mahiyyətinin ona izah olunduğunu, borcu qaytarmadığı təqdirdə icra qeydi ilə borcun ondan tutulacağının ona aydın olduğunu öz sözləri və öz xətti ilə yazmışdır. Bundan sonra iddiaçı Bakı şəhəri Nərimanov Polis İdarəsinə bu mülki iş üzrə cavabdehin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə “cinayət işinin başlanması barədə qərar qəbul edilməsi” barədə şikayət ərizəsi göndərmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən “cinayət işinin başlanmasının rədd edilmsi barədə” 20 may 2024-cü il tarixli qərar qəbul edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılan zaman cavabdehin verdiyi izahatla müəyyən edilmişdir ki, cavabdeh 120.000 manat borcdan cəmi 5000 manat pul vəsaitini geri qaytarmışdır. Həmin vaxt cavabdeh maddi sıxıntılarının olduğunu əsas gətirərək 5000 manat məbləğində pulu 16 aprel 2024-cü il tarixdə ödəmiş və maddi ziyanın 5000 (beş min) manatının ödənilməsi barədə protokol tərtib edilərək materiala əlavə edilmişdir. Göründüyü kimi cavabdehin iddiaçıya hal-hazırda 115.000 (yüz on beş min) manat borcu qalmaqdadır. Həmçinin bu günə qədər Bakı şəhəri 11 saylı Notariat Ofisinə müraciət etmədiyi üçün cavabdeh barəsində icra qeydi müvafiq İcra Şöbəsinə təqdim edilməmişdir. Cavabdeh İddiaçı qarşı qaşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə bağladıqları 17 mart 2023-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və 5000 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, ilk iddianı qəbul etmir. Belə ki, İddiaçı istinad etdiyi kredit müqaviləsində göstərdiyi pul ona verilməmişdir. İddiaçıla aralarında torpaq sahəsinin satılması barədə sövdələşmə olsada, sonradan həmin torpaq sahəsi alınmadığından qeyd olunan pul vəsaiti ona verilməmişdir. Sadəcə olaraq İddiaçı onun barəsində əsassız olaraq Bakı şəhər Nərimanov rayon polis Şöbəsinə şikayət etmiş və Bakı şəhər Nərimanov rayon müstəntiqi tərəfindən ona qarşı hədə qorxu gəlinərək 120000 manat məbləğində pul tələb olunmuş, sonradan o qorxaraq 5000 manat məbləğində pulu müstəntiqə vermişdir. Bundan sonra onun AR Prezident Administrassiyasına şikayəti əsasında iş Bakı şəhər Nərimanov rayonundan alınaraq başqa rayona verilmiş və müəyyən edilmişdir ki, İddiaçı tərəfindən ona pul verilməmiş və işin mübahisəli halı ilə bağlı mülki qaydada məhkəmədə araşdırılmalıdır. Hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə İddiaçı ilə aralarında bağlanmış formal kredit müqaviləsi etibarsız əqddir və məhkəmə tərəfindən etibarsız sayılmalıdır. İddia ərizəsində göstərdiyi arqumentlərlə bağlı əlavə sübutları məhkəmə hazırlıq iclası zamanı məhkəməyə təqdim edəcəkdir. Qeyd olunan 5000 manat məbləğində pul əsassız olaraq ondan alındığından, tərəfindən verilmiş 5000 manat məbləğində pulunda cavabdehdən alınaraq ona geri qaytarılmasına dair məhkəməyə müraciət etmək məcburiyyətindədir. Dəfələrlə İddiaçı şifahi olaraq ondan alınmış 5000 manat pulun ona geri qaytarılmasını tələb etsə də sonuncu həmin pulu ondan deyil, müstəntiqdən aldığına görə müstəntiqə müraciət etməsini bildirmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bildirdi ki, pulu İddiaçı özü götürmüşdür. Torpaq alqı-satqısı Elmar Zeynalovla olmalı idi. Onun qardaşının Rafiqə borcu olmuş və cinayət işi olmuşdur. Lakin sonradan qardaşı Rafiqlə və Namiqlə aralarında razılaşdıqlarına görə, qardaşına 5 il şərti cəza verilmişdir. Torpaq sahəsini Elmar Zeynalov almalı idi. Həmin torpaq sahəsidə Namiq adlı şəxsin arvadına məxsus olmuşdur. Qardaşının mübahisəsi Namiqlə və onun arvadı ilə olmuşdur. Namiq torpağın alqı-satqısını ona həvalə etmişdir. Torpağın sənədləri onda olmuşdur. Bütün sənədlər hazır olanda Namiq notariusa gəlmiş və mübahisə etmişdir, nəticədə torpaq sahəsi satılmamamış və imzalanmış borc müqaviləsi onun ustundə qalmışdır. Belə ki, alqı-satqı müqaviləsi baş tutduqdan sonra borc müqaviləsi ləğv olacaqdır. 120000 manat pul Elmar Zeynalovun pulu olmuşdur. Həmin pul İddiaçı adı ilə banka qoymuşlar, sonrada götürmüşlər. Onun adından borc müqaviləsi bağladılar. Qardaşına Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə 5 il iş kəsiləndə Rafiq və Namiq ərizə verərək, heç bir borc olmadığını qeyd etmişlər. Sonradan Rafiq ona dedi ki onu tutduracaqlar. O qardaşını müdafiə etmək üçün imzalamışdır. Qardaşının cinayət işi bağlanandan sonra torpağın sənədlərini ondan almışlar. Sənədləri götürəndən sonra ona 120000 manat pula görə görə cinayət işi açılmış, lakin sonradan cinayət işinin rədd edilməsi və mülki qaydada məhkəmə qaydasında baxılması müəyyən olunmuşdur. Nərimanov rayonu Polis şöbəsində şikayət var idi və müstəntiq hədə qorxu ilə ondan 5000 manat pul almışdır. Ona görə də, ilk iddianın rədd edilməsi, 17 mart 2023-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və 5000 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 ilk iddia tələbini qəbul etməyərək göstərmişdir ki, borc müqaviləsi sığorta kimi qoyulmuşdur. Belə ki tərəflər arasında torpaq alqı-satqısı olmalı idi. İddiaçı pulu depozitə qoymuş və borc kimi qeyd edilmişdir. Müqavilə formal bağlanmışdır, torpaqnan bağlı alqı-satqı baş tutandan sonra həmin müqavilə ləğv olacaqdır. Lakin alqı-satqı müqaviləsi baş tutmadığından borc müqaviləsi ləğv edilməmişdir. Torpaq öz sahibinin mülkiyyətində qalmış və Cavabdeh qardaşı ilə bağlı məsələlər məhkəmə qərarı ilə həll olunmuşdur. Vüqarın barəsində Nərimanov rayonu Polis şöbəsinə şikayət olmuşdur və müstəntiq hədə qorxu ilə Vüqardan 5000 manat pul almışdır. Sonradan Vüqarın şikayəti əsasında araşdırma aparılmış və həmin müstəntiqə töhmət verilmişdir. Sonradan iş Binəqədi rayon polis şöbəsinə göndərilmişdir. Sonradan Binəqədi rayon polis şöbəsində mübahisə olması ilə bağlı mülki qaydada məhkəməyə müraciət edilmişdir. Torpaq sahəsini depozitə pul qoyan şəxs Zeynalov Elmarın olub və torpaq sahəsini almalı idi. Vüqarın pulla bağlı ümumiyətlə heç bir aidiyəti yoxdur. Belə ki, Vüqarın qardaşı mal-materiallarla bağlı və torpaqla bağlı qarşı tərəflərlə işləmişdir. Sonradan onun qardaşının barəsində cinayət işi başlanılmışdır. Sonradan onlar Vüqara demişlər ki, onun qardaşının 120000 manat borcu vardır, həmin borcu o ödəyəcəkdir. Belə ki, cinayət işi gedən zaman onlar zərərçəkmiş kimi tanınmamışlar. Qarşı tərəflərin müstəntiqlə yaxşı münasibəti olmuşdur. Əslində polis şöbəsində 5000 manat formal qaydada vermişlər ki, borcun etirafı kimi görünsün. X16 pulu notariusun depozitinə qoyum, lakin sonradan özü götürmüşdür. İddiaçı pul qoyulan zaman orda olmamışdır. Depozitə pul qoyulan zaman İddiaçı iştirak etməmişdir. Ona görə də, ilk iddianın rədd edilməsi, 17 mart 2023-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və 5000 manat məbləğində pulun alınaraq Cavabdeh verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, aşağıda qeyd edilən xüsusatlara və mötəbər sübutlara əsasən hesab edir ki, ilk iddia əsaslıdır, məhkəmə tərəfindən tam həcmdə təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Mülki işə Bakı şəhəri 11 saylı Notarusunda bağlanmış 17 mart 2023-cü il tarixli “Kredit Müqaviləsi” əlavə edilmişdir. Həmin “Kredit Müqaviləsi”-nin sonunda Cavabdeh qələmlə borcun mahiyyəti ona izah olundu, borcu qaytarmadiği təqdirdə notarusun icra qeydinə əsasən borcun tutulmasi barədə qanunun tələbləri ona izah olundu - kimi qeyd yazmışdır. Bundan əlavə olaraq Nərimanov RPİ-də material şəklində iş araşdırılan vaxt izahatında iddiaçıya 120.000 manat borcunun olduğunu ərizəsində etiraf etmiş, eyni zamanda həmin vaxt maddi sıxıntılarının olduğunu etiraf etmiş və 5000 manat məbləğində pulu borcundan ödəyə bildiyini bildirmişdir. Nərimanov RPİ-də “maddi ziyanın ödənilməsi barədə” 16 aprel 2024-cü il tarixli “protokol” tərtib edilmiş həmin protokolda da cavabdeh borcundan 5000 manat ödədiyini etiraf etmiş və sonda imzası ilə təsdiqləmişdir. Məhkəmə sorğusuna əsasən məhkəməyə daxil olmuş notariat işində olan ərizədən də görünür ki, Cavabdeh müqavilənin təsdiq olunması üçün 120000 manat pulun depozitə qəbul edilərək ona verilməsini xahiş etmişdir. Məhkəmənin qərardadına əsasən "xxxx" ASC tərəfindən təqdim edilmiş məxaric çekindən görünür ki, 120000 manat məbləğində pul Cavabdeh tərəfindən şəxsən qəbul edilmişdir. Sübutlardan göründüyü kimi Kredit Müqaviləsinin sonundakı cavabdeh tərəfindən qələmlə öz xətti ilə borcu etiraf edilmiş, Nərimanov RPİ-də qardaşının iddiaçıya olan borc öhdəliyini öz üzərinə götürdüyünü, qarşılıqlı iddia ərizəsində isə ümumiyətlə fərqli izahat verərək torpaq alqı-satqısına dair aralarında sövdələşmə olduğunu bildirmişdir. Hesab edir ki, cavabdehin Nərimanov RPİ-də və qarılıqlı iddia ərizəsində qeyd etdiyi nüanslar məhkəmə tərəfindən səmimi hesab edilə bilməz. Qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi şəxsiyyət vəsiqəsində və ərizəyə əlavə edilən şəxslərin (şəxsiyyət vəsiqələrinin) mülki işə heç bir aidiyyatı yoxdur, məhkəməninin diqqətini yayındırmaq məqsədi ilədir. Hesab edri ki, cavabdehin iddiaçıya hal-hazırda 115000 manat borcunun olması mötəbər sübutlarla və özünün dəfələrlə etiraf edici izahatları ilə tam sübuta yetirilir, heç bir əlavə araşdırma və sübuta zərurət yoxdur. Məhkəmə araşdırmasının tamamlanmasına etiraz etmir. Ərizədə yazdıqlarını çıxış kimi qəbul edilməsini xahiş edir. İddia tələbini müdafiə edir. İddia tələbinin əsaslı olduğu üçün tam təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəbdən mülki işin baxış iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və göndərdiyi ərizələrin onun izahatı və çıxışı kimi qəbul edilərək mülki iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə ünvanladığı ərizədə üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə iclasını başqa vaxta təxirə salınmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ilk və qarşılıqlı iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, notariat qaydasında təsdiq olunmuş 17 mart 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Nəsirov X12 Vüqar Əli oğluna 120.000 manat məbləğində pul vəsaitini borc vermiş, Cavabdeh isə həmin borcu 17 iyun 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan məxaric qəbzinin surətindən görünür ki, Kapital Bank ASC-nin hesabından Cavabdeh 120000 manat pul götürmüşdür. İş materiallarında olan nikah haqında şəhadətnamənin surətindən görünür ki, X1 Vəfa Məhərrəm qızı ilə 17 yanvar 2002-ci il tarixdə rəsmi nikahla evlənmişlər. İş materiallarında olan RX1071314 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 107 saylı binanın qarşısında 0.0162 ha sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq X4 49 il müddətinə icarəsindədir. İş materiallarında olan ********** qeydiyyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 107 saylı binanın qarşısında 0.0093 ha sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq X4 49 il müddətində icarəsindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maddi ziyanın ödənilməsi protokolundan görünür ki, Cavabdeh İddiaçı 120000 manat pul borcundan 5000 manat pul vəsaiti ödəmişdir. Cavabdeh həmin protokolda imza etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 11 sayl notariusun depozitinə 120000 manat pul qoymuşdur. İş materiallarında olan xx.xx.2023-ü il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 120000 manat məbləğində pulun ona borc verilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan 8İ-3666 saylı notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Nəsirov X12 Arif Əli oğlu tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən onunla barışmış və ona qarşı heç bir şikayəti yoxdur. İş materiallarında olan 8İ-3612 saylı notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X2 Arif Əli oğlu tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən onunla barışmış və ona qarşı heç bir şikayəti yoxdur. İş materiallarında olan, notariat qaydasında təsdiq olunmuş 17 mart 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, X3 Rövşən Rəşid oğluna ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1 ha torpaq sahəsininin 0.12 ha hissəsini 735000 manata satmışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-213/2023 saylı hökmdən görünür ki, X20 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş 05 il 06 ay müddətinə mərhum etmə cəzasına məkhum olunmuş, barsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 01 il sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiq olunmuş 17 mart 2023-cü il tarixli borc müqaviləsinə əsasən Nəsirov X12 Vüqar Əli oğluna 120.000 manat məbləğində pul vəsaitini borc vermiş, Cavabdeh isə həmin borcu 17 iyun 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh hazırki tarixədək cəmi 5000 manat pul qaytarmış və həmin borc müqavilə üzrə 115000 manat borcu qalmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verə nə qaytarmağı öhdəsinə götürür. «N.Əbilovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli Qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli Qərardadının 39-cu bəndində məhkəmələrə izah edilmişdir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq” əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Mülki işin məhkəmə tədqiqi zamanı ilk İddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh ilə aralarında borc müqaviləsinin bağlanmasını və 120000 (yüz iyirmi min)manat məbləğində pul vəsaitini Cavabdeh borc verməsini, həmin məbləğin depozit hesabına qoyulması və Cavabdeh tərəfindən imza edilərək götürülməsini, 17 mart 2023-cü il tarixdə notariat qaydasında təsdiq olunmuş borc müqaviləsini və digər sənədləri təqdim etməklə sübuta yetirsə də, ilk iddia üzrə Cavabdeh iddia tələbinin əsassızlığına, eləcə də həmin məbləğdə pul vəsaitinin alınmamasına, yaxud borc alınsa da qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Lakin buna baxmayaraq, həmin borcdan 5000 manat qaytarmışdır. Buna görə də məhkəmə hesab edir ki, 17 mart 2023-cü il tarixli borc müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 115000 (yüz on beş min) manat məbləğində pul vəsaiti ilk iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh oğlu istər qarşılıqlı iddia ərizəsində, istərsə də ilkin iddia tələbinə etirazında İddiaçı ilə bağladıqları borc müqaviləsində pulu götüməməsini bildirsə də, həmin pul vəsaitini İddiaçı götüməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, ilk iddia tam təmin edildiyinə görə məhkəməyə ilk iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 405 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ilk iddiası təmin edilsin. Cavabdeh 115000 (yüz on beş min) manat pul və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 405 (dörd yüz beş) manat, cəmi 115.405 (yüz on beş min dörd yüz beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və əsassız əldə olunmuş 5000 manat məbləğində pulun geri qaytarılması” tələbi barədə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar