Məhkəmə qərarları › İş №e-2(023)-567/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-567/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-567/2025 19.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 930,29 (doqquz yüz otuz manat, 29 qəpik) manat əsas, 614,20 (altı yüz on dörd manat, 20 qəpik) manat faiz, 2.330,71 (iki min üç yüz otuz manat, 71 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 135,46 (yüz otuz beş manat, 46 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 60.11 (altmış manat, 11 qəpik) manat dövlət rüsumunun olmaqla cəmi borcu 4.010,66 manat pulun cavabdehlərdən nmüştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə illik 32% dərəcəsi ilə 5.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ********* nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 01 saylı Əlavə Sazişlərə əsasən Kreditin qalıq məbləği 4.925,83 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışıdr. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği konvertasiya edilmiş (1 USD=1.40 manat) 6.837,15 (altı min səkkiz yüz otuz yeddi manat, 15 qəpik) manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 16 % ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir xx.xx.2025-ci il tarixə Cavabdeh2kredit üzrə cəmi borcu 4.010,66 (dörd min on manat, 66 qəpik) manat təşkil edir. Bundan 930,29 (doqquz yüz otuz manat, 29 qəpik) manat əsas, 614,20 (altı yüz on dörd manat, 20 qəpik) manat faiz, 2.330,71 (iki min üç yüz otuz manat, 71 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 135,46 (yüz otuz beş manat, 46 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçı təşkilat cərimə borcunu çox hesablamışdır. Bundan başqa iddiaçı ilə 2015-ci il tarixli kredit müqaviləsi üzrə əlavə saziş bağlayaraq imzalamışdır. Sadəcə olaraq elə zənn etmişdir ki, 2022-ci il tarixdə iddiaçı ilə əlavə saziş bağlanılıb. Ona görədə məhkəməyə ərizə göndərib 2022-ci il tarixdə heç bir sazişə imza etmədiyini və ekspertiza təyin edilməsini xahiş etmişdir. Sonda iddianın mahiyyəti ona aydın olduğu üçün cərimə borcunun silinməsini və qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən tərəfindən borcalana 24 ay müddətinə illik 32% dərəcəsi ilə ödəmək şərti ilə 5.300 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 (zamin) arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* /ZM saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcverən ilə borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit Müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı Əlavə sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 4925,83 ABŞ dolları təşkil etmiş, kreditin müddəti xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir. Zaminlik Müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı Əlavə sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 4925,83 ABŞ dolları təşkil etmiş, kreditin müddəti xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişdən görünür ki, borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği konvertasiya edilmiş (1 USD=1.40 manat) 6.837,15 (altı min səkkiz yüz otuz yeddi manat, 15 qəpik) manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli müqavilə üzrə xx.xx.2025-ci il tarixə 930,29 manat əsas borc, 614,20 manat faiz borcu və 2.330,71 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 135,46 manat faiz borcu olmaqla, ümumilikdə 4010 manat borcu vardır. İş materiallarında olan Cavabdeh2 ərizəsindən görünür ki, hazırkı işdə o sonuncu dəfə ödənişi 2017-ci ildən əvvəl etmişdir. Sonuncu dəfə o 2019-cu il tarixdə banka çağırıblar və borcunun ödənildiyini bildiriblər. O tarixdən sonra nə banka getmiş, nə hər hansı bir sənəd imzalamışdır. İddia ərizəsində onun borcunun 10 fevral 2015-ci il tarixli kredit müqaviləsi əsasında yarandığı bildirilir. O iddia müddətinin tətbiqi barədə ərizə verdikdən sonra iddiaçı bu dəfə guya onunla kreditin restruksizasiyası barədə 2022-ci ildə yeni müqavilə bağlandığını bildirir. O, 2019-cu ildən sonra bankda olmamış və heç bir sənədi imzalamamış. Hesab edir ki, həmin sənəd saxtadır. Belə bir sənəd varsa, onu o imzalamamış. Bunu müəyyən etmək üçün ekspertiza təyin edilməlidir. Bu vəsatəti əvvəlki iclaslarda verməməyimin səbəbi isə odur ki, bank əvvəllər 2022-ci il tarixli kredit müqaviləsinə istinad etməyib. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qət etməyinizi xahiş etmişdir. İş materiallarında olan Cavabdeh2 ərizəsindən görünür ki, İddiaçı LPO İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı “Kredit borcunun qaytarılması barədə” iddia tələbi tam olaraq əsassızdır. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə ödənişləri tam olaraq vaxtında etmiş, onlara heç bir borcu qalmamışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, guya ki, onun iddiaçıya cəmi borcu 4.010,66 manatdır ondan 930,29 manat əsas, 614,20 manat, faiz, 2.330,71 manat, cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 135,46 manat faiz borcu” vardır. Əslində iddiaçı iddia müddətini itirmişdir. O 2019-cu il tarixdə borcunu tam şəkildə bağlamış və ona iddiaçı tərəfindən bildirilib ki, heç bir borcu yoxdur. Bu günlərdə iddiaçı təşkilatın nümayəndələri ona zəng edərək, borcunun hələ tam bağlanmadığını, banka gələrək barışıq sazişi bağlamağı, imkanı olanda borcu ödəməyi təklif ediblər. Hesab edir ki, iddiaçı da bilir ki, iddia müddətini ötürməklə məhkəməyə müraciət edib. Bir daha qeyd edir ki, o sonuncu ödənişi 2019-cu ildə etmişdir. Qeyd edilənləri nəzərə alaraq, hazırkı iddiaya 3 illik iddia müddətini tətbiq edərək, onun rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edirəm İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Sadalanan qanunvericilik normalarına və Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddia tələbinin digər Cavabdeh1 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, kreditor zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı xx.xx.2022-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də kreditorun zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə cavabdehzamin Cavabdeh1 aid hissədə iddia rədd olunmalıdır. Məhkəmə həmçinin nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 2.330,71 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 930,29 manat əsas borc, 614,20 manat faiz borcu və 1 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 135,46 manat faiz borcu olmaqla, ümumilikdə 1680,95 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə Cavabdeh2 iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək hesab edir ki, idia müddətinin tətbiqi barədə ərizə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə son öhdəliyin tarixi xx.xx.2022-ci ildir. Göründüyü kimi, iddia müddətinin 3 il hesablamaqla xx.xx.2025-ci il tarixə düşür, lakin iddiaçı təşkilat məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Bununla da iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 60,11 manat dövlət rüsumunun 36,80 manatı iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 930,29 manat əsas borc, 614,20 manat faiz borcu və 1 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 135,46 manat faiz borcu olmaqla, ümumilikdə 1680,95 manat məbləğində pul və 36,80 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim : Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar