Məhkəmə qərarları › İş №e-2(023)-620/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-620/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-620/2025 10.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı «kredit borcunun tutulması» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı ilə X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1031 saylı kredit müqaviləsi üzrə 1875 manat, faiz borcu 1265 manat, cəmi 3140 (üç min bir yüz qırx) manat borcun və ödənilmiş 51.40 manat dövlət rüsumunun onun hüquqi varisi olan Cavabdeh tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemliaktivləri (borcları) üzrə tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra – İddiaçı QSC) keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı X1 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da xx.xx.2018-ci il tarixli S-FK-GAZ-251 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 633 nömrəli kredit müqaviləsinə əsasən X2 istehlak məqsədi üçün 24 ay müddətinə illik 2 faizlə 3000 (üç min) manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə cavabdeh X3 tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. X3 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Qazax rayon İcra Hakimiyyəti Ağköynək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 18 fevral 2025-ci il tarixli 173 saylı arayışına əsasən X3 vəfat etdikdən sonra onun varisi Cavabdeh olmuşdur. X3 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1031 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc 1875 manat, faiz borcu 1265 manat, cəmi borcu 3140 (üç min bir yüz qırx) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli, 633 saylı müqaviləsinə əsasən X2 istehlak məqsədləri üçün 24 ay müddətinə illik 2 faizlə 3000 manat kredit verilmişdir. İş materiallarında olan ölüm haqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Qazax rayon İcra Hakimiyyəti Ağköynək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 18 fevral 2025-ci il tarixli arayışına əsasən X3 vəfat etdikdən sonra onun varəsəsi Cavabdeh və X5 olmuşdur. İş materiallarında olan İddiaçı QSC bank olmayan kredit təşkilatı tərəfindən verilmiş 18 fevral 2025-ci il tarixli arayışdan görünür ki, X1 borc müqaviləsi üzrə əsas borc qismində 1875 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1265 manat, cəmi 3140 manat məbləğində borcu hesablanmamışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2013-cü il tarixli, 633 saylı müqaviləsinə əsasən ödəniş ilk ayı xx.xx.2013-cü il ödəinişin sonuncu tarixi isə xx.xx.2015-ci il tarixə kimidir. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, Cavabdeh iddia müddətinin tədbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemliaktivləri (borcları) üzrə tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra – İddiaçı QSC) keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı X1 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da xx.xx.2018-ci il tarixli S-FK-GAZ-251 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X3 arasında bağlanmış xx.xx.2013cü il tarixli 633 nömrəli kredit müqaviləsinə əsasən X2 istehlak məqsədi üçün 24 ay müddətinə illik 2 faizlə 3000 (üç min) manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə cavabdeh X3 tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. X3 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Qazax rayon İcra Hakimiyyəti Ağköynək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 18 fevral 2025-ci il tarixli 173 saylı arayışına əsasən X3 vəfat etdikdən sonra onun varisi Cavabdeh olmuşdur. Lakin mülki işin məhkəmə tədqiq zamanı Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə tərəflər arasında olan mübahisəyə iddia müddətinin tətbiq olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Həmçinin həmin qərarda göstərilmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. «Viktor Ozerovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Avropa İnsan Hüquqları Məhkəməsi «Stanyo Belçikaya qarşı» işi üzrə 07 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunmuş iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Həmin Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. «C.Əzimovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 633 nömrəli kredit müqaviləsi üzrə kreditin icra müddəti xx.xx.2015-ci il tarixdə bitmiş və iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət olunmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə iddia müddətinin axımı kredit müqaviləsi üzrə kreditin icra müddətinin bitdiyi vaxtdan, yəni hazırki halda xx.xx.2015-ci il tarixdən hesablanmalıdır. Beləliklə, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər müddət (3 il) və həmin tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi 21 fevral 2025-ci il tarixə qədər müddət (6 il 07 ay 14 gün) olmasını nəzərə alınmaqla iddia müddəti hesablanarsa, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü müəyyən etmək olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkikdə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Məhkəmə əsas tələb üzrə iddia müddətinin keçməsini nəzərə alaraq, hesab edir ki, əlavə tələblər üzrə də iddia müddəti keçmişdir və iddia həmin hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı «kredit borcunun tutulması» barədə iddiası təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51,40 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı «kredit borcunun tutulması» barədə iddiası təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar