Məhkəmə qərarları › İş №e-2(023)-621/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-621/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-621/2025 12.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı Qapalı Səhmad Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmad Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə 12 may 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsində, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 128 BB saylı Restrukturizasiya müqaviləsi üzrə 1217,43 manat əsas, 41,13 manat faiz borcu olmaqla, cəmi 1258,56 manat borcun və ödənilmiş 32.58 manat dövlət rüsumunun onun hüquqi varisləri olan cavabdehlər X4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı QSC-nin Qazax filialı ilə X3 arasında xx.xx.2020-ci il tarixli 128 BB saylı Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 1334 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin Restrukturizasiya müqaviləsinin şərtlərinə cavabdeh X3 tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh Restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bakı şəhəri Yasamal rayonu Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 20 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Qazax Mənzil İstismar sahəsinin 12 fevral 2025-ci il tarixli 114/2025 saylı arayışına əsasən X3 vəfat etdikdən sonra onun varisləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 olmuşdur. X3 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 128 BB saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc 1217,43 manat, faiz borcu 41,13 manat, cəmi 1258,56 manat təşkil edir. Kredit müqaviləsinin şərtləri əhəmiyyətli dərəcədə pozulduğu üçün 1258,56 manat məbləğində borc ödənilməlidir. İddiaçı Qapalı Səhmad Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, iddia ərizəsində X1 adının yanlışlıqla yazıldığını bildirərək, X1 adının cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmad Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianını təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmiş və verdiyi izahatında göstərmişdir ki, qeyd olunan kredit müqaviləsindən onun məlumatı olmamışdır. Belə ki, o işləmək üçün Rusiya Federasiyasına getmişdir. Hazırda onun arvadı X3 vəfat etmişdir. Qeyd olunan kredit borcunu ödəməkdən imtina etmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, gəlməyən cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC BOKT (Borcverən) ilə X3 (borcalan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 128 BB saylı Restrukturizasiya Müqaviləsinə əsasən borcalan 1334 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2025-ci il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, X2 xx.xx.2020-ci il tarixli Restrukturizasiya müqaviləsi üzrə 1217,43 manat əsas, 41,13 manat faiz borcu olmaqla, cəmi 1258,56 manat təşkil edir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Qazax Mənzil İstismar sahəsinin 12 fevral 2025-ci il tarixli 5-58-13-17/2-114/2025 saylı arayışına əsasən mərhum X3 ölən günədək ünvan 1 ünvanında yaşamışdır, ölümündən sonra həyat yoldaşı - Cavabdeh1, oğlu Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 olmuşdur. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq güzəştli kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini cavabdehin vaxtı keçmiş kredit borcuna yönəltmişdir. Cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuş, müqavilə üzrə müəyyənləşdirilmiş faizlərin ödənilməsini ardıcıl olaraq gecikdirmişdir. Onun bankın qarşısında ümumilikdə 1258,56 manat məbləğdə icra edilməmiş pul öhdəliyi qalmışdır. X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Flora Hacıyeva öldükdən sonra onun ailə üzvləri, hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum X2 ölümündən sonra ailə üzvləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 faktiki olaraq ondan qalmış mirası qəbul etdiyindən, cavabdehlərin hər biri mərhumun öhdəliklərinə görə cavabdehlik daşıyırlar. Odur ki, iddia təmin edilməli, xx.xx.2020-ci il tarixli 128 BB saylı Restrukturizasiya müqaviləsi üzrə 1217,43 manat əsas, 41,13 manat faiz borcu olmaqla, cəmi 1258,56 manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 xx.xx.2020-ci il tarixli 128 BB saylı Restrukturizasiya müqaviləsi üzrə 1217,43 manat əsas, 41,13 manat faiz borcu olmaqla, cəmi 1258,56 (bir min iki yüz əlli səkkiz manat əlli altı qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 32,58 (otuz iki manat əlli səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmad Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar