Məhkəmə qərarları › İş №e-2(023)-877/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-877/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-877/2024 28.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi və Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması tələbi barədə” kiçik iddidalara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə dair mülki işə Qazax Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1.314,27 manat əsas, 129,70 manat faiz, 68 manat dəbbə pulu, cəmi 1.511,97 manat borc və dövlət rüsumu kimi ödənilmiş 36 manat pul vəsaitinin İddiaçı BOKT ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 dekabr 2022-ci il tarixli, 2022/00001EQ-4871 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 36 faizlə 2.000 manat kredit verilmişdir. Borclu verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında eyni tarixli zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən Cavabdeh3 və Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. Beləliklə, cavabdeh müqavilənin şərtlərini pozaraq ödənişi dövri olaraq ödəməli olduğu kreditin və kreditin faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Öhdəliyin yerinə yetirilməməsi nəticəsində borcluların iddiaçıya olan borcunun məbləği əsas borc üzrə 1.314,27 manat, faiz üzrə 129,70 manat, dəbbə pulu üzrə 68 manat olmaqla, ümumilikdə 1.511,97 manat təşkil edir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehdən məhkəməyə iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 dekabr 2022-ci il tarixli, 2022/00001EQ-4871 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 36 faizlə 2.000 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı BOKT ASC ilə Cavabdeh3 və Cavabdeh2 (zamin) arasında bağlanmış 16 dekabr 2022-ci il tarixli, 2022/00001EQ-Z4871 saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər borcverən ilə borcalan arasında bağlanmış 16 dekabr 2022-ci il tarixli, 2022/00001EQ-4871 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 16 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə borcu əsas məbləğ üzrə 1.314,27 manat, faiz borcu üzrə 129,70 manat, dəbbə pulu borcu üzrə 68 manat olmaqla, ümumilikdə 1.511,97 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM)-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd edilən Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 10.8-1-ci maddəsinə əsasən həmin Məcəllənin 284-5-ci maddəsində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmçinin MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 470, 472 və 567-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, lakin dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə istinad edərək hesab edir ki, dəbbə pulu azaldılaraq 5 (beş) manat məbləğində müəyyən edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 284-1 - 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1.314,27 manat əsas borc, 129,70 manat faiz borcu, dəbbə pulu kimi 5 manat olmaqla cəmi 1.448,97 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar