Məhkəmə qərarları › İş №e-2(023)-95/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-95/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-95/2025 07.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Cavabdeh iştirakı ilə, «X2» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı « kreditin, kredit faizinin və cərimənin ödənilməsi » barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «X2» ASC Cavabdeh qarşı xx.xx.2023-cü il tarixdə bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 8180,90 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1451,85 manat, cərimə qismində 77,92 manat, cəmi 9710,67 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 117,11 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «X2» ASC iddia ərizəsində göstərmişdir ki, "xxxx" KB ASC -nin xx.xx.2022-ci il tarixli bank xidmətlərini təqdim edilməsinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023-ci il tarixində xx.xx.2028 müddətinə illik 28,75 % ödəmək şərtilə 8600 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixində ərizə-anket imzalamaqla "xxxx" KBASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X1 5.9.1.8-ci bəndinə əsasən borcverən bumüqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıdaqeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin buşərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, maddi imkanı olmadığından kredit öhdəliyini yerinə yetirə bilməmişdir. Belkə ki, əvvələr hərbiçi kimi təqaüd alırdı, lakin təqaüdü dayandırıldığından borcunu ödəyə bilməmişdir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixdə bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta müqaviləsindən görünür ki, bu oferta üzrə müştəri banka məxsus mobil əlavə üzərindən və ya istənilən filiala yaxınlaşmaqla karta bağlı bir daimi bərkidilmiş hesab seçir. Bank tərəfindən xidmət aktivləşdirildikdən sonra müştəriyə mobil əlavə vasitəsi ilə və ya mümkün olan digər elektron üsullarla məlumat verildikdən sonra müştəri banka məxsus mobil əlavə və ya istənilən filiala yaxınlaşmaqla əlavə olaraq bir müvəqqəti bərkidilmiş hesab seçə bilər. Daha sonra, müştəri fərqli valyutadan istifadə etmək istədikdə mobil əlavə üzərindən hesabı manual olaraq dəyişərək əməliyyatlar edə bilər. Yalnız mobil tətbiqdə nəzərdə tutulan əməliyyatlardan bank tərəfindən texniki imkan yaradıldıqda digər elektron üsulla istifadə edilə bilər. Müştəri kartdan debet, kredit/kredit xətti, əmək haqqı kartı kimi istifadə etmək hüquq əldə edir. Həmçinin, kart müştəriyə nağd qaydada rəsmiləşdirilən kredit vəsaitinin əldə edilməsi üçün bir alət kimi (yəni POS/ATM terminaldan nağdlaşdırılmaqla) istifadə hüququ verir. Kartı ancaq debet kartı kimi əldə edən müştəri mobil tətbiq vasitəsi ilə kredit üçün müraciət edərsə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Asan-Finans dövlət portalından müştəri haqqında olan bütün məlumatların bank tərəfindən sorğu edilməsinə və məlumatların ötürülməsinə dair müvafiq sənədləri analoq imza vasitəsi ilə təsdiq edir. Bu oferta müştəriyə təqdim edilən kart əmanət üçün hesablanan faiz gəlirlərinin əldə edilməsi üçün istifadə edilə bilər. Bu oferta üzrə müştəri ilə bank arasında bütün münasibətlər yazılı qayda ilə yanaşı, internet, elektron poçt ünvanı, SMS və/vəya mobil əlavə vasitəsi ilə də tənzimlənə bilər. Tərəflər razılaşırlar ki, internet, elektron poçt ünvanı, SMS və/və ya mobil mobil əlavə vasitəsi ilə və bu müqavilədə nəzərdə tutulmuş istənilən digər qaydada təqdim edilən və təsdiq edilənlər onların həqiqi imzasının analoqudur. İşdə olan Cavabdeh tərəfindən «X2» ASC-yə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair X1 şərtlərini qəbul etmişdir. İş materiallarında olan «X2» ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh «X2» ASC-yə borcu ödənilməmiş əsas borc qismində 8180,90 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1451,85 manat, cərimə qismində 77,92 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, «X2» ASC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdə bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 8180,90 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 895,86 manat, cərimə qismində 27,21 manat, cəmi 9103,97 manat məbləğində pul vəsaitinin ödənilməsi təklif edilmişdir. Həmçinin Banka olan bütün borc məbləğini 3 iş günü müddətində ödəməklə bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etmək Cavabdeh təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, mülki iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə uyğun olaraq, Cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. «X2» ASC tərəfindən Cavabdeh borcun tam ödənilməsi xx.xx.2024-cü il tarixdə tələb edilmiş, həmin tarixə Cavabdeh «X2» ASC-yə borcu ödənilməmiş əsas borc qismində 8180,90 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 895,86 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc alana qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi «X2» ASC Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta müqaviləsindən xx.xx.2024-cü il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə Cavabdeh «X2» ASC-yə borcu ödənilməmiş əsas borc qismində 8180,90 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 895,86 manat təşkil etmişdir. Buna görə də Cavabdeh «X2» ASC-yə faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Digər tərəfdən «X2» ASC-nin Cavabdeh qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, «X2» ASC-nin Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 8180,90 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 895,86 manat məbləğində pul tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə əsassızdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 77,92 manat təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 8180,90 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 895,86 manat, cərimə qismində 5 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 8180,90 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 895,86 manat, cərimə qismində 5 manat, cəmi 9081,76 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 110,81 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «X2» Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh «X2» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borcun əvəzi qismində 8180,90 manat, faiz borcu qismində 895,86 manat, cərimə qismində 5 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 110,81 manat, cəmi 9192,57 manat məbləğində pul vəsaiti tutulsun. «X2» Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar