Məhkəmə qərarları › İş №e-2(023)-988/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-988/2023

09.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-988/2023 09.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 146.85 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının, ümumilikdə 327.25 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədilə 22 avqust 2005-ci il tarixli, ТР-057 saylı və 22 avqust 2011-ci il tarixli, TR-066 saylı teleradio üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsi qurub və vətəndaşların fərdi mənzillərinə kabel televiziyasının yayımlanması üçün onlarla müqavilə əsasında kabel xətləri çəkir. Son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “KATV1”-ə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısını almaq məqsədilə İddiaçı MMC tərəfindən "xxxx" hüquq firması ilə hüquqi yardım göstərilməsi haqqında müavilələr bağlanmışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MTK tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri Əhmədli yaşayış sahəsi, ünvan 1 mənzil Cavabdeh məxsusdur. xx.xx.2016-cı il tarixdə həmin ünvanda yaşayan X1 ilə İddiaçı MMC arasında “K@TV1” xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış və qeyd edilən ünvan “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulmuşdur. Son ödəməsini xx.xx.2017-ci il tarixində edərək, xx.xx.2017-ci il tarixdə 36 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2019-cu il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” Kabel Televiziyasının əməkdaşları sözügedən ünvandan kabel şəbəkəsinə baxış keçirərkən həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və bu barədə xx.xx.2018-ci il tarixli, 7144N saylı akt tərtib olunaraq, qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Sözügedən ünvana baxış keçirildiyi xx.xx.2018-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2019-cu il tarixədək olan müddət 445 gün təşkil edir. Bir aylıq abunə haqqını xx.xx.2015-ci il tarixədək 9 (doqquz) manat, xx.xx.2015-ci il tarixdən isə 10 manat olmasını nəzərə alaraq, müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 146.85 manat təşkil edir. İddiaçı MMC-ilə "xxxx" hüquq firması arasında bağlanılmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1–ci bəndinə əsasən hər bir məhkəmə üçün nümayəndəyə ödənilən məbləğ 150 manat təşkil edir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları çatdırılmış, lakin bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Cavabdeh məhkəməyə göndərdiyi ərizədə kiçik iddianın ləğv edilərək iddia icraatına keçirilməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, sonuncu dəfə ödəniş etdiyi zaman nəzarətçiyə kabel televiziya xəttindən artıq istifadə etməyəcəyini demiş və nəzarətçinin şəxsində razılıq əldə etmişdir. Həmin vaxtdan sonra da, xəttin abunəçisi deyildir. Həmçinin iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Odur ki, iddianın rədd edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Lakin, məhkəməyə göndərdiyi ərizədə Bakı şəhərində yaşadığını və iş rejiminin çətin olduğunu bildirərək işə onun iştirakı olmadan baxılmasınıa etiraz etmədiyini bildirmişdir. Həmçinin borc tələbinin əsas hissəsi olan 146 manat pulun ödənilməsi üçün ona hesab nömrəsi və vaxt verilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Əhmədli y/sahəsi, ünvan 1 mənzildə qeydiyyatsız yaşayır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 7144 Н saylı aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonu Babək pr. 94/10 ünvanında 60 saylı məzildə müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz qoşulma aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh məhkəmə iddiası üzrə "xxxx" MMC-yə 150 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri, Əhmədli y/sahəsi, ünvan 1 mənzildə yaşayan X1 arasında KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmış, abunəçi Kabel Televiziyası şəbəkəsinə qoşulmuş, xx.xx.2017-ci il tarixinədək son ödəməsini etmiş və xx.xx.2017-ci il tarixdə 36 manat borcla şəbəkədən ayrılmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, ünvan 1 ünvanda 7144 N saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2018-ci il tarixdə həmin binaya baxış keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2–ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə X1 Bakı şəhəri, Əhmədli y/sahəsi, ünvan 1 mənzilə KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Bənövşə Fərziyeva сon ödəməsini xx.xx.2017-ci il tarixində edərək, xx.xx.2017-ci il tarixdə 36 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2019-cu il tarixdə "xxxx" hüquq firmasının və KATV1 Kabel Televiziyasının əməkdaşları sözügedən ünvandan kabel şəbəkəsinə baxış keçirərkən həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və bu barədə xx.xx.2019-cu il tarixli, 7144N saylı akt tərtib olunaraq, qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Sözügedən ünvana baxış keçirildiyi xx.xx.2018-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2019-cu il tarixədək olan müddət 445 gün təşkil edir. Bir aylıq abunə haqqını xx.xx.2015-ci il tarixədək 9 (doqquz) manat, xx.xx.2015-ci il tarixdən isə 10 manat olmasını nəzərə alaraq, müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 146.85 manat təşkil edir. Məhkəmə, iş üzrə Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh İddiaçı MMC-nin zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi ilə bağlı üç il iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, hazırki iddia tələbi üzrə ümumi iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddia tələbinin xarakterindən görünür ki, tələb qanun pozuntusundan irəli gəldiyi üçün bu kimi münasibətlərə ümumi iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı MMC-nin zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi üzrə Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddiaçı hüquqi xidmətin göstərilməsi üçün "xxxx" MMC-yə 150 manat ödədiyindən iddia məhkəmə xərci hissəsində də, əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 146.85 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının, ümumilikdə 327.25 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM–nin 216–220, 227, 358– 360 və 362–ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 146.85 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının, ümumilikdə 327.25 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar