Məhkəmə qərarları › İş №e-2(024)-101/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-101/2025

11.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-101/2025 11.03.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə. İddiaçı Cavabdeh Haıcəhməd oğluna qarşı«ölçü işlərinin aparılmasına edilən maneələrin aradan qaldırılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Haıcəhməd oğluna qarşı «ölçü işlərinin aparılmasına edilən maneələrin aradan qaldırılmas» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Qax şəhəri, Vidadi küçəsində yerləşən daşınmaz əmlakla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-in Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 №li Şəki Ərazi İdarəsinin əməkdaşları tərəfindən aparılan ölçmə işlərinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri X1 vərəsəsidir. Belə ki, miras qoyan X4 30 dekabr 2005-ci ildə vəfal etmişdir. Onun aşağıdakı vərəsələri olmuşdur. Arvadı-İddiaçı və qızı X6. Göründüyü kimi o və qızı mərhum ərinin yeganə vərəsələridir. Uzun müddətdir ondan miras qalmış əmlakla (həyətyanı sahə və fərdi-yaşayış evi) ilə bağlı vərəsəlik işlərinə başlamışdır. Bütün sənədəri toplayaraq miras qalmış əmlakla bağlı vərəsəlik işlərinin başlanması üçün ərizə ilə notariat ofisinə müraciət etmişdir. Daşınmaz əmlakın qeydiyyata alınması məqsədilə Notariat ofisi tərəfindən məktub verilərək 12 №li Şəki Ərazi İdarəsinə yönləndirilmişdir. Mərhum ərinin adına olan əmlaka hüquqlarının qeydiyyatı üçün müvafiq sənədəri 12 №li Şəki Ərazi İdarəsinə təqdim etmişdir. Həmin idarənin əməkdaşları tərəfindən miras əmlakı olan ərazidə ölçmə işəri aparılarkən cavabdeh şəxslər onlara maneə yaratmışdır. Nəticədə ölçmə işləri aparıla bilməmiş və miras əmlakı qeydiyyata alına bilməmişdir. Bundan sonra Qax rayon Məhkəməsinə müraciət olunaraq torpaq sahəsinin ölçülməsi ilə bağlı yaradılmış manə aradan qaldırılmış lakin evin ölçülməsi xahiş olunmamışdır. Qax rayon Məhkəməsinin 2(024)14/2024 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Qax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Yenidən çıxarışın verilməsi üçün 1 №li Şəki Ərazi İdarəsinə müraciət olunmuş həmin torpaq sahəsinin üzərində yerləşən fərdi-yaşayış evi ölçülmədiyi üçün birgə daşınmaz əmlak kimi qeydiyyata alınmalı olduğundan həmçinin cavabdehin bu dəfə evi ölçməyə manə yaratdığından daşınmaz əmlak çıxanşla təmin olunmamışdır. Bundan sonra 12 №li Şəki Ərazi İdarəsi 14 oktyabr 2024-cü il tarixli məktubla mübahisə olması səbəbindən qeydiyyatın aparılmasından imtina etmişdir. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və izahatında göstərmişdir ki, Cavabdeh heç bir hüququ yoxdur. Hüququnun olduğunu fikirləşsə belə, hər bir halda daşınmaz bu əmlak dövlət qeydiyyatına alınmalıdır, bu barədə reystrdən Çıxarış verilməlidir. İddiaçı mirasqoynaların vərəsəsi olması barədə Qax rayon notariat ofisindən arayışlar təqdim etmişdir. İddiaçı Reyestr Xidmətinə müraciət etmiş, Reyestr Xidməti cavabdehin yaratdığı maneə səbəbindən ölçmə işlərinin apara bilməmişdir. Bundan əlavə məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, eyni məsələ ilə bağlı torpağın ölçülməsi hissəsində Qax Rayon Məhkəməsinin başqa bir 02 fevral 2024-cü il tarixli qətnaməsi də mövcuddur. Həmin qətnamə torpağın ölçülməsinə yaradılan maneələrin aradan qaldırılması ilə bağlıdır. Lakin torpağın üzərində fərdi yaşayış evi vardır. «Daşınmaz Əmlakın Dövlət reyestri Haqqında Qanunun» 15-ci maddəsinə əsasən Reyestr imtina etmişdir ki, həm torpağı, həm də ev ikisi birlikdə qeydiyyata alınmalıdır. Reyestr Xidmətinin əməkdaşları evdə ölçmə işləri aparmaq istədikdə Cavabdeh buna maneçilik törədir. O hazırkı iddiasında ümumiyyətlə daşınmaz əmlakın ölçülməsinə yaradılan maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Torpaq sahəsinin plan və ölçü sənədi, hansı ki, Çıxarışın alınması üçün əsasdır, İddiaçı ərinin adınadır. Cavabdeh heç bir hüququ yoxdur ki, ölçmə işlərinin aparılmasına maneçilik törətsin. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: A№067436 №li Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarı ilə 900.03 kv.m torpaq sahəsi X2 verilmişdir. Qax Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qətnaməsindən görünür ki, Qax rayon AİK-in 02 №li, 30 dekabr 2007-ci il tarixli qərarı əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 900.03 kv.m torpaq sahəsinə DƏDRX-nin Qax rayon şöbəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 №li Şəki Ərazi İdarəsi tərəfindən ünvanlanmış 14 oktyabr 2024-cü il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin surətindən görünür ki, fərdi yaşayış evi üzərində ölçü işlərinin aparılmasına digər şəxs tərəfindən maneçilik törədildiyindən və 1121 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportuna aid dəyişikliklərin aparılması ilə bağlı ərazi idarəsinin arxiv materiallarında məlumat olmadığından, həmçinin ərazidə mübahisə olduğundan ərizənin icrası mümkün olmamışdır. Bu səbəbdən «Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun» 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Qax Rayon Notariat ofisinin 708 №li, 19 sentyabr 2024-cü il tarixli məktubunun surətindən görünür ki, ofisə təqdim edilmiş 04 iyun 2020-ci il tarixli 2V-60 №li vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı əri X1 qanun üzrə vərəsəsidir. Qax Rayon Notariat ofisinin 709 №li, 19 sentyabr 2024-cü il tarixli məktubunun surətindən görünür ki, ofisə təqdim edilmiş 04 iyun 2020-ci il tarixli 2V-60 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı əri X3 qanun üzrə vərəsəsidir. İş materiallarına əlavə edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X7 özünə məxsus əmlakı, onun harada və nədən ibarət olmasınndan aşlı olmayaraq o cümlədən Qax şəhəri, Vidadi küçəsində yerləşən evini oğlu X2 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Qax şəhəri, Vidadi küçəsində yerləşən fərdi yaşayış evi X5 məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətə yaradılan maneənin aradan qaldırılması ilə bağlıdır və qanunvericiliyin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İlk növbədə məhkəmə iddianın qaldırılması ilə bağlı iddiaçının subyektv hüququnun olub-olmamasına dair diqqətə çatdırır ki, İddiaçı mərhum X1 vərsəsi olmasına dair vərəsəlik hüququ haqqında şəhadətnamə mövcuddur. Odur ki, iddianın qaldırılması barədə İddiaçı subyektiv hüquqa malikdir. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin1 52.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ- əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyət hüququ əşya hüquqları institunun əsas və aparıcı sahəsidir. Mülkiyyət hüququ əşya hüquqları sisteminə daxil olsa da, öz məzmununa görə digər əşya hüquqlarından köklü surətdə fərqlənir. Hər şeydən əvvəl digər əşya hüquqları əşyanın mülkiyyətçisi olmayan şəxslərə mənsub ola bildiyi halda, mülkiyyət hüququ yalnız həmin əşyanın mülkiyyətçisinə mənsub ola bilər. Mülkiyyət hüquq münasibətləri cəmiyyətin iqtisadi-sosial həyatının təməlində dayanır və onun inkişafında mühüm rol oynayır. Mülki hüquq sistemində mülkiyyət hüququ öz qanuni mövqeyində bərqərar oldu. Şərh olunan maddədə göstərildiyi kimi, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Göründüyü kimi, mülkiyyət hüququnun yaranması üçün hər şeydən əvvəl şəxsin özünə mənsub əmlakı (əşyası) olmalıdır. Şübhəsiz ki, şəxsin müəyyən əmlakı olmalıdır ki, onunla hər hansı bir münasibətə girə bilsin. Əşyanın şəxsə mənsub olması isə onun iqtisadi mənada mənimsənilməsi ilə, huquqi mənada ona mülkiyyət hüququnun əldə edilməsi ilə baş verir. Hüquq elmində mülkiyyət hüququnun yaranmasının əsaslarını ilkin və törəmə deyə iki qrupa ayırırlar. Mülkiyyət hüququnun yaranmasının ilkin əsasına o hallar daxildir ki, əşya üzərində mülkiyyət hüququ əvvəllər heç kimə məxsus olmasın, ilk dəfə yaranmış olsun. Bu hallara yeni hazırlanmış əşyaya, emal əşyalara, yığılması hamıya müyəssər olan əmlaka, sahibsiz əmlaka, tapıntı əmlaka, dəfinəyə və s. üzərində mülkiyyət hüququnun əldə edilməsi aiddir. Mülkiyyət hüququnun yaranmasının törəmə üsuluna başqalarının mülkiyyət hüququ əsasında əmələ gələn hüquqlar aiddir. Bura milliləşdirilmə, özəlləşdirmə, əmlaka, miras əmlaka və s. mülkiyyət hüququnun yaranması, habelə müqavilələr üzrə mülkiyyət hüququnun əldə edilməsi halları aid edilir. Şərh olunan maddədə mülkiyyətçinin öz əmlakı üzərində istənilən məzmunlu sərəncam hüququ iki halda məhdudlaşır: qanunvericilikdə müəyyən edildiyi halda; başqa halda, o cümlədən mülkiyyətçinin iştirakçısı olduğu müqavilələr də nəzərdə tutulduğu halda. Əgər sərəncam hüququ qanunvericiliklə mülkiyyətçinin iradəsindən asılı olmayaraq məhdudlaşırsa, müqavilə ilə belə hüquq mülkiyyətçinin öz iradəsi ilə məhdudlaşır. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlüklə saxlanılır. Lakin əşyanın tətbiq edilməməsi və ya ona qulluq edilməməsi ictimai mənafelərə toxunarsa müəyyən hüquqi nəticələr yaranır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətin mühafizəsi və müdafiəsi məsələləri bir sıra hüquq sahələrində müəyyən edilmişdir. Mülkiyyət hüququnun pozulmasına görə mülki hüquqda müəyyən edilmiş əmlak məsuliyyəti, cinayət hüququnda müəyyən edilmiş cinayət məsuliyyəti və ya əmək hüququnda müəyyən edilmiş maddi məsuliyyət xəbərdaredici tədbirlər kimi şəxsləri başqalarının mülkiyyət hüququnu pozmaqdan çəkindirərək, mülkiyyətin mühafizəsinə xidmət edirlər. Lakin həmin normalar mülkiyyət hüququnun konkret pozuntusunu tətbiq edildikdə artıq mülkiyyətin müdafiəsi tədbirləri kimi çıxış edirlər. Şərh olunan maddə mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: mülkiyyət hüququnun tanınması; özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi maddədə nəzərdə tutulmuş bu üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyət hüququnun tanınması son dərəcə mühüm əhəmiyyətli hüquqi nəticələrə səbəb olan mülkiyyət hüququnun müdafiəsi üsuludur. Məhz mülkiyyətçinin müəyyən əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia viııdikasiya iddiası adlanır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının mərhum ərinin mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən müvafiq Çıxarış olmasa da, həmin torpaq sahəsinin ona verilməsini təsdiq edən ilkin sənəd hesab olunan torpaq sahəsinin planı və ölçü sənədi vardır. İddiaçı torpaq sahəsini və fərdi yaşayış evini adına keçirmək üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmiş, həmin orqanın əməkdaşları ölçmə işləri üçün torpağa baxış keçirmək istəsə də, cavabdeh buna imkan verməmişdir. Nəticədə miras qalmış torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Məhkəmə qeyd edir ki, iddiaçı adına sənədləşməsini tələb etdiyi torpaq sahəsi üzrə titul sahibliyə malikdir. Lakin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o mərhum atasından qalmış torpağı adına rəsmiləşdirə bilmir. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulur. Ona görə də, cavabdehin daşınmaz əmlakın dövlət reyestri xidmətinin nümayəndələrinə etdiyi qanunsuz müdaxilələrinə son qoyulmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddihüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №li qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. (5-ci bənd). Qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220-ci maddəsində göstərilən məlumatlar əks etdirməlidir (6.1-ci bənd). Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. (6.2-ci bənd) Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.(6.3-cü bənd). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulması ilə əldə edilmiş sübutlar məhkəmə qətnaməsinin əsasını təşkil edə bilməz. (6.4-cü bənd) Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər hüquqi aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. (6.5-ci bənd) Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ödədiyi 100 manat 40 qəpik dövlət rüsumu və xidmət haqqı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: Qax şəhəri, Vidadi küçəsində yerləşən daşınmaz əmlakla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-in Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 №li Şəki Ərazi İdarəsinin əməkdaşları tərəfindən aparılan ölçmə işlərinə Cavabdeh Hacıəhmed oğlu tərəfindən edilən maneələr aradan qaldırılsın. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 100 manat 40 qəpik dövlət rüsumu və xidmət haqqı Cavabdeh alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar