Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № e-2(024)-128/2025 04.02.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, 16 yanvar 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay üçün «250» manat sabit pul məbləğində müəyyən edilərək həmin məbləğdə alimentin və mediasiya sessiyası ilə bağlı ödədiyi «60» manatın Cavabdeh tutularaq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, özü ilə Cavabdeh arasında birgə evliliklərindən 16 yanvar 2009-cu il təvəllüdlü X2 adlı uşağı nadan olmuşdur. Sonradan tərəflər ayrılmış və uşaq iddiaçının himayəsində saxlanılmışdır. Qax Rayon Məhkəməsinin 29 avqust 2014-cü il tarixli, 2(024)261/2024 nömrəli qətnaməsinə əsasən uşaq iddiaçının himayəsinə verilmiş, həmçinin, Cavabdeh tərəfindən özünə, uşağın saxlanılması üçün hər ay 50 (əlli) manat alimentin ödənilməsi qərarı alınmışdır. Bildirmişdir ki, bir uşağa görə təyin edilmiş aliment məbləği indiki zamana görə çox azdır, uşağa baxmaq üçün kifayət etmir. Günü gündən uşağın tələbatları artır. Belə ki, uşaq normal qaydada yeməli, müalicə olunmalı, paltarla təmin olunmalı, təhsili və uşaqların dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Hər il əvvəlki illərə nisbətən hər şeyin qiyməti, ümumiyyətlə yaşayış paketi artmışdır. Belə bir vəziyyətdə uşağa baxmaq iddiaçı üçün maddi cəhətdən çox çətindir. Həmçinin, uşaq böyüdükcə onun tələbatları da artmaqda davam edir. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin artırılması tələbi ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və mediasiya prosesində iştirak etmişdir. Lakin, cavabdeh mediasiya sessiyasına gəlməmiş və mübahisənin mediasiya prossesində həll edilməsi mümkün olmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. İddiaçı elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək ərizəni müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılıb qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbi ilə əlaqədar etiraz ərizəsi ünvanlamışdır. Məhkəmə hesab edir ki, iddiaçının alimentin artırılmasına dair tələbi mahiyyət etibarı ilə indeksasiya xarakterli olduğundan hazırki iddia iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında mübahisələndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1 -ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə tərəfindən iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. «Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarının 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.»; Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid o lduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra «10» gün müddətində verilir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən «03» gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra «07» gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Qərardaddan şikayət vermiş şəxs şikayətdə qərardadadı nə üçün düzgün hesab etmədiyini göstərməli, yəni şikayəti əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməsinin Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262.4, 263-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı məhkəmə qərarı ilə təyin edilmiş sabit pul məbləğində alimentin indeksasiya edilməsi tələbi ilə məhkəmə qətnamələrinin icrası qaydasında Qax Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qax Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №e-2(024)-128/2025
Qax Rayon Məhkəməsi Qərardad — İş №e-2(024)-128/2025
04.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver