Məhkəmə qərarları › İş №e-2(024)-200/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-200/2024

14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-200/2024 14.03.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən olunmuş miqdarının artırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Qax rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(024)-259/2023 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılmasına, xx.xx.2009-cu il tarixdə doğulmuş X2 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, Azərbaycan Respublikası Qax rayonu, Zəyəm kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh hər ay hər bir uşağa 235 manat olmaqla, 470 manat sabit pul məbləğində alimentin ödənilməsinə, mediatra ödənilmiş 60 manat və vəkil xidmət haqqı 100 manat pulun cavabdehdən alınıb özünə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək işə özünün iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onların cavabdehlə birgə nikahlarından xx.xx.2009-cu il tarixdə “Onur” və xx.xx.2015-ci il tarixdə “Feyzulla” adlı övladları doğulmuşdur. Qax rayon Məhkəməsinin 26 aprel 2023cü il tarixli 2(024)-259/2023 saylı qətnaməsi ilə xx.xx.2009-cu il tarixdə doğulmuş X2 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa 170 manat olmaqla, 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə qərarı ilə təyin olunmuş aliment hal-hazırki tələblərə cavab vermir. Cavabdehin maddi imkanı yaxşıdır, yəni aliment ödəmək üçün kifayət qədər gəliri və imkanı vardır. Bütün bunlar onu deməyə əsas verir ki, o, hər uşağa hər ay 235 manat aliment verə bilmək iqtidarındadır. Ona görə də alimentin artırılması üçün yenidən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasənvalideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə tərəfindən alimentin sabit pul şəklində müəyyən edilərkən hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün uşağa hər ay 235 manat alimentin qət edilməsinə kifayət edər. Həmçinin, məhkəmə aliment qət edərkən nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaq üçün 235 manat məbləğində müəyyən edilmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(024)- 259/2023 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılmasına, xx.xx.2009-cu il tarixdə doğulmuş X2 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, Azərbaycan Respublikası Qax rayonu, Zəyəm kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh hər ay hər bir uşağa 235 manat olmaqla, 470 manat sabit pul məbləğində alimentin ödənilməsinə, mediatra ödənilmiş 60 manat və vəkil xidmət haqqı 100 manat pulun cavabdehdən alınıb özünə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, Qax rayon Məhkəməsi tərəfindən xx.xx.2009-cu il tarixdə doğulmuş X2 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün ondan hər ay hər bir uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, hazırda heç bir yerdə işləmir. İddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə maddi imkanı yol vermir. Hər uşaq üçün əlavə olaraq 10-15 manat verə bilər. Ona görə də, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə toplanmış materialları araşdıraraq belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qax rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(024)-259/2023 il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2009-cu il tarixdə doğulmuş X2 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı uşaqlar böyüdüyü üçün və xərcləri artdığı üçün uşaqların saxlanması üçün ödənilən alimentin miqdarının artırılması tələbi ilə hazırkı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki iş üzrə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycanda 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunda uşaqların saxlanması üçün 235 manat məbləğ müəyyən edilməsinə baxmayaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsi valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını müəyyən etmişdir. Belə olan halda uşağın saxlanması üçün nəzərdə tutulmuş 235 manat məbləğə də ümumilikdə hər iki valideynin öhdəliyi kimi yanaşılmalıdır. Həmin məbləğin bir valideynin üzərinə qoyulması cavabdehin maddi vəziyyətinə və Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Belə olan halda məhkəmə cavabdehdən uşağın saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə iddiaçının iddia ərizəsində tələb etdiyi vəkil xidmət haqqı 100 manat pulun cavabdehdən alınıb özünə verilməsinə dair hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı iddia ərizəsinin hazırlanması üçün vəkil xidmət haqqı olaraq ödədiyi 100 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndin əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyamnamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nigah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin qanunun 13-cü maddəsinə əsasən Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maliyyə vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin məcəlləsinin 78.1-ci maddəsinə uyğun olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il tarixdə doğulmuş X2 və xx.xx.2015ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı ödədiyi hər ay hər bir uşaq üçün 170 manat alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməli və alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmağa başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən “İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qeyd edilən hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, bir il ərzində ödəmənin məcmusu nəzərə alınmaqla cavabdehdən 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməli, iddiaçının mediasiya təşkilatına ödədiyi 60 manat məbləğ isə özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2009-cu il tarixdə doğulmuş X2 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı ödədiyi hər ay hər bir uşaq üçün 170 manat alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddiaçı mediasiya təşkilatına ödədiyi 60 manat məbləğ özünə aid edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar