Məhkəmə qərarları › İş №e-2(024)-252/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-252/2024

14.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-252/2024 14.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh və maraqlı tərəf "xxxx" ASC-nə qarşı “avtomobilə dəymiş maddi zərər tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı Cavabdeh və maraqlı tərəf "xxxx" ASC-nə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.1972-ci il tarixdə anadan olmuş Cavabdeh 2800 manat vurduğu maddi zərərin və 48 manat ödənilən dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Cavabdeh və maraqlı tərəf "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Cavabdeh və maraqlı tərəf "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, “SUBARU LEGACY” minik markalı **-ZV-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində yol nəqliyyat hadisəsi zamanı “MERCEDES BENZ E240” minik markalı **-HN-*** nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh yüksək sürətlə gəlib idarə etdiyi avtomobilə arxadan çırpılmışdır. Cavabdeh inzibati məsuliyyətə cəlb olunmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobili əzilmiş və ona 2800 manat maddi ziyan dəymişdir. Cavabdeh onun idarə etdiyi avtomobili özünün idarə etdiyi avtomobillə vurmasını və hadisənin necə baş verdiyini öz izahatında qeyd edərək etiraf etmişdir. Hadisənin törədilməsində Cavabdeh təqsirkardır. Yol hadisəsi zamanı avtomobilə ümumilikdə zərər dəymiş və avtomobilin hissələri yararsız hala düşmüşdür. Avtomobilə dəymiş ziyanla bağlı Zaqatala rayonunda fəaliyyət göstərən X1 məxsus “Avtomobillərə texniki xidmət sexindən akt alınmışdır. Həmin aktda açıq-aydın olaraq göstərilmişdir ki, avtomobilin hansı hissələri yararsız hala düşmüş, onların dəyəri neçə manat təşkil edir, eyni zamanda avtomobili təmir etmək üçün usta xərcləri neçə manat təşkil edir. Avtomobilə dəymiş zərər cəmi 2800 manat təşkil edir. Həmin zərəri ödəmək üçün sığorta şirkəti dəfələrlə çağırılmağına baxmayaraq gəlməyib və heç bir cavab da vermir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən xx.xx.1972-ci il tarixdə anadan olmuş Cavabdeh 2800 manat vurduğu maddi zərərin və 48 manat ödənilən dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, “SUBARU LEGACY” minik markalı **-ZV-*** dövlət nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, “MERCEDES BENZ E 240” minik markalı **-HN-*** dövlət nişanlı avtomobil X4 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP-6212545 saylı inzibati tənbeh vermə barədə qərardan görünür ki, sürücü Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş X1 məxsus “Avtomobillərə texniki xidmət sexi”nin verdiyi 9 yanvar 2024-cü il tarixli 41 saylı rəyindən görünür ki, “SUBARU LEGACY” minik markalı **-ZV-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci 2800 manat təşkil edir İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/2866 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Avtomobillərə Texniki Xidmət Sexi” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 41 nömrəli zərər aktında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Subaru Legacy” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərcləri təxminən 2700 (iki min yeddi yüz) manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 15 may 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 48 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, iddiaçı Əliyev X3 rayonu Sumaylı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Ləkit kəndində qeydiyyatdadır. İş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh idarə etdiyi “MERCEDES BENZ E240” minik markalı **-HN-*** nömrə nişanlı avtomobil İddiaçı məxsus avtomobillə toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh inzibati məsuliyyətə cəlb olunmuşdur. Cavabdehin barəsində xx.xx.2024-cü il tarixli, TP-6212545 saylı inzibati tənbeh vermə barədə qərar tərtib edilmiş və Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat inzibati cərimə edilmişdir. İddiaçı Cavabdeh 2800 manat vurduğu maddi zərərin və 48 manat ödənilən dövlət rüsumunun alınaraq ona ödənilməsini xahiş etmişdir. Maraqlı tərəf "xxxx" ASC məhkəməyə vəsatət təqdim edərək iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş və məhkəmə tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, həmin ekspertizanın xx.xx.2024-cü il tarixli 9/2866 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə “Avtomobillərə Texniki Xidmət Sexi” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 41 nömrəli zərər aktında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Subaru Legacy” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri təxminən 2700 (iki min yeddi yüz) manat təşkil etmişdir. Beləliklə məhkəmə iş materiallarına, işin faktiki hallarına və iddiaçının izahatına hüquqi qiymət verərək və keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “Subaru Legacy” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2700 (iki min yeddi yüz) manat maddi ziyan dəyməsi sübuta yetirilmişdir. Bundan başqa iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 48 (qırx səkkiz) manat dövlət rüsumu ödəmişdir. İddianın təmin edilmiş hissəsinə uyğun olaraq 47 (qırx yeddi) manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməli, dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Eyni zamanda 50 (əlli) manat ekspertiza xərci cavabdehdən alınıb müvafiq hesaba ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi ziyana görə 2700 manat pul və iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 47 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iş üzrə 50 manat ekspertiza xərci Cavabdeh alınıb müvafiq hesaba ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 2700 manat pul və iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 47 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh 50 manat ekspertiza xərcin alınıb (Büdcə təsnifatının kod- 142595, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X2, kodu 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab- AZ34CTRE********************) saylı hesaba ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar