Məhkəmə qərarları › İş №e-2(024)-527/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-527/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-527/2025 09.09.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə. İddiaçı ASC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı oğluna «kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Qax şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı ASC-i cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, İddiaçı ASC-in xeyrinə 18.999.60 manat məbləğində əsas borcun, 812.23 manat məbləğində faiz borcunun, cəmi 19.811.83 manat borcun və 151 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC-i arasında bağlanmış 03 noyabr 2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24% olmaqla 30.000 manat məbləğində kredit vermişdir. Hazırda borclu «Ödəniş cədvəli»nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin «hüquqi şəxslərin qeydiyyatı barədə reyestr»dən çıxarış əlavə edilmişdir. Borclu Cavabdeh2 (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhədliklərin icrası üçün borclu Cavabdeh1 ilə birlikdə məsuliyyət daşıyır və kredtin qaytarılması ilə bağlı Cavabdeh1 aid bütün öhdəliklər icra edilməldir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh1 ilə İddiaçı ASC-i arasında bağlanmış 03 noyabr 2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24% olmaqla 30.000 manat məbləğində kredit vermişdir. Hazırki kredit müqaviləsinə Cavabdeh2 zamin kimi cəlb olunmuşdur. Hazırda borclu «Ödəniş cədvəli»nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Hazırda borcluların banka olan borcu 18.999.60 manat məbləğində əsas borcun, 812.23 manat məbləğində faiz borcu və tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 151 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 03 noyabr 2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 24% olmaqla 30.000 manat məbləğində kredit vermişdir. «Ödəniş cədvəli»ndən görünür ki, Cavabdeh1 hər ay 1.176.99 manat ödəniş etməli idi. Maliyyə arayışından görünür ki, Cavabdeh1 24 sentyabr 2025-ci il tarixə banka 18.999.60 manat məbləğində əsas borcun, 812.23 manat məbləğində faiz borcunun, cəmi 19.811.83 manat borcu qalmışdır. İş materiallarında olan İddiaçı ASC-in 29 aprel 2024-cü il tarixli Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, cavabdeh kredit müqaqiləsinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə 18.999.60 manat məbləğində əsas borcun, 812.23 manat məbləğində faiz borcu yaranmışdır. Kredit borcunun dərhal ödənilməsi tələb olunmuş, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraicət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı ASC-i arasında bağlanmış 03 noyabr 2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24% olmaqla 30.000 manat məbləğində kredit vermişdir. Hazırda borclu «Ödəniş cədvəli»nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin «hüquqi şəxslərin qeydiyyatı barədə reyestr»dən çıxarış əlavə edilmişdir. Borclu Cavabdeh2 (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhədliklərin icrası üçün borclu Cavabdeh1 ilə birlikdə məsuliyyət daşıyır və kredtin qaytarılması ilə bağlı Cavabdeh1 aid bütün öhdəliklər icra edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi iş materiallarında olan kredit müqaviləsi, maliyyət arayışı və digər əsaslı və mötəbər sübutlarla sübuta yetirilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki hüquq anlamında öhdəliyi başqa hüquq sahələrinə aid olan hüquq münasibətləri ilə qarışdırmaq olmaz. Məsələn, vergi ödəmək borcu əmlak xarakterli olsa da dövlətlə vətəndaş arasında hakimiyyət tabeliyi prinsipinə əsaslanır və ümumi hüquq münasibətidir. Mülki hüquq mənasında öhdəlik münasibətləri isə bərabər hüquqlu tərəflər arasında yaranan xüsusi hüquq münasibətidir. Öhdəlik konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Buna görə də şərh olunan maddədə konkret subyektlər arasında, yəni kreditorla borclu arasında iqtisadi xarakterli konkret hüquq münasibətləri nəzərdə tutulmuşdur. Beləliklə, öhdəliyin predmeti pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Öhdəliyin anlayışından göründüyü kimi, onun predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların, görülmüş işlərin, göstərilmiş xidmətlərin verilməsi üzrə borclu şəxsin davranışı təşkil edir. Öhdəlik konkret şəxslərin əmlak dövriyyəsində davranışlarını müəyyənləşdirir. Bazar iqtisadiyyatı və azad sahibkarlıq şəraitində mülki dövriyyə iştirakçıları arasında xüsusilə çoxsaylı öhdəlik hüquq münasibətləri yaranır. Mülki qanunvericilikdə nəzərdə tutulan çoxsaylı öhdəliklər müəyyən göstəricilər üzrə sistemləşdirilirlər. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilələrdən əmələ gələn, müqavilədənkənar öhdəliklər və qanundan əmələ gələn öhdəliklərə ayrılırlar. Məzmununa görə öhdəliklər əmlakın mülkiyyətə və sair əşya hüququna verilməsi, əmlakın istifadəyə verilməsi, işlər görülməsi üzrə, xidmətlər göstərilməsi üzrə və s. öhdəliklərə ayrılırlar. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunan maddədə göstərildiyi kimi öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır. Buraya öhdəliyin tamamilə icra edilməməsi ilə yanaşı, onun vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara yol verməklə və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməsi üzrə davranışı müqavilənin və qanunvericiliyin müddəalarına, bunlar olmadıqda işgüzar adətlərə və digər, adətən irəli sürülən tələblərə tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olur və öhdəliyin icra edilməməsi baş verir ki, bu da ciddi hüquqi nəticələrə səbəb olur. Bunlar barədə növbəti maddələrin şərhində geniş məlumat verilir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu özünün riski daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Borclu öz öhdəliklərinin hər bir təqsir pozuntusu üçün məsuliyyət daşıyır. Öhdəliyin təqsirli pozuntusu həm hərəkət, həmdə hərəkətsizlik nəticəsində baş verə bilər. Borclunun təqsiri isə həm qərəz, həmdə ehtiyatsızlıq formasında ola bilər. Borclu qərəz və ya kobud ehtiyatsızlıq nəticəsində öhdəliyin icra edilmədiyi üçün məsuliyyət daşımalı və onu məsuliyyətdən azad etmək olmaz. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik öhdəliyin icrasının təmin edilməsi üsülu kimi kreditorla borclunun arasında mövcud olan öhdəlik münasibətinə müqavilə əsasında üçüncü bir şəxsin qatılması kimi başa düşülür. Kreditorla bağladığı müqavilə əsasında zamin adlanan üçüncü şəxs borclunun kreditor qarşınıda onun öz öhdəliyin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun öz öhdəliyinin yerinə yetirəcəyinə təminat verərək zamin durmaq son dərəcəcə məsuliyyətli bir hərəkətdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun öz öhdəliyinin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh1 və X1 öz riski ilə müqavilə bağladıqlarından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyırlar. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclu yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Mülki Məcəllənin 421-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iddianın faizin ödənilməsi hissəsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, iddiaçı 24 sentyabr 2024-cü il tarixdə borcluya bildiriş göndərərək cavabdehdən sözü gedən müqavilə üzrə olan əsas borcunu və gecikmə günü üçün hesablanmış faiz borcunu qaytarmasını tələb etmişdir. Belə olan halda, kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 03 noyabr 2022-ci il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Mülki Məcəllənin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçının xeyrinə 18.999.60 manat məbləğində əsas borc və 812.23 manat məbləğində faiz borcu olmaqla, cəmi 19.811.83 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 151 manat tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-in xeyrinə 18.999.60 manat məbləğində əsas borc və 812.23 manat məbləğində faiz borcu olmaqla, cəmi 19811.83 manat borc və dövlət rüsumu 151 manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar