Məhkəmə qərarları › İş №e-2(024)-593/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-593/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-593/2024 02.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax Rayon Məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu, İddiaçı «Bank Respublika” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbinə dair” kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d ı̇ İddiaçı «Bank Respublika” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 2186.23 manat əsas borc, 612.59 manat faiz borcu olmaqla, cəmi 2798.82 manat borcun və 47.99 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «Bank Respublika” ASC ilə bağlanmış 37021***-*******02L saylı xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsinə əsasən cavabdeh X2 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən X2 29 ay müddətinə illik 17.1% dərəcəsi ilə (aylıq 169.4 manat olmaqla hər ayın 2-dək ödənilmək şərtilə) 4000 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklər vaxtında və lazımı qaydada icra edilməmişdir. X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Qax rayon İcra Hakimiyyəti Başçısının Ləkit kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-57-18/2-28/2024 saylı məktubundan müəyyən edilir ki, mərhum X2 məxsus olan 0.39 ha pay torpaq sahəsində və 0.12 ha həyətyanı torpaq sahəsində olan təsərrüfatı onun arvadı Cavabdeh2 və mərhumun oğlu Cavabdeh1 tərəfindən idarə və istifadə olunur. İş materiallarından göründüyü kimi mərhum borcalanın arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 vərəsəliyi faktiki olaraq qəbul etmişlər. Cavabdehlərə dəfələrlə şifahi və rəsmi (pretenziya) müraciət etməylərinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Cavabdehlərin xx.xx.2024-cü il tarixə iddiaçı banka 2186.23 manat əsas borc, 612.59 manat faiz borcu olmaqla, cəmi 2798.82 manat borcu qalmaqdadır. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişlər. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmçinin ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2024-cü il tarixdə məhkəmə cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. SX030270593AZ seriya nömrəli və SX030270602AZ seriya nömrəli xəbərnamələrdən görünür ki, məhkəmə bildirişləri xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən şəxsən qəbul edilmişdir. Cavabdehlər həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Mülki-Prosesual Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə, cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Bank Respublika” ASC ilə X3 arasında bağlanmış 37021***-*******02L saylı xx.xx.2021-ci il tarixli əsas kredit limiti razılaşmasından görünür ki, cavabdehə 29 ay müddətinə illik 17.1% dərəcəsi ilə (aylıq 169.4 manat olmaqla hər ayın 2-dək ödənilmək şərtilə) 4000 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X1 banka 2186.23 manat əsas borc, 612.59 manat faiz borcu olmaqla, cəmi 2798.82 manat boru mövcuddur. İşdə olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. ASAN ödəniş sistemindən əldə edilmiş qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 47.99 manat dövlət rüsumu ödənilmişdir. AZ-İİ № 246755 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci ildə ölmüşdür. Qax RİHB-nın Ləkit kənd İƏDÜN-nin verdiyi 03 iyul 2024-cü il tarixli № 5-57-18/2- 27/2024 nömrəli arayışdan görünür ki, mərhum Ləkit kənd sakini X2 və ailəsinə məxsus olan 0.39 ha pay torpaq sahəsini və 0.12 ha həyətyanı torpaq sahəsində olan təsərrüfat arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 tərəfindən idarə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə istifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Həmin qərardan da göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi borclunun ölümü halında onun hüquq və vəzifələrinin universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçməsini, kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmədiyini və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməli olmasını göstərmişdir. Borclu mərhum X1 öhdəliklərini onun vərəsələri – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 icra etməli olduğundan iddiaçı onlara qarşı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla X3 arasında 37021***-*******02L saylı xx.xx.2021-ci il tarixli kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 29 ay müddətinə illik 17.1% dərəcəsi ilə (aylıq 169.4 manat olmaqla hər ayın 2-dək ödənilmək şərtilə) 4000 manat məbləğində kredit vermişdir. X3 xx.xx.2022-ci ildə ölmüşdür. Göründüyü kimi mərhum borcalanın arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 vərəsəliyi faktiki olaraq qəbul etmişlər. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öhdəliklərinə əməl etməmiş və nəticədə onların banka 2186.23 manat əsas borc, 612.59 manat faiz borcu olmaqla, cəmi 2798.82 manat məbləğində borcu yaranmışdır. Həmçinin Qax RİHB-nın Ləkit kənd İƏDÜN-nin verdiyi 03 iyul 2024-cü il tarixli № 5-57-18/2-27/2024 nömrəli Arayışdan müəyyən olundu ki, mərhum Ləkit kənd sakini X2 və ailəsinə məxsus olan 0.39 ha pay torpaq sahəsi və 0.12 ha həyətyanı torpaq sahəsində olan təsərrüfat arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 tərəfindən idarə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Həmin Məcəllənin 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə kiçik iddialara dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə qiymət verərək hesab edir ki, vərəsələr Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021ci il tarixli 37021***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən 2186.23 manat əsas borc, 612.59 manat fazi borcu olmaqla, cəmi 2798.82 manat məbləğində pul vəsaiti alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia tələbi təmin edildiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 47.99 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən alınaraq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d ı̇ : İddia tələbi təmin edilsin. xx.xx.2021-ci il tarixli 37021***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2186.23 (iki min bir yüz səksən altı manat iyirmi üç qəpik) manat əsas borc, 612.59 (altı yüz on iki manat əlli doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 2798.82 (iki min yeddi yüz doxsan səkkiz manat səksən iki qəpik) manat borc və 47.99 (qırx yeddi manat doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı «Bank Respublika” ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qax rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar