Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-597/2024 19.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh B/2226 saylı Kredit müqaviləsi üzrə 4480 manat əsas, 672 manat faiz, 395 manat cərimə, ümumilikdə 5547 (beş min beş yüz qırx yeddi) manat məbləğində borcun, həmçinin məhkəmə üçün ödənilmiş 75.47 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KREDİT SERVİS BOKT" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə B/2226 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, kreditor ümumi məbləği 26200 (iyirmi altı min iki yüz) manat olan borc pulu 24 ay müddətinə kredit alana verir. Müqavilənin 2.2-ci bəndinə əsasən, borclu bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarmağı öz öhdəsinə götürmüşdür. Müqavilə bağlanan andan Cavabdeh üzərinə götürdüyü öhdəliyin məsuliyyəti ona izah edilmişdir. Məsuliyyətin izah edilməsinə baxmayaraq, borclu krediti götürdüyü tarixdən etibarən aylıq verməli olduğu kredit borcunda müəyyən gecikmələr olmuşdur. Borclu ilə əlaqə saxlamalarına baxmayaraq bu günə qədər borclu tərəfindən kredit borcu ödənilməmişdir. Borclunun "xxxx" MMC-yə cari dövrdə kredit müqaviləsi öhdəlikləri üzrə xx.xx.2024-cü il tarixinə 4480 manat əsas, 672 manat faiz, 395 manat cərimə, ümumilikdə 5547 (beş min beş yüz qırx yeddi) manat borcu yaranmışdır. Azərbaycan Respublikasının qanunverciliyinə görə müqavilə şərtləri bu müqaviləni bağlayan tərəflər üçün icrası məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Lakin, B/2226 saylı Kredit müqaviləsinə əsasən borclunun ödəniş planı üzrə ödənişi vaxtında və lazımi qaydada etmədiyinə görə, ödəniş planı üzrə ödənilməli məbləği nəzərdə tutulmuş qaydalara əsasən ondan tələb etmək məqsədə uyğundur. Borcluya dəfələrlə şifahi (telefonla) və rəsmi xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. Borclular müqavilələri imzaladığı andan etibarən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460-cı maddəsinə əsasən öhdəliklərin icrasının təmin edilməsi üzrə məsuliyyət daşıyırlar. Odur ki, hazırki tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində olmuşlar. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron qaydada ərizə göndərərək işə onların iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə işə iddiaçının etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında göstərdi ki, iddiaçıdan pul yox avtomobil götürmüşdür. İddiaçılarla, kredit servisin işçiləri ilə işdən əlavə birbaşa münasibətləri olmuşdur. Yəni şəxsi münasibətləri, onların qapısına gedib-gəlmə və s. kimi münasibətləri var idi. O, iddiaçı təşkilatdan avtomobil götürmüşdür. Sənədləri də maşın aldığı üçün imzalamışdır. Həmiş şirkətin işçiləri kredit müqaviləsi yazılan sənədə qol çəkdiriblər. Özünə deyiblər ki, 3 yerə imza etsin, maşını hazırdır, götürüb getsin. İddiaçıdan ümumilikdə bu vaxta kimi 13 ədəd avtomobil götürmüşdür. Hamısını da bu formada vermişlər. Avtomobilə servisin qarşısında baxılmış, onlar satıcı ilə öz işlərini həll etmiş, avtomobili öz adlarına rəsmiləşdirmiş, o da sənədə 3-4 yerə imza edərək avtomobili götürmüşdür. Yəni şəxsi münasibətləri olduğuna görə sənədləri oxumamışdır. Sənədə kredit müqaviləsi yazıblarsa deyə bilməz, ancaq o iddiaçıdan kredit götürməmiş, “Mercedes Vita” markalı avtomobil götürmüşdür. Onların problemi həmin avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verdikdən sonra başlamışdır. Sürücü həmin avtomobili Ağsu döngələrində aşırmışdır. Hər aldığı avtomobil üçün şirkət ondan 970 manat pul alıb avtomobilləri kasko sığorta etdirmişdir. Avtomobil qəzaya düşən zaman içərisində ciddi xəsarət alan olmuşdur. Kredit Servis BOKT MMC-nin əməkdaşları da demişlər ki, qəzanı onun adına rəsmiləşdirsinlər. Sonradan öyrənmişdir ki, əgər qəza onun adına rəsmiləşdirilməsəydi, şirkət böyük məbləğdə cərimə olunacaqdı. Ona görə də şirkət qəza edən sürücüyə etibarnamə yazmamışdır. Müraciət də etmiş, hələ də müdiri X1 etibarnaməni yazmamışdır. İddiaçıya müraciət etmiş, telefonla əlaqə saxlamış, ona yaxşı deyərək, lakin yenə də etibarnamə verməmiş, onların sürücüsü də etibarnamə olmadan avtomobili sürmüşdür. Belə olduğuna görə qəzanı onun adına rəsmiləşdirmişlər. Sonra isə bütün bunların cərimə məsələsinə görə olduğunu bilmişdir. Yenə də heç nə deməmişdir, çünki gecikdiyi üçün artıq cəza yazılmışdır. Qəza nəticəsində xəsarət alan şəxs ölmüş olsaydı, onu həbs edəcəkdilər. Hadisəni törədən sürücü isə hadisədən 10-15 gün sonra avtomobili təmir etdirəcəyini, ona dəyən ziyanı ödəyəcəyini bildirmişdir. 10-15 gündən sonra həmin şəxs kimə istəsə zəng etməyini, bir daha onu narahat edərsə DİN-nin 102 xidmətinə zəng edərək ona hədə-qorxu gəldiyini, onun özünü öldürmə həddinə çatdırdığını deyəcəyini bildirmişdir. Onun da çarəsi kəsilmiş, kaskonun pulunu götürüb borcunu ödəyəcəyini, qalan pula isə nəsə götürəcəyəni demişdir. Borcundan bir dəfə 3000 manat, bir dəfə isə 4000 manat ödəmişdir. Yekunda 4480 manat borcu qalmışdır. Bu zaman iddiaçıya pulunun olmadığını, avtomobillə qazanc əldə etdiyini deyərək sonra ödəyəcəyini bildirmişdir. Kasko sığorta tərəfindən avtomobilinə cəmi 6800 manat pul ayrılmışdır. Bununla bağlı sığorta şirkətinə müraciət edərək nə üçün ona 6800 manat pul ayrıldığını, onun avtomobilinin 28000 manat dəyərində olduğunu bildirmişdir. Şirkətdən ona bildirmişlər ki, onun avtomobili şirkət tərəfindən 18000 manat dəyərləndirilmiş və 60 faiz sığorta olunmuşdur, ona düşən pul bu qədərdir və problemini kredit təşkilatı ilə həll etsin. O, şirkətə müraciət edərək ondan kaskoya görə bir il üçün 970 manat olmaqla, 3000 manatdan artıq pul aldıqlarını, onun şirkətdən aldığı bütün digər 13 maşına görə də pul ödədiyini demişdir. 13 ədəd avtomobili 6 il ərzində almışdır. Yəni 6-12 aydan bir avtomil almış, idarə etmiş, sonradan sataraq gedib başqa avtomobili almışdır. Çünki avtomobillər hər gün Qax- Bakı istiqamətində gündəlik sürüldüyü üçün çox köhnəlirdi. Şirkətə müraciət edərək avtomobili kasko etdirdiklərini, kaskonun necə olduğunu, avtomobilə görə az miqdarda sığorta pulunun ödənildiyini bildirəndə demişlər ki, getsin kimə istəyir şikayət etsin, onlar bu cür yazmışlar. Bir neçə yerə müraciət etsə də nəticə olmamışdır. Yenidən şirkətə müraciət edərək münasibətləri olduğunu, 4480 manat pulun üzərindən xətt çəkmələrini və özünün də heç kimə şikayət etməyəcəyini demişdir. O, məhkəməyə müraciət edəcəkdir ki, bunlar ondan 29000 manata maşın alıblar, lakin 29000 manat dəyərində sığortalamayıblar ki, məbləğ çox -9700 manat pul tutacaq. Avtomobilə 18000 manat qiymət qoymuş, avtomobilin 60 faizini sığortalamışlar. Ona getməsini, məsələni həll edəcəklərini desələr də yola saldıqdan sonra özləri məhkəməyə müraciət etmişlər. İddiaçıdan kredit götürməmiş, maşın götürmüşdür. Qəbzlər olmasa da, əməkdaşların kart hesablarına pul göndərmiş, əlbəəl vermişdir. Onun avtomobili qəza törədənə qədər iddiaçının onu aldatdığını bilməmişdir. X2 Respublikasından avtomobil gətirən şəxslərdən almışdır. İddiaçıya aylıq 1464 manat kredit ödəmiş, 1465 manat yazdıqları sənəd də əslində doğru olmamışdır. Çünki həmin 1465 manat ödənişi “Toyota” markalı avtomobil üçün ödəmişdir. Qəza törədən avtomobil isə **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. İddiaçı digər avtomobilin sənədi ilə başqa avtomobilə görə iddia qaldırmışdır. İki ay ərzində dörd avtomobil qəzası olmuşdur. Axırıncı qəzada sığorta şirkəti gəlib yazmışdır ki, avtomobil tam yararsızdır. Həmin avtomobilin nömrəsi 805 olmuşdur. İddiaçı maşını aldıqdan sonra ona etibarnamə verirdi. Ödəniş edib qurtardıqdan sonra isə avtomobili öz adına rəsmiləşdirirdi. O da avtomobili satır, başqa nə işi varsa işini görür, yenə də iddiaçıdan avtomobil alırdı. Bütün bunlara baxmayaraq hazırda iddiaçıya 4480 manat borcu vardır. Kredit borcuna hesablanmış faiz və cərimə məbləğinə etiraz edir. Məhkəmədən xahişi odur ki, kredit məbləğinə hesablanan faiz və cərimə məbləğləri silinsin. Qalan məbləğ 4480 manat pul təşkil edir. İddianı qismən qəbul edir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixdə B/2226 saylı Kredit müqaviləsinin surətindən görünür ki, həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə 26200 (iyirmi altı min iki yüz) manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən, borclu bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarmağı öz öhdəsinə götürmüşdür. Kreditor "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 46 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixində bağlanmış B/2226 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə 4480 manat əsas, 672 manat faiz və 395 manat cərimə olmaqla, cəmi 5547 manat borcu vardır. xx.xx.2024-cü il tarixli “Asan Ödəniş” sistemindən əldə edilmiş çıxarışdan görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 75.47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 10 may 2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, cavabdeh tərəfindən 25.676.00 manat kredit məbləği qəbul edilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanan Xəbərdarlıqdan görünür ki, cavabdehdən 5 iş günü müddətində kredit təşkilatına olan ümumilikdə 5547 manat borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xatırladılmışdır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdeh Qax rayonu Qum kəndində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələb etmənin əsası kimi xx.xx.2023-cü il tarixli B/2226 saylı Kredit müqaviləsi dayanır. Məhz iddiaçı həmin Kredit müqaviləsini rəhbər tutaraq hazırda cavabdehdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə göstərir ki, öhdəlik hüquq münasibəti 3 quruluşdan ibarətdir: Öhdəliyin tərəfləri; Öhdəliyin məzmunu; Öhdəliyin obyekti; Öhdəliyin tərəfləri öhdəlik hüquq münasibətlərində çıxış edən iştirakçılardır. Bura səlahiyyətli şəxs - kreditor və debitor - borclu şəxs daxildir. Öhdəliyin məzmunu həmin öhdəlik hüquq münasibətlərinin hüquq və vəzifələridir. Yəni kreditorun tələb hüququ, borclunun isə müəyyən hərəkətləri etmək vəzifəsi başa düşülür. Öhdəliyin obyekti isə yalnız borclunun davranışıdır. Bu elementlərin hər hansı birinin mövcud olmaması öhdəlik hüquq münasibətinin olmaması deməkdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan xx.xx.2023-cü il tarixdə B/2226 saylı Kredit müqaviləsini Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamış və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka kredit borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuş və borcalanın kreditora borcu yaranmışdır. Onun borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən maliyyə arayışı təqdim edilmiş və həmin arayış ilə müəyyən edilmişdir ki, borcalanın kredit müqaviləsi üzrə 4480 manat əsas, 672 manat faiz və 395 manat cərimə olmaqla cəmi 5547 manat borcu vardır. Məhkəmə tərəfindən həmin arayış sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində deyilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış cərimə məbləğinin 10 (on) manat həddində müəyyən edilməsi tərəflərin əmlak vəziyyətinə və müqavilənin şərtlərinə uyğun olar. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4480 (dörd min dörd yüz səksən) manat əsas məbləğ üzrə, 672 (altı yüz yetmiş iki) manat məbləğində faiz borcu və 10 (on) manat cərimə olmaqla, cəmi 5162 (beş min bir yüz altmış iki) manat borcun alınaraq "xxxx" MMC-nə ödənilməsi qət edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 71.62 (yetmiş bir manat altmış iki qəpik) manat pulun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4480 (dörd min dörd yüz səksən) manat əsas məbləğ üzrə, 672 (altı yüz yetmiş iki) manat məbləğində faiz borcu və 10 (on) manat cərimə olmaqla, cəmi 5162 (beş min bir yüz altmış iki) manat kredit borcu alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş iddianın təmin edilmiş hissəsinə münasib olaraq 71.62 (yetmiş bir manat altmış iki qəpik) manatın əvəzi Cavabdeh alınaraq "xxxx" MMC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №e-2(024)-597/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-597/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver