Məhkəmə qərarları › İş №e-2(024)-656/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-656/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-656/2024 10.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızınını katibliyi ilə. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi” nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı QSC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 007R********** saylı kredit razılaşması üzrə 4186.14 manat kredit borcu, 844.82 manat faiz borcu və 256.18 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5287 (beş min iki yüz səksən yeddi) manat 14 qəpik məbləğində borcun, ödənilmiş dövlət rüsumuna görə 72.90 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, kreditor İddiaçı QSC ilə kredit alan Faxrətov Habil Məhərrəm oğlu və zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 007L**********61 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Faxrətov Habil Məhərrəm oğluna 120 (bir yüz iyirmi) ay müddətinə 100000 (bir yüz min) manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Faxrətov Habil Məhərrəm oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 007R********** saylı kredit sazişi- biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, illik faiz dərəcəsi 25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində məbləğində kredit götürmüşdür. Faxrətov Habil Məhərrəm oğlu uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Faxrətov Habil Məhərrəm oğlu götürdüyü kredit borcundan 813.86 manat ödəmiş, onun 4186.14 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qevd edilənlərə əsasən bildirir ki, Faxrətov Habil Məhərrəm oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 334 gün üçün hesablanmış faiz borcu 844.82 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 334 gün üçün hesablanmış cərimə 256.18 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Faxrətov Habil Məhərrəm oğlu vəfat etmiş, onun vərəsələrinin müəyyən edilməsi üçün dövlət orqanlarına sorğular verilmişdir. Sorğulara cavab olaraq mərhum Faxrətov Habil Məhərrəm oğlunun mülkiyyətində daşınar və daşınmaz əmlak müəyyən edilməmiş, həmçinin vərəsəlik işi açılmamışdır. Məlumat üçün bildirir ki, Faxrətov Habil Məhərrəm oğlu VÖEN-dən istifadə edərək "xxxx" QSC ilə xx.xx.2022-ci il tarixli 007L000002690 saylı uzunmüddətli kredit və təminat müqaviləsi bağladığından bank ilk əvvəl iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. X5 Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(l17)-1299/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Şəki Kommersiya Məhkəməsinin qərardadı onunla əsaslandırlmışdır ki, hazırki işdə iddiaçı ilə əsas borclu arasında yaranan mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmış olsa da, əsas borclu məhkəmədə iddia qaldırılmazdan əvvəl vəfat etmiş və cavabdeh qismində cəlb edilmiş zaminlər isə sahibkar deyildir. Ali Məhkəmənin Mülki kollegiyasının 18 sentyabr 2020-ci il tarixli Qərarının 13-cü bəndində qeyd edilmişdir ki, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bu səbəbdən bu xarakterli işlərə kommersiya məhkəmələri tərəfindən deyil, ümumi məhkəmələr tərəfindən baxılması qanuni və əsaslıdır. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xilam verilən vəzifələr sırasına aid edilmir. Göründüyü kimi, Faxrətov Habil Məhərrəm oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun zaminlərə qarşı tələb hüququ yaranması üçün əsasdır. Ona görə də, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi məhkəməyə gəlməmiş, elektron məlumat göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasına gəlmişlər. Məhkəmə işə İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdi və izahat verərək göstərdi ki, əri Faxrətov Habil Məhərrəm oğlu vəfat etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə ərinə, yəni borcalana zamin durmuşdur. Borc məbləğini bir dəfəyə ödəyə bilmir. Necə razılaşacaqlarsa, krediti aylara necə böləcəklərsə, ödəyəcəkdir. Borc məbləğindən maddi imkanı yol verdiyi qədər hissə-hissə ödəyəcəkdir. Faiz və cərimə borcu ilə razılaşmır. Əsas borcu ödəmək istəyir. Sonuncu dəfə əri vəfat etdikdən sonra iyun ayının 11-i və ya 12-si 210 manat ödəniş etmişdir. Aylıq ödəniş isə 201 manat təşkil edir. Faiz və cərimə borcunu ödəməmək şərti ilə qalan borcu ödəməyə razıdır. İddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki, iddia ərizəsi ilə tanış olmuşdur. Kredit borcunu ödəməyə maddi imkanı yol vermir. Yəni borcu ödəyə bilməyəcəkdir. Zamin dursa da nə qədər kredit məbləği götürülməsindən məlumatı yoxdur. Belə bir iş başına gələcəyini bilməmiş, əvvəlcədən bilmiş olsa idi zamin olmazdı. İddianın qəbul edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı QSC ilə kredit alan Faxrətov Habil Məhərrəm oğlu və zaminlər Cavabdeh1 və X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 007L**********61 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Faxrətov Habil Məhərrəm oğluna 120 (yüz iyirmi) ay müddətinə 100000 (bir yüz min) manat məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC ilə kredit alan Faxrətov Habil Məhərrəm oğlu arasında imzalanmış Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Faxrətov Habil Məhərrəm oğlunun İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 007R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanın surətindən görünür ki, həmin razılaşma əsasında 36 ay müddətinə, illik faiz dərəcəsi 25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. Verilmiş sorğu əsasında Qax rayon Notariat ofisinin ünvan 1 ünvanlandığı 26 fevral 2024cü il tarixli 127 nömrəli məktubun surətindən görünür ki, “Elektron Notariat” informasiya Sistemində aparılan yoxlama zamanı mərhum Faxrətov Habil Məhərrəm oğlunun barəsində Qax rayon Notariat ofisində vərəsəlik işinin açıldığı aşkar edilməmişdir. Verilmiş sorğu əsasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin iddiaçının nümayəndəsi, ünvan 2 ünvanlandığı 14 fevral 2024-cü il tarixli № 3-13- 16/2-24031/2024 nömrəli məktubun surətindən görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1973-cü il təvəllüdlü Faxrətov Habil Məhərrəm oğlunun adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. AZ-İİ № 334501 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Faxrətov Habil Məhərrəm oğlu xx.xx.2023-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 201 nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası DİN-nin BPMQİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 Qax rayonu Əmircan kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin BPMQİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 ünvan 3 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, cavabdehlərə iddiaçı qarşısında götürülmüş öhədliklərini icra etmələri barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Hökümət ödəniş portalı və ya AsanPay vasitəsi ilə ödənilmiş xx.xx.2024-cü il tarixli 65675610 nömrəli qəbzdən görünür ki, məhkəməyə müraciət etmək üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 72.90 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Faxrətov Habil Məhərrəm oğlunun, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 007R********** nömrəli xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 4186.14 manat məbləğində kredit borcu, 844.82 manat məbləğində faiz borcu və 256.18 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5287.14 (beş min iki yüz səksən yeddi) manat 14 (on dörd) qəpik məbləğində borcu vardır. Cavabdeh1 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 iddia tələbindən əsas borc məbləğini qəbul etdiyini və hissə-hissə ödəyə biləcəyini göstərmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin qismən edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və zaminlik müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələb etmənin əsası kimi xx.xx.2022-ci il tarixli 007L**********61 saylı uzunmüddətli kredit və təminat müqaviləsi dayanır. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə göstərir ki, öhdəlik hüquq münasibəti 3 quruluşdan ibarətdir: Öhdəliyin tərəfləri; Öhdəliyin məzmunu; Öhdəliyin obyekti; Öhdəliyin tərəfləri öhdəlik hüquq münasibətlərində çıxış edən iştirakçılardır. Bura səlahiyyətli şəxs - kreditor və debitor - borclu şəxs daxildir. Öhdəliyin məzmunu həmin öhdəlik hüquq münasibətlərinin hüquq və vəzifələridir. Yəni kreditorun tələb hüququ, borclunun isə müəyyən hərəkətləri etmək vəzifəsi başa düşülür. Öhdəliyin obyekti isə yalnız borclunun davranışıdır. Bu elementlərin hər hansı birinin mövcud olmaması öhdəlik hüquq münasibətinin olmaması deməkdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan xx.xx.2022-ci il tarixli 007L**********61 nömrəli kredit müqaviləsini Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh Habil Faxrətov isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehlərin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Nəticədə kreditorun qanunla qorunan hüquqları pozulmuş və borcalanın kreditora borcu yaranmışdır. Onun borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən kredit müqaviləsinin icrası barədə arayış təqdim edilmişdir. Həmin arayış əsasında müəyyən edilir ki, kredit müqaviləsi üzrə borcalanın xx.xx.2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə 4186.14 manat məbləğində kredit borcu, 844.82 manat məbləğində faiz borcu və 256.18 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5287.14 (beş min iki yüz səksən yeddi) manat 14 (on dörd) qəpik məbləğində borcu vardır. Məhkəmə tərəfindən həmin arayış sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Lakin kredit borcu ilə bağlı öhdəlik sübuta yetirilsə də, kredit götürən əsas borclu Habil Faxrətov vəfat etmişdir. Buna baxmayaraq Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xilam verilən vəzifələr sırasına aid edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edildiyi kimi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.” Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. X6 öldüyü üçün iddiaçı tərəfindən mərhumdan miras qalan daşınar və yaxud daşınmaz əmlakların olub-olmaması barədə aidiyyatı orqanlara sorğu verilmiş. lakin müəyyən olunmuşdur ki, onun mülkiyyətində heç bir əmlak yoxdur və notariat orqanında adına vərəsəlik işi açılmamışdır. Lakin bu hal Habil Faxrətovun kredit öhdəliklərinin xitam olunması üçün əsas deyildir və kredit müqaviləsi üzrə mərhumun üzərinə götürdüyü öhdəliklər tam olaraq icra olunmadığı üçün iddiaçının zaminlərə qarşı tələb hüququ yaranmışdır. Həmçinin Cavabdeh1 mərhum borcalan Habil Faxrətovun zamini olmaqla bərabər onun arvadıdır. İddiaçı tərəfindən haqlı olaraq yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına uyğun olaraq mirasın qəbulu ilə bağlı qanunvericiliklə nəzərdə tutulan müddətlərə əməl edilmiş və zaminlərə qarşı iddia qaldırılmışdır. Tələbin zaminlərə qarşı hissəsi ilə bağlı məhkəmə göstərir ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470-477-ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə zaminlikə bağlı mövqeyini daha da işıqlandıraraq göstərir ki, kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik - əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə göstərir ki, kreditor ilə zamin Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış müqavilənin zaminliklə bağlı müddəaları üzrə zaminlər, borcalanın kreditor qarşısında öhdəlikləri üçün onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Həmçinin müqavilədə “subsidiar” məsuliyyət nəzərdə tutulmadığından borcun müştərək qaydada zamindən də tələb edilməsi əsaslıdır. Çünki subsidiar məsuliyyət nəzərdə tutulduqda kreditor tələbi ilkin olaraq əsas borcluya qarşı sürməlidir. Əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər (Mülki Məcəllənin 453-cü maddəsi). Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində deyilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu baxımdan işin hallarını təhlil edərək məhkəmə hesab edir ki, hesablanmış cərimə məbləği tərəflərin əmlak vəziyyətinə və mənafelərinə uyğun deyildir. Cərimənin 10 manat məbləğində müəyyən edilməsi qanunamüvafiq olar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, kredit müqaviləsi üzrə 4186.14 manat kredit borcu, 844.82 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla, ümumilikdə 5040.96 (beş min qırx manat doxsan altı qəpik) manat məbləğində borcun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 70.40 manat pulun əvəzi də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4186.14 (dörd min bir yüz səksən altı manat on dörd qəpik) manat əsas kredit borcu, 844.82 (səkkiz yüz qırx dörd manat səksən iki qəpik) manat faiz borcu və 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə 5040.96 (beş min qırx manat doxsan altı qəpik) manat məbləğində borc alınaraq İddiaçı ASCnin hesabına ödənilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 70.40 (yetmiş manat qırx qəpik) manat pulun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-nin xeyrinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar