Məhkəmə qərarları › İş №e-2(024)-71/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-71/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-71/2025 07.01.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun restrukturizasiyasına dair müqaviləsi üzrə pul» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «borcun restrukturizasiyasına dair müqaviləsi üzrə pul» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ASC Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 178917-CNS-46351 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 20632.81 (iyirmi min altı yüz otuz iki manat səksən bir qəpik) manat məbləğində əsas borc, 982.30 (doqquz yüz səksən iki manat otuz qəpik) manat məbləğində faiz borcu, 383.30 (üç yüz səksən üç manat otuz qəpik) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə isə 21998.41 (iyirmi bir min doqquz yüz doxsan səkkiz manat qırx bir qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 156 (yüz əlli altı) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 178917-CNS-46351 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən “kredit alan”ın “Bank”a 03 iyul 2023-cü tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2022-ci il tarixli 178917-CNS-31730 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 11 (on bir faiz) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətinə 20632.81 (iyirmi min altı yüz otuz iki manat səksən bir qəpik) manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 20632.81 (iyirmi min altı yüz otuz iki manat səksən bir qəpik) manat məbləğində əsas borc, 982.30 (doqquz yüz səksən iki manat otuz qəpik) manat məbləğində faiz borcu, 383.30 (üç yüz səksən üç manat otuz qəpik) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə isə 21998.41 (iyirmi bir min doqquz yüz doxsan səkkiz manat qırx bir qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron qaydada ərizə göndərərək Bakı şəhərində məhkəmə prosesis təyin edildiyi üçün üzürül səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək işə onların iştirakı olmadan baxılaraq iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, işdən çıxdığı üçün bir-neçə ay əvvəl yeni bir iş tapana qədər ona köməklik edilməsi üçün iddiaçı banka müraciət etmişdir. Bank əməkdaşları isə ona köməklik göstərməmişlər. İddiaçı məhkəməyə müraciət etmişdir. Təxminən iki ilə əvvəl iddiaçıdan 24000 manata yaxın istehlak krediti götürmüşdür. Kredit məbləğinə şəxsi istifadə etmək üçün avtomobil almışdır. Lakin həmin avtomobillə qəza törətmiş, avtomobilin qiyməti düşdüyü üçün onu satıb başqa bir avtomobil almış, Qax rayonuna gələn zaman həmin avtomobillə də qəza törətmişdir. Kredit məbləğini 48 aylıq götürmüş, 2023-cü ildə banka müraciət etdikdən sorna kredit restrukturizasiya olunaraq 59 ay müddətə müəyyən edilmişdir. Bu zaman aylıq 812 manat kredit ödəniş təxminən 500 manata endirilmişdir. Əsas kredit borcundan 7000 (yeddi min) manat ödəniş həyata keçirmişdir. Faiz məbləğini daha çox ödəmiş, 10000 (on min) manatdan artıq olmuşdur. Hazırda iddiaçıya 17000 (on yeddi min) manat kredit borcu qalmışdır. Səkkiz aydan artıq müddətdir ki, kreditin ödənişini həyata keçirə bilmir. Sonuncu dəfə nə vaxt ödəniş etdiyini xatırlamır. 2023-cü ilin yanvar ayında işdən çıxmışdır. İddianı qəbul edir, lakin hazırda iddiaçıya olan borcunu tam ödəmək iqtidarında deyildir. Məhkəmədən xahiş edir ki, qarşı tərəfə ona hesablanmış əlavə faizləri silinməsi üçün müraciət etsin. O özü də bununla bağlı müraciət etmişdir. Heç olmazsa o hissəhissə əsas məbləği ödəsin. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 178917-CNS-46351 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”ndən görünür ki, həmin müqaviləyə əsasən “kredit alan”ın “Bank”a 03 iyul 2023-cü tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2022-ci il tarixli 178917-CNS-31730 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 11 (on bir faiz) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətinə 20632.81 (iyirmi min altı yüz otuz iki manat səksən bir qəpik) manat məbləğində müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli 4067P saylı Pretenziya məktubundan görünür ki, cavabdehə borcun ödənilməsini 3 (üç) iş günü ərzində təmin edilməsi tələb olunmuş, əks təqdirdə pul tələbi barədə qanunvericiliyə uyğun olaraq aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələb etmənin əsası kimi xx.xx.2023-cü il tarixli 178917- CNS-46351 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi” dayanır. Məhz iddiaçı həmin Kredit müqaviləsini rəhbər tutaraq hazırda cavabdehdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə göstərir ki, öhdəlik hüquq münasibəti 3 quruluşdan ibarətdir: Öhdəliyin tərəfləri; Öhdəliyin məzmunu; Öhdəliyin obyekti; Öhdəliyin tərəfləri öhdəlik hüquq münasibətlərində çıxış edən iştirakçılardır. Bura səlahiyyətli şəxs - kreditor və debitor - borclu şəxs daxildir. Öhdəliyin məzmunu həmin öhdəlik hüquq münasibətlərinin hüquq və vəzifələridir. Yəni kreditorun tələb hüququ, borclunun isə müəyyən hərəkətləri etmək vəzifəsi başa düşülür. Öhdəliyin obyekti isə yalnız borclunun davranışıdır. Bu elementlərin hər hansı birinin mövcud olmaması öhdəlik hüquq münasibətinin olmaması deməkdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan xx.xx.2023-cü il tarixli 178917-CNS-46351 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”ni - nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsini Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamış və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). İş materiallarından görünür ki, borcalan bank xidmətlərinin təqdim edilməsinə dair Kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka kredit borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuş və borcalanın kreditora borcu yaranmışdır. Onun borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən maliyyə arayışı təqdim edilmiş və həmin arayış ilə müəyyən edilmişdir ki, borcalanın kredit müqaviləsi üzrə 20632.81 (iyirmi min altı yüz otuz iki manat səksən bir qəpik) manat məbləğində əsas borc, 982.30 (doqquz yüz səksən iki manat otuz qəpik) manat məbləğində faiz borcu, 383.30 (üç yüz səksən üç manat otuz qəpik) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə isə 21998.41 (iyirmi bir min doqquz yüz doxsan səkkiz manat qırx bir qəpik) manat borcu vardır. Məhkəmə tərəfindən həmin arayış sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində deyilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış cərimə məbləğinin 20 (iyirmi) manat həddində müəyyən edilməsi tərəflərin əmlak vəziyyətinə və müqavilənin şərtlərinə uyğun olar. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 178917- CNS-46351 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2024cü il tarixə Banka borclu olduğu 20632.81 (iyirmi min altı yüz otuz iki manat səksən bir qəpik) manat məbləğində əsas borc, 982.30 (doqquz yüz səksən iki manat otuz qəpik) manat məbləğində faiz borcu, 20 (iyirmi) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə isə 21635.11(iyirmi bir min altı yüz otuz beş manat on bir qəpik) manat borcun alınaraq "xxxx" ASC-nə ödənilməsi qət edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 154.90 (bir yüz əlli dörd manat doxsan qəpik) manat pulun əvəzi tutularaq İddiaçı ASC-nə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 178917-CNS- 46351 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 20632.81 (iyirmi min altı yüz otuz iki manat səksən bir qəpik) manat məbləğində əsas borc, 982.30 (doqquz yüz səksən iki manat otuz qəpik) manat məbləğində faiz borcu, 20 (iyirmi) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə isə 21635.11(iyirmi bir min altı yüz otuz beş manat on bir qəpik) manat borc alınaraq "xxxx" ASC-nin hesabına ödənilsin. İddia ərizəsinin verilməsi üçün iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu olaraq ödənilmiş 154.90 (bir yüz əlli dörd manat doxsan qəpik) manatın əvəzi Cavabdeh alınaraq İddiaçı ASC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar