Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-76/2025 03.03.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövən qızının katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 04 noyabr 2021-ci il tarixli kredit müqavilə üzrə 10.000 manat pulun və ödənilmiş 120 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili Nümayəndə məhkəməyə elektron ərizə ilə müraciət edərək iddia tələbi ilə bağlı bütün zəruri sənədlərin elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə təqdim etdiklərini, cavabdehin borcu alması və geri qaytarmamasının işin mübahisəsiz halı olmasını. İddianın tam əsaslı və qanuni hesab etdiklərini göstərərək qeyd edilənlərin nəzərə alaraq mülki işə iştirakları olmadan baxılmasını və iddianını təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının və onun nümayəndəsi və vəkilin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 04 noyabr 2021-ci il tarixdə ondan 04 noyabr 2022-ci il tarixdə qaytarmaq şərti ilə 10.000 manat pul məbləğində borc almış, bu barədə həmin tarixdə aralarında kredit müqaviləsi bağlanmış və müqavilə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Cavabdeh kredit müqaviləsinə əsasən borcu 04 noyabr 2022-ci ildə qaytarmalı olduğu halda bu günə kimi onu aldadaraq pulu qaytarmır, müxəlif bəhanələr gətirərək ondan qaçır. Beləkilə də cavabdehin borcu qaytarmaq niyyətinin olmadığını başa düşdüm. Əgər belə olmasaydı bu müddətə kimi borcun bir hissəsini qaytarmış olardı. Lakin cavabdeh bu günə kimi nəinki borcu tam qaytarmamış, gələcəkdə qaytaracağına dair təminat da verməmişdir. Belə olan halda borcun məcburi qaydada cavabdehdən alınması üçün adiyyatı məhkəməyə müraciət elmək məcburiyyətində qalmışdır. Hesab edir ki, işin faktiki hallarını və qanunvericiliyin tələbini nəzərə alaraq cavabdehə qarşı tələbi əsaslı olduğundan iddia ərizəsi təmin edilməklə cavabdehdən borclu olduğu pulun və iddia qaldırılmasına görə ödədiyi dövlət rusmunun tutulması barədə ədalətli və qanuni qətnamə qəbul ediləcəkdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək və iddia ilə bağlı göstərdi ki, iddiaçını tələb etdiyi pul məbləğinə görə onun keçmiş həyat yoldaşı həbs olunmuşdur. Keçmiş həyat yoldaşı Ağır Cinayətlər Məhkəməsində pulu götürdüyünü də etiraf etmişdir. Həmin pul notariusda onun adına götürülmüşdür. Borc məbləği iddiaçıya qaytarılmışdır. Lakin keçmiş həyat yoldaşı yenidən əlavə pul götürmüşdür. İddiaçıya notarius vasitəsi ilə borcunun olmasını etiraf edir və borc məbləği öz adına olduğu üçün ödəməyə məcburdur. Məhkəmədən borc məbləğinin aylığa bölünməsini xahiş edir. O, həmin pulu hissə-hissə ödəməyə razıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Abşeron rayonu 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş 04 noyabr 2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 04 noyabr 2022-ci il tarixədək qaytarılması şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. Borc tələbi barədə bildirişdən görünür ki, İddiaçı tərəfindən 21 avqust 2023-cü il tarixdə Cavabdeh 10 gün müddətində borcun geri qaytarılması tələb olunmuş, əks təqdirdə borcun məburi qaydada tutulması üçün borcla yanaşı çəkəcəyi hüquqi və digər xərcləri, eyni zamanda əldən çıxmış faydanı və pulundan faydalandığı üçün əlavə faizləri də cavabdehdən tələb edəcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki hüquq anlamında öhdəliyi başqa hüquq sahələrinə aid olan hüquq münasibətləri ilə qarışdırmaq olmaz. Məsələn, vergi ödəmək borcu əmlak xarakterli olsa da dövlətlə vətəndaş arasında hakimiyyət tabeliyi prinsipinə əsaslanır və ümumi hüquq münasibətidir. Mülki hüquq mənasında öhdəlik münasibətləri isə bərabər hüquqlu tərəflər arasında yaranan xüsusi hüquq münasibətidir. Öhdəlik konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Buna görə də şərh olunan maddədə konkret subyektlər arasında, yəni kreditorla borclu arasında iqtisadi xarakterli konkret hüquq münasibətləri nəzərdə tutulmuşdur. Beləliklə, öhdəliyin predmeti pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Öhdəliyin anlayışından göründüyü kimi, onun predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların, görülmüş işlərin, göstərilmiş xidmətlərin verilməsi üzrə borclu şəxsin davranışı təşkil edir. Öhdəlik konkret şəxslərin əmlak dövriyyəsində davranışlarını müəyyənləşdirir. Bazar iqtisadiyyatı və azad sahibkarlıq şəraitində mülki dövriyyə iştirakçıları arasında xüsusilə çoxsaylı öhdəlik hüquq münasibətləri yaranır. Mülki qanunvericilikdə nəzərdə tutulan çoxsaylı öhdəliklər müəyyən göstəricilər üzrə sistemləşdirilirlər. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilələrdən əmələ gələn, müqavilədənkənar öhdəliklər və qanundan əmələ gələn öhdəliklərə ayrılırlar. Məzmununa görə öhdəliklər əmlakın mülkiyyətə və sair əşya hüququna verilməsi, əmlakın istifadəyə verilməsi, işlər görülməsi üzrə, xidmətlər göstərilməsi üzrə və s. öhdəliklərə ayrılırlar. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunan maddədə göstərildiyi kimi öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır. Buraya öhdəliyin tamamilə icra edilməməsi ilə yanaşı, onun vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara yol verməklə və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməsi üzrə davranışı müqavilənin və qanunvericiliyin müddəalarına, bunlar olmadıqda işgüzar adətlərə və digər, adətən irəli sürülən tələblərə tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olur və öhdəliyin icra edilməməsi baş verir ki, bu da ciddi hüquqi nəticələrə səbəb olur. Bunlar barədə növbəti maddələrin şərhində geniş məlumat verilir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu özünün riski daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Borclu öz öhdəliklərinin hər bir təqsir pozuntusu üçün məsuliyyət daşıyır. Öhdəliyin təqsirli pozuntusu həm hərəkət, həmdə hərəkətsizlik nəticəsində baş verə bilər. Borclunun təqsiri isə həm qərəz, həmdə ehtiyatsızlıq formasında ola bilər. Borclu qərəz və ya kobud ehtiyatsızlıq nəticəsində öhdəliyin icra edilmədiyi üçün məsuliyyət daşımalı və onu məsuliyyətdən azad etmək olmaz. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqavilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclu yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Mülki Məcəllənin 421-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 04 noyabr 2021-ci il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsində deyilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Mülki Məcəllənin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 6.6-cı bəndində qeyd olunmuşdur ki, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayonu 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş 04 noyabr 2020-ci il tarixli kredit müqaviləsi bağlanmış müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 04 noyabr 2022-ci il tarixədək qaytarılması şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan notariat ofisində 10.000 manat borc aldığını etiraf etmiş və həmin borcu hissə-hissə ödəyə biləcəyini göstərmişdir. Beləliklə kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya 10.000 manat borcu yaranmışdır. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 10.000 manat məbləğində əsas borc və iddiaçı tərəfindən ödənilmiş 120 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 10.000 manat məbləğində əsas borc və iddiaçı tərəfindən ödənilmiş 120 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №e-2(024)-76/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-76/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver