Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-798/2025 15.01.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc məbləğinin qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 13.000 (on üç min) ABŞ dolları məbləğində borcun və iddia ərizəsi üçün ödənilmiş 157 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin noyabr ayında Cavabdeh ona müraciət edərək qızıl zinət əşyaları mağazasında ticarət məqsədilə mal almaq üçün müvəqqəti olaraq vəsaitə ehtiyacı olduğunu bildirdi. Həmin vaxt onlar iş yoldaşı olmuş və qarşılıqlı inam olduğuna görə o ona 13.000 ABŞ dolları məbləğində pulu borc vermişdir. Cavabdeh pulu 2 aylıq müddətə, yəni 2024-cü ilin yanvar, ən geci isə fevral ayına qədər qaytaracağını bildirdi. Lakin indiyədək həmin vəsaiti nə qaytarmış, nə də bir hissəsini ödəmək istiqamətində hər hansı addım atmışdır. Dəfələrlə xahiş etməsinə baxmayaraq cavabdeh borc öhdəliyini yerinə yetirmir. Bu səbəbdən o qanunla qorunan mülki hüquqlarımın bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iki il əvvəl Cavabdeh kənd icra nümayəndəliyində baş mühasib işləmişdir. Cavabdehlə münasibətləri var idi. Cavabdeh Qax şəhərində iki, Zaqatala şəhərində isə bir qızıl mağazası açdığını və ona pul lazım olduğunu demişdir. Həmin vaxtı onlar avtomobilini satmış və başqa avtomobil sifariş etmişlər. Həmin avtomobil də bir ildən artıq müddətə gəlməli idi. Cavabdeh ona avotomobilin satışından əldə olunan pulu verməsini xahiş edərək iki aya qaytaracağını bildirmişdir. O da borc xərc tapıb cavabdehə 13.000 ABŞ dolları borc vermişdir. Lakin cavabdeh ona borcunu qaytarmamışdır. Həmin vaxtı cavabdehə pulu hissə-hissə qaytarmasını təklif etmişdir. Lakin cavabdeh borcunu qaytaracağını bilidrsə də, müxtəlif bəhanələrlə yayınmışdır. O, cavabdehin pulu qaytarmadığını görərək onun ərinə zəng etmiş, lakin əri cavabdehin başqa şəxslərə də borcu olduğunu bildirmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh 16 dekabr 2025-ci il tarixdə iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək və iddia ilə bağlı göstərdi ki, o iddiaçıdan 13.000 ABŞ dolları məbləğində borc almışdır. Lakin həmin məbləği iddiaçıdan alıb başqa şəxsə vermişdir. O, borcdan 1.500 ABŞ dollarını iddiaçıya qaytarmışdır. Həmin şəxs də pulu qaytarmır ki, o da iddiaçıya olan borcunu ödəsin. Məhkəmədən ona vaxt verilməsinİ xahiş edir ki, borcu verdiyi şəxsdən prokurorluğa şikayət edərək geri alsın və iddiaçıya qaytarsın. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, CD diskə və USb diskə köçürülmüş audio yazılardan görünür ki, İddiaçı X1 pulu tələb etdikdə, cavabdeh ona səbirli olmasını, pulunu ödəyəcəyini, torpaq sahəsini satışa çıxardığını, ona olan borcunu ödəyəcəyini bildirmişdir. 23 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 157 manat dövlət rüsumu ödəmişdir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 13.000 ABŞ dolları məbləğində borc almış, həmin pulu iki ay müddətinə qaytaracağını vəd etsə də, vədinə əməl etməmişdir. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan 13.000 ABŞ dolları borc aldığını etiraf edərək həmin məbləği iddiaçıdan özü alaraq başqa şəxsə borc verdiyini, həmin puldan iddiaçıya 1.500 ABŞ dollarını qaytardığını, qalan məbləği isə qaytaracağını göstərmişdir. Lakin Cavabdeh 13.000 ABŞ dolları borcdan 1.500 ABŞ dolları məbləğini iddiaçıya qaytarması ilə bağlı heç bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə Cavabdeh iddiaçıya 13.000 ABŞ dolları borcunun olması cavabdehin məhkəmə iclasında verdiyi etirafedici izahatı və «CD» diskə köçürülmüş səs yazıları ilə birbaşa sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə iclasında işin faktiki halları, işdə olan əsaslı və mötəbər sübut hesab edilən cavabdehin etirafedici izahatı və «CD» diskə köçürülmüş səs yazıları ilə sübuta yetirilmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 6.6-cı bəndində qeyd edilmişdir ki, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıbrazılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin iddiaçıya borclu olması barədə etirafını təkzib edən heç bir hal və şübhə məhkəmə tərəfindən müəyyən olunmamış və onun etirafı işin faktiki hallarına uyğun gəlmiş və heç bir ziddiyyət təşkil etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən hüquq: «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi» haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddənin şərhinə görə tərəflər əşyanı alıcya verdikdən müəyyən müddət sonra real ödənilməsini tələb edə bilər. Əşyanın ödənilməsi halında müqavilənin əsas şərti olan ödənilmiş əşyanın alıcıya verilməsi vəzifəsinin icrası satıcının üzərinə düşdüyü halda, əşyaların nisyə satışında əsas şərt olan ödənilmədən qəbul edilmiş əşyanın ödənilməsi vəzifəsi alıcının üzərinə düşür. Mülki Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Şərh olunan maddəyə əsasən qarşılıqlı icra dedikdə, tərəflərdən birinin öz öhdəliyini icra etməsi, digər tərəfin isə öz öhdəliklərinin icrası etməsi anlaşılır. Göründüyü kimi qarşılıqlı icra iki öhdəlikdən ibarətdir. Burada öhdəliklərin birində kreditor olan şəxs, ikinci öhdəlikdə borclu olur, öhdəliklərin birində borclu olan şəxs, ikinci öhdəlikdə kreditor olur. Buna görədə şərh olunan maddədə bunlardan biri mükəlləfiyyətli tərəfi, digəri isə üzərinə qarşılıqlı icra düşən tərəfdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma iki tərəf iştirak edir. Onlardan biri heç bir hüquqi əsas olmadan başqasının hesabına əmlak etmiş varlanmış şəxs, digəri isə burnun nəticəsində əmlak itkisinə məruz qalmış şəxsdir. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddaəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13.000 ABŞ dolları məbləğində pul (ödəniş gününə manata olan məzənnə ilə) və ödənilmiş 157 manat dövlət rüsumu tutulub İddiaçı ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 13.000 ABŞ dolları məbləğində pul (ödəniş gününə manata olan məzənnə ilə) və ödənilmiş 157 manat dövlət rüsumu tutulub İddiaçı tutulub ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №e-2(024)-798/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-798/2025
15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver