Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1026/2025 08.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 448 (dörd yüz qırx səkkiz) manat məbləğində ödənilməmiş icarə haqqı tutularaq iddiaçıya qaytarılması; iddia ərizəsinin verilməsi üçün tərəflərindən ödənilmiş 30 AZN məbləğində dövlət rüsumunun və bank xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında 16 may 2024-cü il tarixində bağlanmış 074/2024 nömrəli Torpaq icarə Müqaviləsinə əsasən Qəbələ rayonu, Nic kəndində yerləşən, ümumi sahəsi 2.24 ha. olan torpaq sahəsi cavabdehə icarəyə verilmiş və icarə haqqı hər hektar üçün 200 (iki yüz) AZN, ümumilikdə isə 448 (dörd yüz qırx səkkiz) AZN müəyyən edilmişdir. Adı çəkilən icarə müqaviləsinə əsasən cavabdeh icarə haqqını xx.xx.2024-cü il tarixinə kimi ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh qeyd olunan məbləği vaxtında ödəməmiş, hətta xx.xx.2025-ci il tarixində İddiaçı MMC tərəfindən göndərilən 29/25 nömrəli torpaq icarə borcunun ödənilməsi və borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq məktubuna məhəl qoymamışdır. Qeyd olunanlarla yanaşı, cavabdehə dəfələrlə edilmiş şifahi xəbərdarlıqlar da nəticə verməmişdir. Bu səbəbdən də, hazırkı mübahisənin məhkəmə qaydasında həll edilməsi zərurəti yaranmışdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz göndərərək iddiaçıdan torpaq sahəsini icarəyə götürdüyünü, sahibkarlıq fəaliyyəti ilə məşgul olaraq “çovdar becərilməsi” fəaliyyəti ilə məşgul olduğunu bildirmişdir. Bununla əlaqədar məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmənin icraatı zamanı Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, İddiaçı MMC (VÖEN: 1********) və Cavabdeh (VÖEN: **********) vergi ödəyiciləri kimi qeydiyyatdadırlar və cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə, iddiaçı isə hüquqi şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPMin istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. İddia tələbinin mahiyyəti və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən qaynaqlanan icarə münasibətləri mövcud olmuş və yaranmış mübahisə də bilavasitə tərəflərin sahibkarlıq fəaliyyəti nəticəsində yaranmış borc-pul tələbi ilə bağlıdır. Həmçinin məhkəmə onu da nəzərə alır ki, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsindən görünür ki, Cavabdeh vergi ödəyicisi kimi fəaliyyət istiqaməti “Çovdarların Becərilməsi” olmaqla onun fəaliyəti sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə bağlıdır. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25, 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “icarə haqqı borcunun ödənilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1026/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1026/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver