Məhkəmə qərarları › İş №e-2(025)-1201/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1201/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1201/2024 10.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit üzrə mübahisələr, kredit borcu üzrə əsas, faiz və cərimə borcu tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 10137.55 AZN, faiz borcuna görə 2795.00 AZN, cərimə borcuna görə 471.19 AZN, cəmi 13403.74 (on üç min dörd yüz üç manat, yetmiş dörd qəpik) AZN məbləğində borcun və 130.21 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0521 saylı kredit müqaviləsinə əsasən borcluya ailəkəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.00% faiz dərəcəsi olmaqla 30 ay müddətinə 11000 (on bir min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 488 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh4, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 və **********0521-918879 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. Lakin, cavadeh Cavabdeh3 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh3 əsas borc üzrə 10137,55 AZN, faiz borcuna görə 2795,00 AZN, cərimə borcuna görə 471,19 AZN, cəmi 13403,74 AZN təşkil edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı MM QBKT-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, yanvar ayında avtomobil ilə qəza keçirmiş və bundan sonra ödənişlərində gecikmələr yaranmışdır. Buna baxmayaraq xx.xx.2024-cü il tarixdə 1200 manat ödəniş etmişdir. Məhkəmədən həmin ödənişin nəzərə alınmasını və eyni zamanda cərimə borcunun azaldılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, maddi vəziyyətlərinin aşağı olmalarının nəzərə alınmaqla cərimə borcuna köməklik edilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan İddiaçı MM QBKT ilə Cavabdeh3 (sonradan kredit müqaviləsinə uyğun kredit alan) arasında bağlanan xx.xx.2023-cü il tarixli **********0521 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı MM QBKT tərəfindən Cavabdeh3 illik 23 faizlə 30 ay müddətinə 11000 manat məbləğində ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçü kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********0521 saylı kredit müqaviləsinin 8ci bəndindən görünür ki, borcalan Cavabdeh3 11000 manat məbləği illik 23 %-lə, 30 ay müddətinə hər ay 488 manat, sonuncu ay isə 475 manat annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********0***-******* saylı və **********0***-******* saylı və **********0521-918879 saylı zaminlik müqavilələrinin 1.1-ci maddəsinə əsasən zamin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Kredit Alan Cavabdeh3 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit Verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli **********0521 saylı kredit müqaviləsi üzrə 10137,55 manat əsas, 2795,00 manat faiz və 471,19 manat cərimə borcu olmaqla, cəmi 13403,74 manat borcu vardır. İddiaçının nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh3 tərəfindən xx.xx.2023-cü il tarixli **********0521 saylı “Kredit müqaviləsi” üzrə maliyyə arayışı tərtib edildiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən sonra xx.xx.2024-cü il tarixdə 12000 manat Cavabdeh3 tərəfindən İddiaçı MM QBKTnin hesabına kredit ödənişi üzrə ödəniş edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilələr ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilələr üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Göründüyü kimi, Cavabdeh3 İddiaçı MM QBKT tərəfindən xx.xx.2023-cü il tarixli **********0521 saylı kredit müqaviləsinə əsasən illik 23 faizlə 30 ay müddətinə 11000 manat məbləğində ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçü kredit verilmişdir. Cavabdeh həmin kredit məbləğini ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 İddiaçı MM QBKT-nə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş cavabdeh - borclu Cavabdeh3 və həmin kreditin qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada kredit borcunun tutulmasını əsaslı sayır. Lakin məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfdən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh3 tərəfindən xx.xx.2023-cü il tarixli **********0521 saylı “Kredit müqaviləsi” üzrə maliyyə arayışı tərtib edildiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən sonra xx.xx.2024-cü il tarixdə 12000 manat Cavabdeh3 tərəfindən İddiaçı MM QBKT-nin hesabına kredit ödənişi üzrə ödəniş edilmişdir. Göründüyü kimi Cavabdeh3 maliyyə arayışı tərtib edildiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən sonra xx.xx.2024-cü il tarixdə 12000 manat məbləğində ödəniş etmişdir ki, həmin məbləğ də ondan tələb olunan əsas borcdan çıxılmalıdır. Ona görə də, məhkəmə cavabdehdən 10137,55 manat yox, 8937,55 manat (10137,55-1200) əsas borcun tutulması qənaətinə gəlir. Tələb olunan faiz borcuna qiymət verən məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh3 faiz borcunun 2795,00 manat olduğu müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə cavabdehdən iddiaçı bankın xeyrinə faiz borcu üzrə isə 2795,00 manat borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmçinin məhkəmə öhdəliyini lazımınca icra etmədiyinə görə ondan 471,19 manat məbləğində tələb edilən cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə tətbiq olunmuş cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, 100 manat cərimə tutulmasını yetərli və ədalətli hesab edir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 zaminlik müqavilələrini imzalamış, həmin müqavilədə zaminlərin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə əsas borc, faiz və cərimə borcu onlardan müştərək qaydada tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 125,55 (bir yüz iyirmi beş manat əlli beş qəpik) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər (borclu) Cavabdeh3 və (zaminlər) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 8937,55 manat əsas borc, 2795 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 11832,55 (on bir min səkkiz yüz otuz iki manat əlli beş qəpik) manat kredit borcu və 125,55 (bir yüz iyirmi beş manat əlli beş qəpik) manat dövlət rüsumu İddiaçı MM QBKT-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh3 və (zaminlər) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 8937,55 manat əsas borc, 2795 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 11832,55 (on bir min səkkiz yüz otuz iki manat əlli beş qəpik) manat kredit borcu və 125,55 (bir yüz iyirmi beş manat əlli beş qəpik) manat dövlət rüsumu İddiaçı MM QBKT-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar