Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1249/2022 04.11.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbi barədə iddia ərizəsi üzrə mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC-i Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 1188,9 manat əsas, 178,3 manat cərimə, ümumilikdə 1367,2 manat borcun və 33,68 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Sony” markalı televizor, 1 (bir) ədəd televizor üçün aksesuar, “Panasonic” markalı fenə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 70 manat olmaqla, ümumilikdə 1258,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 70 manat ödəniş etmiş və qalıq qalmış 1188,9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1783 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1783 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 178,3 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 1188,9 manat əsas, 178,3 manat cərimə, ümumilikdə 1367,2 manat təşkil etmişdir. Ona görə də, 1367.2 manat məbləğində borc Cavabdeh tutularaq "xxxx" MMC-nə ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını nəzərdə tutmuşdur. İddiaya Etiraz: Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə sadələşmiş icraatın iddia icraatına keçirilməsi barədə ərizə ilə müraciət etmiş və Qəbələ Rayon Məhkəməsinin 13 sentyabr 2022ci il tarixli e-2(025)-1249/2022 nömrəli qərardadı ilə hazırkı işin iddia icraatına keçilməsi qərara alınmışdır. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixində məhkəmə işi üzrə İddiaçı ilə nisyə alqı-satqı müqaviləsi bağlanmaqla “Sony KD-43xg7096” markalı televizor almışdır. Televizor ona mağazada təhvil verilərkən bildirilmişdir ki, əgər avadanlıqda hər hansısa bir nasazlıq aşkar edilərsə, o zaman yenisi ilə əvəzlənəcək. O, televizoru aldıqdan bir müddət sonra görmüş ki, televizorun içərisində hörümçək var. Belə ki, zavod xətası olaraq televizorun monitor hissəsi aralı olmuş və bunun nəticəsində ekranın içəri hissəsinə toz, hörümçək kimi kənar əşyalar daxil olur, bu isə televizorun istifadəsini mümkünsüz edir. O, nasasızlıq aşkar edilərkən dərhal İddiaçı Qəbələ rayonunda yerləşən mağazasına müraciət etmiş və o mağazaya müraciət edərkən “Sony KD-43xg7096” markalı televizoru aldığı tarixdən 14 gün keçməmişdir. Alqı-satqı zamanı ona təqdim edilən zəmanət talonunda da göstərilir ki, hətta heç bir səbəb olmadan belə 14 gün ərzində alınmış məişət texnikasını geri qaytarmaq hüququ var ki, bu hüququ istehlakçı hüquqları haqqında Azərbaycan Respublikası qanunvericiliyinə əsasəndə təsdiqlənir. O, xx.xx.2021-ci il tarixində mağazaya müraciət edərkən ona bildirilmişdir ki, televizorun geri qaytarılması prosesini yerinə yetirəcək işçi sabah olacaq ona görə də o sabah təkrar müraciət etməlidir. O, bununla razılaşmış və xx.xx.2021-ci il tarixində televizoru mağazaya təhvil verərkən bildirmişdir ki, o müqaviləni pozmaq istəmir, ona yeni televizor veriləcəyi təqdirdə ödənişləri normal qaydada yerinə yetirəcəkdir. Ona mağazadan bildirilmişdir ki, televizor servisə göndəriləcək və ondan sonra yenisin verilməsinə qərar veriləcəkdir. Lakin daha sonra dəfələrlə müraciət etməyinə baxmayaraq ona nə yeni televizor, nə də köhnə televizoru təmir edib geri qaytarmalıdır. O da ödəniş etməyi dayandırmışdır. Ərizəsinə əlavə etdiyi X2 ilə sübut olunur ki, o, televizoru xx.xx.2021-ci il tarixində almışdır, o cümlədən ərizəyə əlavə edilmiş ********* saylı müştəri müraciəti vərəqəsindən də görünür ki, iddia predmeti olan “Sony KD-43xg7096” markalı televizoru xx.xx.2021-ci il tarixində mağazaya geri təhvil vermişdir. Yuxarıda sadaladığı hallar və təqdim etdiyi sənədlərdən də aydın görünür ki, iddiaçının iddiası tamamilə əsassızdır. İddiaçı tərəfindən iddia ərizəsində göstərilən “Panasonic”markalı fen hazırda onun istifadəsindədir və onun ödənişini etməyə heç bir etirazı yoxdur, lakin mağaza ondan ödənişi televizorun ödənişi ilə birgə tələb edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda göstərdi ki, cavabdehin məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilən xüsusatlara Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2395/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməklə ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməmişdir. Göründüyü Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinin etibarsızlığı sübuta yetirilməmiş və bu da həmin müqavilənin etibarlı olduğunu göstərir. Bu səbəbdən iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənlərə uyğun çıxış edib, iddia tələbini “Sony KD-43xg7096” markalı televizora görə ödənilməli olan borca aid hissədə qəbul etmədiyini, məhkəmədən göstərilənlərin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı “Müddətli (Nisyə) Alqı-Satqı Müqavilələri”ndən məlum olur ki, bir tərəfdən "xxxx" MMC-i bundan sonra “satıcı” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1-ci bəndinə əsasən satıcının 1 saylı əlavə göstərilmiş məhsulu əmlakı (məhsulları, əmlakları) Alıcıya müəyyən müddətə nisyə satılaraq verməsi Alıcının isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul edilməsi, habelə borcunu Satıcıya ödənilməsinə dair pul öhdəliyidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 1 nömrəli Əlavədən görünür ki, Cavabdeh cəmi dəyəri 1259 manat olan “Sony” markalı televizor, 1 (bir) ədəd televizor üçün aksesuar və “Panasonic” markalı feni təhvil almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə Əlavədən (ödəniş cədvəli) görünür ki, borcalan Cavabdeh “Sony” markalı televizor, 1 (bir) ədəd televizor üçün aksesuar və “Panasonic” markalı fenə görə ödənilməli olan 1259 manat məbləği 18 aylıq, hər ay 70 manat, sonuncu ay isə 69 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixə 1188,9 manat əsas, 1783 manat cərimə borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Sony KD-43XG7096 markalı televizora görə Cavabdeh verilmiş “X2”nda göstərilmişdir ki, zəmanət müddəti malın satıldığı gündən hesablanır. 14 gün ərzində, məhsulun əmtəə görünüşü pozulmadığı və mal işlədilmədiyi halda müştərinin istəyi ilə qaytarıla və ya başqa model ilə dəyişdirilə bilər. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2395/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməklə ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1980-ci ildə Qəbələ rayonu Bum qəsəbəsində anadan olmuş Cavabdeh Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-in 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmənin mövqeyi: Göründüyü kimi, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh iddiaçı "xxxx" MMC-dən 18 ay müddətinə, 1258,9 manat dəyərində “Sony” markalı televizor, 1 (bir) ədəd televizor üçün aksesuar və “Panasonic” markalı fen alıb, onu ödəniş planına uyğun olaraq annuitet qaydada ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh "xxxx" MMC-yə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müqavilələrin şərtləri Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borcu 1188,9 manat təşkil edir. Bu səbəbdən məhkəmə cavabdehdən xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borc üzrə 1188,9 manat tutulmasını əsaslı hesab edir. Həmçinin məhkəmə öhdəliyini lazımınca icra etmədiyinə görə ondan 178,3 manat məbləğində tələb edilən cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə tətbiq olunmuş cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, onun azaldılması, yəni 50 manat cərimə tutulmasını yetərli və ədalətli hesab edir. Məhkəmə Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənlərlə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki,Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilikkimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” Məhkəmə hazırki iş materiallarını, tərəflərin izahatlarını və yuxarıda istinad olunan qanuni qüvvəsini almış məhkəmə aktının preyudusiallığını nəzərə alaraq qeyd edir ki, Cavabdeh hazırki iddia tələbinə etirazının əsası kimi irəli sürdüyü dəlili, yəni, “müqavilənin etibarsız hesab edilməklə ləğv edilməsi” eyni tərəflər arasında mövcud olmuş mübahisələrə dair mülki iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktı ilə təkzib olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2395/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməklə ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməmişdir. Belə ki, qanuni qüvvəsini alımış yuxarıda istinad olunan məhkəmə qərarı ilə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsinin etibarlılığı müəyyən olunduğundan və bu xüsusatın hazırki məhkəmə prosesində mübahisələndirilməsi və ya təkrar sübut edilmə yolverilməz olduğundan tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müqavilənin şərtlərinin Cavabdeh tərəfindən pozulduğu, sonuncu tərəfindən müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilmədiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan, iddianın təmin olunan hissəsinə münasib olaraq hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 32,39 (otuz iki manat otuz doqquz qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 1188,9 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 1238,9 (bir min iki yüz otuz səkkiz manat doxsan qəpik) manat borc və 32,39 (otuz iki manat otuz doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 1188,9 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 1238,9 (bir min iki yüz otuz səkkiz manat doxsan qəpik) manat borc və 32,39 (otuz iki manat otuz doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1249/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1249/2022
04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver