Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1268/2025 02.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, dəymiş zərərin ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh oğluna qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq öhdəliyin icra olunmaması nəticəsində müqavilə üzrə ödənilən 4000,0 manatın geri alınması, o cümlədən 200,0 manat kompensasiya, 61,0 manat dövlət rüsumu və 300,0 manat hüquqi xidmət haqqı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 2024-cü ilin dekabr ayında tərəflər arasında əldə edilmiş şifahi razılaşmaya əsasən İddiaçı özünə məxsus olan Göygöl şəhəri, H.Aslanov küçəsi 50-də yerləşən fərdi yaşayış evi üçün ümumilikdə 17.000,0 manat məbləğində dəyərləndirilən 15 ədəd şabalıd ağacı materialından qapı hazırlamağı Cavabdeh sifariş etmiş və ona qabaqcadan 4000,0 manat ödəmişdir. Cavabdeh pulu alaraq sifarişi qəbul etmiş, lakin müqavilədə nəzərdə tutulan işi icra etməyərək şabalıd ağacı materialından yox, MDF materialdan məmulat hazırlamışdır. İddiaçı görülən işi qəbul etməmiş və ödədiyi pulu geri ala bilməyərək maddi zərər çəkmişdir. Ona görə də, öhdəliyin icra olunmaması nəticəsində müqavilə üzrə ödənilən 4000,0 manatın geri alınması, o cümlədən 200,0 manat kompensasiya, 61,0 manat dövlət rüsumu və 300,0 manat hüquqi xidmət haqqı alınıb ona verilməsi barədə iddia qaldırmışdır. Cavabdeh X1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Qəbələ rayonu Tüntül kəndində yaşayır və yaşadığı ünvanda fəaliyyət göstərən sexdə taxta materialından müxtəlif növ məmulatların sifariş əsasında hazırlanmasını həyata keçirir. 2024-cü ilin noyabr ayında aralarında əldə edilmiş şifahi razılaşmaya əsasən İddiaçı özünə məxsus olan Göygöl şəhəri, H.Aslanov küçəsi 50-də yerləşən fərdi yaşayış evi üçün ümumilikdə 14.000,0 manat məbləğində dəyərləndirilən 13 ədəd MDF qapı hazırlamağı ona sifariş etmiş və Qəbələ rayonuna gəlib hazır məmulatlara baxdıqdan sonra ona 4000,0 manat ödəmişdir. Bundan sonra Göygöl şəhəri, H.Aslanov küçəsi 50-də təzə tikilən üç mərtəbəli fərdi yaşayış evindən götürülən ölçülərə uyğun MDF qapıların hazırlanmasına bağlanmış, lakin 20 gündən sonra İddiaçı MDF qapıları istəmədiyini bildirərək işi qəbul etməkdən imtina etmiş və ödədiyi pulu tələb edərək şikayət etmişdir. İddiaçı sifarişi əsasında 13 ədəd MDF qapının hazırlanmasından ötrü ümumilikdə 6800,0 manat məbləğində vəsait xərclənmiş, lakin müqavilədən imtina olunduğu üçün işin icrası tamamlanmamışdır. Ona görə də, İddiaçı işin görülməsinə xərclənən 2800,0 manatın ödənilməsini tələb edir. İşdə olan ”Wattcap” yazışmalarının mətnlərinə əsasən İddiaçı hər bir halda MDF qapıların hazırlanmasını sifariş etmiş, içlik materialın seçilməsində isə nisbətən ucuz olan keyfiyyətli növ ağac materialına üstünlük vermişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci madəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh 2024-cü ilin dekabr ayında Göygöl şəhəri, H.Aslanov küçəsi 50-də yerləşən fərdi yaşayış evi üçün ümumilikdə 14.000 manat məbləğində dəyərləndirilən 13 ədəd taxta MDF qapı hazırlamaqdan ötrü İddiaçı qabaqcadan 4000,0 manat almış və qeyd olunan ünvanda yerləşən üç mərtəbəli fərdi yaşayış evindən götürülən ölçülərə uyğun gələn 13 ədəd MDF qapıların hazırlanması işlərini əsasən yerinə yetirmişdir; İddiaçı özünə məxsus olan Göygöl şəhəri, H.Aslanov küçəsi 50-də yerləşən fərdi yaşayış evi üçün ümumilikdə 17.000,0 manat məbləğində dəyərləndirilən 15 ədəd şabalıd ağacı materialından qapı hazırlamağı Cavabdeh sifariş etməsi və ona həmin işin görülməsindən ötrü qabaqcadan 4000,0 manat ödəməsi müəyyən edilməmişdir. AR Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdən əmələ gəlir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə pordatçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqısatqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, icra başlandıqdan sonra İddiaçı şifariş etdiyi məmulatın (MDF qapıların) hazırlanmasını deyil, başqa işin (şabalıd ağacı materialından qapıların hazırlanmasını) görülməsini tələb edərək müqavilədən imtina etməklə Cavabdeh ziyan vurduğundan qabaqcadan ödədiyi 4000,0 manatı ondan tələb etməkdə haqlı deyil. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunmasın. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1268/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1268/2025
02.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver