Məhkəmə qərarları › İş №e-2(025)-1354/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1354/2023

11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1354/2023 11.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Kamaz-5511 markalı ** CC *** qeydiyyat nişanlı avtomaşının və ya onun dəyəri olan 19.000 manat pulun, dövlət rüsumu kimi ödədiyi 147 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Kamaz-5511 markalı, 1987-ci il buraxılışlı ** CC *** dövlət qeydiyyat nişanlı yükü özüboşaldan avtomobili o, 2021-ci ildə X2 almış və Məzahir ona xx.xx.2023-cü il tarixdə baş etibarnamə vermişdir. Avtomobil həmin vaxtdan onun mülkiyyətində olsa da, M.Əliyevin adından çıxarıb özadına qeydiyyata saldırmamışdır. Cavabdehlər iki qardaş olan Cavabdeh2 və Cavabdeh1 ona müraciət edərək xahiş etmişlər ki, həmin avtomobili ondan icarəyə götürüb işlətsinlər. Onlar razılaşmış ki, bir ilmüddətinə onlar avtomobili icarəyə götürüb hər ay 350 manat icarə haqqı ödəyirlər, ilin sonunda isə avtomobilin dəyəri olan 19.000 manatı nəqd ödəyib satın alırlar. Bu məqsədlə 4000 manat depozit pulu ödəmişlər və bir müddət təxminən 3-4 ay icarə haqqı ödəmişlər. Sonra onlar icarə haqqını ödəməmişlər. Görmüş ki, icarə haqqı vermirlər, ona görə də maşını qaytarmalarını tələb etmişdir. Bir müddət onlar maşın barədə bir söz deməmişlər. Onların əmisi X3 onu aldadaraq bildirmiş ki,avtomobil Qəbələdədir. Bir müddətdən sonra ona məlum olmuş ki,cavabdehlər avtomobili Qarabağ zonasında işlədərkən qəzaya uğratmışlar, sonra da ona bildirmədən hissələrə bölüb satmışlar. Söhbət zamanı onlar avtomobili qəzaya uğratdıqlarını, sonra da hissələrinisatdıqlarını etiraf etmişlər. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə öz xətti ilə yazıb ona qəbz vermiş və orada törətdikləri əməli etiraf etməklə yanaşı,avtomobilin dəyərinin 3500 manatını 2022-ci ilin dekabr ayının sonuna kimi, qalan 12300 manatı 2023-cü ilin iyun ayının 30-na kimi ödəyəcəkləri barədə öhdəlik götürmüşlər. Lakin müddət başa çatsa da, indiyə kimi heç bir ödəniş etməmişlər. Onların hərəkətlərindən Qəbələ rayon polis şöbəsinə şikayət etmiş və şöbədən ona xx.xx.2023-cü il tarixli 26/3-13- 89/2İ-2056 nömrəli məktubla bildirilmişlər ki, mülki qaydada məhkəməyə müraciət etməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, onun ** CC *** qeydiyyat nişanlı Kamaz markalı maşını olmuşdur. Həmin maşın Əliyev Məzahirin adına olmuşdur. O, həmin maşını baş etibarnamə ilə almışdır. Etibarnaməni 1 il müddətinə vermiş, hər il etibarnaməni yenidən vermişdir. Təxminən 4 il həmin maşın onda olmuşdur. Sonradan maşını satmaq məqsədi ilə internet şəbəkəsində elan vermişdir. Anar zəng vurmuş, Anara bundan əvvəl də maşın satmış, ona görə də tanışlığı olmuşdur. Anar ona demiş ki, onda topa pul yoxdur. Bir az pulu əvvəldən, qalan hissəsini gələcəkdə bir il ərzində verə bilər. Kamazın qiymətini 19000 manata razılaşmışlar. Anar ona 4000 manat vermiş, maşını aparıb getmişdir. Sonra ona demiş ki, maşında müəyyən problemlər var, ona vaxt versin. O da ona 1 ay yarım vaxt vermişdir. Sonra demiş ki, maşının təkərləri zəifdir, onda da vaxt versin. Sonradan Anar ona bir dəfə 350 manat, bir dəfə də 600 manat pul göndərmişdir. Ümumilikdə Anar ona 4950 manat pul vermişdir. Maşını götürəndə 4000 manat verib, 3 ay sonra 350 manat, təxminən 7 ay sonra da 600 manat pul göndərmişdir. Bundan sonra Anara demiş ki, maşını qaytar gətir. Onlar razılaşmışlar ki, bir il ərzində hər ay ona 350 manat pul göndərəcək, yerdə qalan pulu da il tamam olanda tam şəkildə verəcəkdir. Üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə demiş ki, pulu qaytar. Anara maşını satanda sürmək üçün etibarnamə vermişlər. Sonradan Anar ona demiş ki, Qarabağ bölgəsində işləyir, ayın sonu gələcək, ayın 15-i maaş alacaq, onda gələcək, lakin gəlməmişdir. Sonradan isə ona maşını aşırtdığını bildirmişdir. Maşını metalloma verdiyini bildirmişdir. Bundan sonra o, Qəbələ rayon Polis şöbəsinə ərizə vermişdir. Sonradan gəlib izahat vermiş, onda Anar da gəlmişdir. Sonradan Qəbələ rayon Polis şöbəsindən ona məktub göndərmişlər ki, məhkəməyə müraciət eləsin. Orda Anar ona demiş ki, yanvar ayında pulun hamısını verəcəkdir. Ona hətta iyun ayına qədər vaxt vermiş, lakin pulu ödəmişdir. Belə olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavbadeh Cavabdeh2 iddia tələbini qismən qəbul edərək göstərdi ki, Kamaz markalı yük maşınını təxminən 2 ilə yaxındır ki, almışlar. Dəqiq tarixi yadında qalmamışdır. Maşını alanda 4000 manat ilkin ödəniş etmişlər. İddiaçı danışdığı kimi razılaşmışlar, lakin qiymətini 17000 manata razılaşmışlar. Bundan əvvəl də Aftandildən Kamaz almışlar. İddiaçı Kamazın qiymətini 19000 manatı razılaşmaqlarını yalan deyir, bu barədə onda səs yazıları da var. Həmçinin pul göndərdiyi qəbzlər də var. 4000 manat alanda pul ödəmiş, maşını gətirmişdir. Maşının təkərlərinə hava vuranda görmüş ki, maşının təkərləri şişib, ikisi də partlamışdır. Həmin vaxt özünə zəng vurub demiş ki, təkərlərin hamısı xarabdır. Ya onun ödədiyi 4000 manatı qaytarsın, ya da maşını qaytaracağını demişdir. Həmçinin bildirmiş ki, 4000 manat təkərlərin pulunu çıxsın, ona də 1 ay yarım, iki ay vaxt versin. O da gedim işləsin, maşının təkərlərini alsın. Aftandil onunla razılaşmışdır. O da iki ay işləmiş, təkərləri düzəltmiş, Qarabağa getmişdir. 2 ay vaxt vermiş, 8 ay da hər ay 350 manat pul ödəmişdir. Əgər Aftandilə hər ay pul ödəməsəydi, ödəmədiyi ayda gəlib maşını ondan alardı. Sonra maşın Füzuli rayonu ərazisində aşmışdır. Maşını Qəbələ rayonundan kənara çıxartmaqla bağlı aralarında hər hansı razılaşma olmamışdır. Pulu MilliÖn aparatı vasitəsi ilə Aftandilin kartına ödəmişdir. Bir neçə qəbz onda qalır, sonuncu dəfə də 1500 manat pul ödəmişdir, onun da qəbzi durur. Həmin qəbzlərin şəkillərini məhkəməyə təqdim etmişdir. Maşın aşandan sonra bir nəfər ona zəng vurub demiş ki, maşın onundur, Aftandilin deyil, ona hədə-qorxu gəlməyə başlamışdır. Demiş ki, ya maşını gətir, ya da bir həftəyə pulu gətir. Maşın dağdan aşmış, ona demişlər ki, bu maşını düzəltmək, ona yenisini almaqdan baha başa gələcəkdir. Maşının aşması ilə bağlı işlədiyi şirkətdə yazmışdılar ki, maşın yarasız vəziyətdədir. Maşın aşanda sürücüsü o olmuşdur. Maşınla yaxın məsafələrə torpaq daşıyırmışlar, mina təhlükəsinə görə lentə alınmış yerdən kənara çıxa bilməmişlər. Maşını arxaya verəndə görmüş ki, maşın sürüşür, dağdan aşacaq, o, tez maşından düşmüş, maşın uçurumdan aşmışdır. Sonra traktor vasitəsi ilə maşını çıxardıb, şirkətin həyətinə gətirmişlər. Maşın aşandan sonra çəkilmiş şəkilləri var. Həmin şəkilləri də məhkəməyə təqdim edə bilər. Maşını orda 4000 manata metallom kimi satmış, nisyə aldığı təkərin pulun ödəmişdir. Təkərləri Bakıdan Elşən adlı bir nəfərdən almışdır. Bundan sonra o, iddiaçı tərəfə pul ödəyə bilməmişdir. Sonradan onu Qəbələ RPŞ-yə dəvət etdilər. Orda da Aftandillə söhbət edəndə demiş ki, ona bir az vaxt versin, imkanı zəifdir, reysi 50 manata sürücü işləyir. Aftandil isə ona demiş ki, verəcəyi vaxtı vermişdir, pulu ödəməlidir. Onun hesabına 7000 manata yaxın borcu qalmışdır. Bundan əlavə iddiaçının etiraf etdiyi kimi, 600 və 350 manat da iddiaçının hesabına ödəmişdir ki, həmin pulları isə əvvəlki aldığı avtomobilə görə ödəmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdeh1 xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə iclasında göstərmişdir ki, X5 həmin Kamazın qiymətini 1700 manata razılaşmışlar. Qardaşı ilə rayona getmişlər, qardaşı 4000 manat pulu vermişdir. Qalan puldan da bir il ərzində ayda 350 manat olmaqla ödəməli imiş. Qardaşı 8 ay həmin pulu vermiş, sonra qardaşı Qarabağa işləməyə getmişdir. Orda işləyəndən sonra maşın aşmışdır. Sonra öz aralarında razılaşmışlar ki, maşını istəmirlər, qardaşı pulu versin. Onun bildiyi bunlardır. Sonra qardaşı zəng vurmuş ki, maşının təkərləri yaramır. Aftandil də demiş ki, 17000 manatdan 4000 manat çıxır. Məhkəmə Cavabdeh1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Aftandil onun anasigil ilə qonşudur. O, Ağdaş rayonunda komputer mühəndisliyi işi ilə məşğuldur. Aftandildən alınan kamazın ödənişi onun kartına vurulmalı imiş. Guya aylıq 350 manata arendiya verilməli idi və Anar aylıq pulu onun kartına vurmalı idi, ancaq Anar razılaşma üzrə pulu vurmamışdır. Aftandilin əvvəl başqa kamazı var idi, sonra o bu işə şərik olmuşdur. Aftandil Anarı birinci kamazı satdığına görə tanıyırmış, o isə tanımamışdır. Sonradan onlar kamazı aylıq 350 manata icarəyə verəsi olmuşlar, Aftandil Firudunu tanıdığına görə onlara vermişlər, 1 il sonrada Anar bu kamazı satın almalı idi. Sonra bir neçə ay keçməsinə baxmayaraq icarə haqqı verilmədiyi üçün təxminən 2021-ci ildə Aftandilə kamazı satmağı təklif etmişdir. Sonra kamazın aylıq icarə haqqı verilmədiyi üçün kamazı qaytarmalarını tələb etmişdir. Daha sonra Anar kamazın aşdığını bildirdilər. Anarla görüşəndə kamazı aşırtmasına baxmayaraq niyə xəbər vermədiyini soruşmuş, o isə əvvəl verdiyi 4 min manat pulun batmasından qorxması səbəbindən demədiyini bildirmişdir. Ondan maşının ehtiyat hissələrini gətirməsini tələb etməklərinə baxamayaraq ona həmin hissələri satdığını demişdir. Onun kartına 700 manat vurulmalı idi, lakin 600 manat vurmuşdur. Onlara indiyədək 350 manat və 600 manat verilib. O, alqı-satqı müqaviləsi razılaşdırılarkən orada olmuş və maşını 19 min manata satmağı razılaşmışlar. Anar demiş ki, maşını alıb pulunu verəndə endirim etsinlər. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan BD 158536 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, **-CC-*** dövlət qeydiyyat nişanlı “5511 Kamaz” yük markalı avtomobil X4 məxsusdur. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, **-CC-*** dövlət qeydiyyat nişanlı “5511 Kamaz” yük markalı avtomobil X6 tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixə kimi etibarnamə verilmişdir. İş materiallarında olan Qəbələ rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, **-CC-*** dövlət qeydiyyat nişanlı “5511 Kamaz” yük markalı avtomobil X6 tərəfindən Cavabdeh2 xx.xx.2031-ci il tarixə kimi etibarnamə verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsindir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinin mənasına görə müqavilə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 **-CC-*** dövlət qeydiyyat nişanlı “5511 Kamaz” yük markalı avtomobili 19000 manata satmaq barədə razılığa gəldiklərini, 4000 manatı ilkin ödəniş edildiyini, 350 və 600 manatda əlavə ödəniş edildiyini, qalan pulu isə qaytarmadıqlarını bildirir. Cavabdeh2 isə **-CC-*** dövlət qeydiyyat nişanlı “5511 Kamaz” yük markalı avtomobili 17000 manata almaq barədə razılaşdıqlarını, 4000 manatı kamazı alarkən verdiyini, qalan vaxtlarda isə 1500 manat ödədiyini bildirmişdir. Cavabdeh1 isə ümumiyyətlə alqı-satqının qardaşı Cavabdeh2 tərəfindən edildiyini, onun isə sadəcə qardaşının yanında alqı-satqıya getdiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədən kənar olmaqla iki növdə olur. Birinci növ müqavilə nəticəsində əmələ gələn məsuliyyət adlanır, tərəflər arasında razılaşdırılmaqla imzalanmış müqavilə şərtlərinin yerinə yetirilməməsindən yaranır. Hazırki işdə də iddiaçının tələbini məhz müqavilə öhdəliyindən irəli gələn məsuliyyət yarandığı qənaətinə gəlinməkdədir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı **-CC-*** dövlət qeydiyyat nişanlı “5511 Kamaz” yük markalı avtomobili Cavabdeh2 19000 manata satdığını qeyd etsə də, Cavabdeh2 həmin avtmobili 17000 manata almaq barədə razılaşdığını bildirmişdir. İddiaçı isə avtomobilin 19000 manata satılması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən İddiaçı Cavabdeh2 şikayəti üzrə Qəbələ rayon Polis şöbəsində aparılmış araşdırılma ilə bağlı sənədlər məhkəmə tərəfindən sorğu edilərək götürülmüş və iş materiallarına əlavə edilmişdir. Cavabdeh2 polis şöbəsində olan izahatında da **-CC-*** dövlət qeydiyyat nişanlı “5511 Kamaz” yük markalı avtomobilin 19000 manata alınması barədə hər hansı xüsusata rast gəlinməmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, tərəflər arasında olan **-CC-*** dövlət qeydiyyat nişanlı “5511 Kamaz” yük markalı avtomobilin alqı-satqısı cavabdehin etiraf etdiyi hissədə, yəni 17000 manat dəyərində qiymətləndirilməlidir. Həmçinin məhkəmə araşdırması zamanı həm iddiaçı, həm cavabdehlər, həm də şahid **-CC-*** dövlət qeydiyyat nişanlı “5511 Kamaz” yük markalı avtomobil Cavabdeh2 tərəfindən alınarkən İddiaçı 4000 manat verilməsi etiraf edilmiş və bu işin mübahisəsiz halıdır. Bu səbəbdən Cavabdeh2 tərəfindən **-CC-*** dövlət qeydiyyat nişanlı “5511 Kamaz” yük markalı avtomobilə görə ödənilmiş olan 4000 manat pul onun verməli olduğu 17000 manatdan çıxılmalıdır. Eyni zamanda məhkəmə araşdırması zamanı Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nə məxsus xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, 500 manat və 1000 manat olmaqla ümumilikdə 1500 manat ödəniş edilmişdir ki, bu halı da iddiaçı etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh2 **-CC-*** dövlət qeydiyyat nişanlı “5511 Kamaz” yük markalı avtomobilin alqı-satqı dəyərinin 17000 manata razılaşması nəzərə alınmaqla, ödəmiş olduğu 4000 və 1500 manat məbləğlər 17000 manatdan çıxılmaqla 11500 manat pul Cavabdeh2 tutularaq İddiaçı verilməlidir.Həmçinin məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 1500 manat ödənilməsi ilə bağlı iddiaçı həmin məbləğin əvvəlki avtomobilin alqı-satqısına görə verilməsini qeyd etsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Əksinə məhkəmə iclasında cavabdeh ödəmiş olduğu 600 və 350 manat məbləğlərin əvvəlki avtomobilə görə olduğunu, 1500 manatın isə **-CC-*** dövlət qeydiyyat nişanlı “5511 Kamaz” yük markalı avtomobilə görə ödədiyini bildirmişdir. İddiaçının Cavabdeh1 da borc tələb etməsinə məhkəmə onu qeyd edir ki, məhkəmə zamanı izahatı alınan Cavabdeh1 İddiaçı ilə qardaşı Cavabdeh2 arasında olan kamaz markalı avtomobilin alqı-satqısında tərəf olmadığını, bununla bağlı hər hansı ödəlik götürmədiyini bildirmişdir. Həmçinin iddiaçı Cavabdeh1 ona borcu olması barədə hər hansı bir sübut təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi borcun Cavabdeh1 tutulması hissəsində təmin edilməməlidir. Bundan əlavə iddiaçı iddia tələbində **-CC-*** dövlət qeydiyyat nişanlı “5511 Kamaz” yük markalı avtomobilin ya özünün naturada alınıb verilməsini, ya da dəyərinin verilməsini tələb etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, **-CC-*** dövlət qeydiyyat nişanlı “5511 Kamaz” yük markalı avtomobil aşmış və maşın hissələrə bölünərək metallom kimi satılmışdır. Beləliklə, hal-hazırda **-CC-*** dövlət qeydiyyat nişanlı “5511 Kamaz” yük markalı avtomobil naturada mövcud olmadığından, həmin avtomobilinin özünün Cavabdeh2 alınıb verilməsi hissəsində də iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia qismən təmin edilməli olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddia verilən zaman ödənilmiş 124,5 (bir yüz iyirmi dörd manat əlli qəpik) manatdövlət rüsumu Cavabdeh2 alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 11500 manat məbləğində pul və 124,5 (bir yüz iyirmi dörd manat əlli qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 11500 manat məbləğində pul və 124,5 (bir yüz iyirmi dörd manat əlli qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonar qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar