Məhkəmə qərarları › İş №e-2(025)-1356/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1356/2024

03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1356/2024 03.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pulun ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30,196 (otuz min yüz doxsan altı) manat məbləğində pulun tutulub ona ödənilməsi; Cavabdeh hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 (üç yüz) manat, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu 180 (yüz səksən) manat, cəmi 480 (dörd yüz səksən) manat məbləğində məhkəmə xərcinin tutulub ona ödənilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh bir neçə zamandır işlədiyi X3 tanıyır. O, X1 iş yeri üzrə istehsalat təcrübəsi keçmək üçün göndərilmişdir. Orada ünsiyyətləri yaranmış, ona qarşı etibarlı münasibəti olmuşdur. 2023-cü ilin sentyabr ayından başlayaraq ondan bir neçə dəfə borc pul lazım olduğunu bildirmiş və qısa müddətdə qaytaracağına söz vermişdir. Bu minvalla ona 06 sentyabr 2023-cü il tarixdən 27 iyun 2024-cü il tarixədək olan dövrdə hissə-hiss olmaqla 30.196 (otuz min yüz doxsan altı) manat məbləğində borc pul vermişdir. O, hər dəfə problemləri var, həll edib borcunu qaytaracağına söz vermiş, onun səmimiyətindən və ona inanmağımdan sui-istifadə etmiş, bu günə kimi də heç bir məbləğ qaytarmamışdır. Sonuncu dəfə isə cari ilin avqust ayında məbləği geri qaytaracağına söz vermişdir. Borcun qaytarılması üçün cavabdehin atasına dəfələrlə müraciət etmişdir. O da cavabdeh kimi narahat olmamasını, borcunun qaytarılacağını vəd etmişdir. Bu hadisədən onun bütün ailə üzvləri məlumatlıdırlar və dəfələrlə onun ailə üzvlərinin yanında bu məsələ müzakirə olunmuşdur. Gec də olsa sonunda isə anlamışdır ki, cavabdeh bu məbləği ona könüllü şəkildə qaytamaq niyyətində deyil. Boc məbləği hissə-hissə olmaqla müstəlif vaxtlarda cavabdehin bank hesabına köçürmə yolu ilə tərəfindən göndərilmişdir. Bu iddia ərizəsinə əlavə etdiyi bank hesabından çıxarış, birbank tətbiqi vasitəsi ilə köçürmə etdiyi məbləğlərin çıxarışı, aralarında vatsap üzərindən aparılan danışıqlar və həmin danışıqlardan çıxarışlarla və digər sübutlarla öz təsdiqini tapır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 məhkəməyə teleqram göndərərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etsə də, lakin səhhətində problem olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 iddia tələbini qəbul edərək göstərmişdir ki, oğlu başqa bir adamdan faizə pul almış, sonradan onu qorxuzublar və məcbur qalıb iddiaçıdan pul almışdır. O, iddiaçı tərəfə təklif etmişdir ki, borcun əvəzində içərisində tikili olan torpaq sahəsini versin, lakin iddiaçı tərəf bununla razılaşmamışdır. Məhkəmə iddiaçının vəkilinin və etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan “ARB” mobil tətbiqinin “Tarixçə” bölməsinin “kartdan ölkədaxili karta” başlığı ilə olan çıxarışlardan görünür ki, İddiaçı Cavabdeh məxsus “4098!!!!!!!!9020” nömrəli kartına xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 85 manat, xx.xx.2023-cü il tarixdə 166 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 450 manat, 14 oktyabr 2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, 08 noyabr 2023-cü il tarixdə 400 manat, 15 noyabr 2023-cü il tarixdə 2100 manat, 25 noyabr 2023-cü il tarixdə 300 manat, 26 noyabr 2023-cü il tarixdə 300 manat, 27 noyabr 2023-cü il tarixdə 400 manat, 6 dekabr 2023-cü il tarixdə 300 manat, 16 yanvar 2024-cü il tarixdə 30 manat, 18 yanvar 2024-cü il tarixdə 850 manat, 1 fevral 2024-cü il tarixdə 5000 manat, 07 fevral 2024-cü il tarixdə 597 manat, 08 fevral 2024-cü il tarixdə 400 manat, 09 fevral 2024-cü il tarixdə 20 manat, 10 fevral 2024-cü il tarixdə 150 manat, 11 fevral 2024-cü il tarixdə 800 manat, 13 fevral 2024-cü il tarixdə 600 manat, 25 fevral 2024-cü il tarixdə 430 manat, 01 mart 2024-cü il tarixdə 140 manat, 03 mart 2024-cü il tarixdə 500 manat, 04 mart 2024-cü il tarixdə 500 manat, 13 mart 2024-cü il tarixdə 200 manat, 17 mart 2024-cü il tarixdə 300 manat, 22 mart 2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 350 manat, 29 mart 2024-cü il tarixdə 100 manat, 30 mart 2024-cü il tarixdə 200 manat, 02 aprel 2024-cü il tarixdə 1000 manat, 07 aprel 2024-cü il tarixdə 50 manat, 08 aprel 2024-cü il tarixdə 500 manat və 135 manat, 11 aprel 2024-cü il tarixdə 230 manat və 70 manat, 15 aprel 2024-cü il tarixdə 500 manat və 300 manat, 19 aprel 2024-cü il tarixdə 2 dəfə 400 manat olmaqla ümumilikdə 800 manat, 27 aprel 2024-cü il tarixdə 500 manat və 200 manat, 01 may 2024-cü il tarixdə 400 manat, 03 may 2024-cü il tarixdə 30 manat, 06 may 2024-cü il tarixdə 80 manat və 1,117 manat, 08 may 2024-cü il tarixdə 99,80 manat, 13 may 2024-cü il tarixdə 597 manat, 14 may 2024-cü il tarixdə 400 manat, 16 may 2024-cü il tarixdə 1500 manat, 26 may 2024-cü il tarixdə 150 manat, 28 may 2024-cü il tarixdə 30 manat, 01 iyun 2024-cü il tarixdə 600 manat, 07 iyun 2024-cü il tarixdə 100 manat, 08 iyun 2024-cü il tarixdə 200 manat, 12 iyun 2024-cü il tarixdə 600 manat, 13 iyun 2024-cü il tarixdə 900 manat, 19 iyun 2024-cü il tarixdə 400 manat, 21 iyun 2024-cü il tarixdə 85 manat, 22 iyun 2024-cü il tarixdə 100 manat və 27 iyun 2024-cü il tarixdə 1600 manat olmaqla, ümumilikdə 29891,8 (iyirmi doqquz min səkkiz yüz doxsan bir manat səksən qəpik) manat pul köçürmə etmişdir. İş materiallarında olan İddiaçı ilə və Cavabdeh ilə arasında olan vatsap yazışmalarından görünür ki, cavabdeh yazışmalarda iddiaçıdan və onun atasından borcun qaytarılması üçün vaxt verilməsini xahiş edir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan görünür ki, xx.xx.2003-cü ildə Qəbələ rayonu Sileyli kəndində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “mpay” ödəniş sistemindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən 300 (üç yüz) manat pul Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, İddiaçı cavabdehə ümumilikdə 30,196 (otuz min yüz doxsan altı) manat məbləğində pul verdiyini, cavabdehin həmin məbləği qaytarmadığını, iddia tələbinin əsası kimi kartdan karta pul köçürmələrini təsdiqləyən çıxarışları və bank hesabından çıxarışları, o cümlədən cavabdehlə aralarında olan vatsap yazışmalarını əsas gətirir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 iddia tələbini qəbul edərək göstərmişdir ki, oğlu başqa bir adamdan faizə pul almış, sonradan onu qorxuzublar və məcbur qalıb iddiaçıdan pul almışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Hazırki işdə İddiaçı cavabdehə ümumilikdə 29891,8 (iyirmi doqquz min səkkiz yüz doxsan bir manat səksən qəpik) manat pul verməsini “ABB” mobil tətbiqinin “Tarixçə” bölməsinin “kartdan ölkədaxili karta” başlığı ilə olan çıxarışlarla və bank hesabından çıxarışlarla təsdiq etməkdədir. Eyni zamanda Cavabdeh ilə olan vatsap yazışmaları ilə də cavabdehin iddiaçıdan aldığı pulu qaytarmaması müəyyən edilməkdədir. Həmçinin məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 iddia tələbini etiraf edərək oğlunun borcunu qaytaracağını bildirmişdir. İddiaçı iddia ərizəsində həmin məbləğin 30,196 (otuz min yüz doxsan altı) manat olduöunu qeyd etsə də məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin iştirakı ilə həmin hesabdan çıxarışlar tədqiq edilərək məbləğin 29891,8 (iyirmi doqquz min səkkiz yüz doxsan bir manat səksən qəpik) manat olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən borc müqaviləsi ilə Mülki Məcəlllədə nəzərdə tutulmuş maddələrə istinad edərək borcunu tələb etməkdədir. Lakin məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada bağlanmış tələb edilən məbləğlərin borc kimi verilməsinə dair müqavilələr qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə işin araşdırılmış halları ilə müyyən olunur ki, həmin pul məbləğləri iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdehin hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında 29891,8 (iyirmi doqquz min səkkiz yüz doxsan bir manat səksən qəpik) manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, iş materiallarında olan sübutlar (“ABB” mobil tətbiqinin “Tarixçə” bölməsinin “kartdan ölkədaxili karta” başlığı ilə olan çıxarışlar və bank hesabından çıxarışlar) həmin məbləğin Cavabdeh verilməsini təsdiq edilir. Eləcə də tərəflər arasında aparılmış “Whatsapp” danışıqları ilə, həmçinin cavabdehin nümayəndəsinin izahatı ilə həmin məbləğlərin cavabdehdən tərəfindən iddiaçıya qaytarılmamasını təsdiq edilir. Cavabdeh isə həmin məbləğlərin iddiaçıya qaytarılmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 300 manat xərcin cavabdehdən tutulmasını əsaslı və qanuni hesab edir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 29891,8 (iyirmi doqquz min səkkiz yüz doxsan bir manat səksən qəpik) manat məbləğində borc, 300 (üç yüz) manat vəkil xidmət haqqı və 180 (bir yüz səksən) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 29891,8 (iyirmi doqquz min səkkiz yüz doxsan bir manat səksən qəpik) manat məbləğində borc, 300 (üç yüz) manat vəkil xidmət haqqı və 180(bir yüz səksən) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar