Məhkəmə qərarları › İş №e-2(025)-1489/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1489/2023

21.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1489/2023 21.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borca görə 1350 manat pulun və 34 manat ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2 il öncə tanış olmuşdur. Aralarında dostluq münasibətləri yaranmışdır. Cavabdeh daha öncədən ondan 100 manat bir, 400 manat bir olmaqla borc pul istəmiş, odur ki, ona borc pul vermiş və dediyi vaxtda ona borcunu qaytarmışdır. Cavabdehi etibarlı bir şəxs kimi qəbul etmişdir. Cavabdehin bu hərəkəti onun güvənini qazanmaq üçün məqsədli şəkildə edilmişdir. Belə ki, cavabdeh 2022-ci ilin aprel ayında ondan 5000 manat borc pul istəmiş və 2022-ci ilin iyul ayının birində qaytaracağına dair söz vermişdir, cavabdeh ev aldığını və pulunun bir hissəsinin çatışmadığını odur ki, 5000 manat pula çox ehtiyacı olduğunu bildirmişdir. Pulunun olmadığını,lakin bankdan kredit götürüb ondan istədiyi pulun bir qismini borc olaraq verə biləcəyini bildirmişdir. Odur ki, o Kapital bankdan 06 may 2022-ci il tarixdə kreditə 2330 manat pul götürərək həmin pulun üzərinə isə özündə olan 257 manatı əlavə edərək elə həmin günü cavabdehə borc olaraq vermişdir. Bu münvalla o cavabdehə cəmi 2587 manat borc pul vermişdir. Cavabdeh isə o, ona borc olaraq 2587 manat pulu verən günü 2022-ci ilin iyul ayının 1-də ona pulu tam olaraq qaytaracağını bildirmişdir. Lakin cavabdeh verdiyi vədə əməl etməyərək ona olan borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina edirdi. Onun çoxsaylı israrı nəticəsində cavabdeh ona olan borcundan 1237 manatını qaytarmış, hazırda cavabdehin ona 1350 manat borcu qalmışdır. Lakin cavabdeh ona olan borcunu könüllü olaraq qaytarmaqdan imtina edir. O cavabdehdən Ağdaş rayon Polis şöbəsinə şikayət etmiş, onun şikayəti əsasında cavabdehin polis şöbəsində izahatı alınmış,cavabdeh polisə verdiyi izahatda ona olan borcunu qaytaracağına söz versə də, hələ də ona olan 1350 manat borc pulu qaytarmamışdır. Əslində o cavabdehə kreditə götürdüyü pulu borc verdiyi üçün kreditin faizlərini özü ödəmək məcburiyyətində qalmışdır. Belə olan halda isə maddi zərərə düşmüşdür. Lakin buna baxmayaraq o ancaq cavabdehdən borc verdiyi 2587 manatdan ödənilməmiş qalan 1350 manat məbləği tələb edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasındə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh Qədı̇ rov Xəyal Akı̇ f oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən  Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.  Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.  Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.  Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.  Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Ağdaş Rayon Polis Şöbəsi tərəfindən ünvanlanmış 30 avqust 2023-cü il tarixli 33/3-13-62/211-230xx/xx/2023 nömrəli sorğuya cavabdan görünür ki, xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Polis şöbəsinə İddiaçı etmiş olduğu müraciətinə baxılmış, tərəflərindən aparılmış araşdırma zamanı materialda cinayət və ya inzibati xəta tərkibi olmadığı müəyyən olunmuşdur. Qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı üçün Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.7-ci və 12.3.3cü maddələrinə əsasən mülki xüsusatlarla bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan Ağdaş Rayon Polis Şöbəsində Cavabdeh tərəfindən yazılmış izahatdan görünür ki, Cavabdeh təxminən keçən ilin aprel ayında tanışı İddiaçı 2587 manat məbləğində borc götürmüşdir. Sonradan ona olan borcunun təxminən 1200 manatını geri qaytarmışdır. Halhazırda ona təxminən 1350 manat borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 2587 manat borc pul almışdır. Hal-hazıradək cavabdeh iddiaçıya 1237 (bir min iki yüz otuz yeddi) manat pulu qaytarmış, hazırda cavabdehin iddiaçıya 1350 (bir min üç yüz əlli) manat borcu vardır. iddiaçı borcun ödənilməsini cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdehnın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini icra etmədiyinə görə cavabdehdir və 1350 (bir min üç yüz əlli) manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1350 (bir min üç yüz əlli) manat məbləğində pul vəsaiti və 34 (otuz dörd) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə  q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 1350 (bir min üç yüz əlli) manat məbləğində pul vəsaiti və 34 (otuz dörd) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar