Məhkəmə qərarları › İş №e-2(025)-1544/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1544/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1544/2021 28.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 07.10.2017-ci il tarixli QBLK00086 №-li Nisyə satış müqaviləsi üzrə 875 manat əsas borc və 1031.62 manat cərimə borcu olmaqla cəmi 1906.92 manat borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçı "Optimal Elektronika” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış 07.10.2017-ci il tarixli QBLK00086 saylı nisyə alqı-satqı müqaviləsinə (“müqavilə") əsasən, borcluya 1099 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yedirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 875 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 3438.75 manat təşkil edir (bax; əlavə olunan maliyyə arayışı). Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 30%-ni ödəməyi borcludan tələb edirik. Belə olan halda, hesablanmış cərimə məbləğinin 30%-i 1031.62 manat təşkil edir.. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışını onların iştirakı olmadan keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Buna görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı MMC ilə bağladığı 07.10.2017-ci il tarixli müqaviləyə əsasən məişət avadanlığı almış. Ödənişləri ilk vaxtlarda həyata keçirmişdir. Lakin, aldığı kondisioner işlək vəziyyətdə olmadığından krediti ödəməmişdir. Kondisioneri geri götürülməsini tələb etsə də, cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Həmçinin iddiaçı tərəfindən hesablanmış cərimə ilə razı deyil. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.10.2017ci il tarixli QBLK00086 №-li Nisyə satış müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-dən ümumi qiyməti 1099 manat dəyərində olan məişət məhsulunu 13 ay müddətinə almışdır. Kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən Borc alan krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 1099 manat borc məbləğini 13 ay müddətinə, aylıq 87 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09 avqust 2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh əsas borc üzrə 875 manat, 1031.62 manat cərimə borcu olmaqla, cəmi 1906.92 manat borcu vardır. İş materiallarında olan İddiaçı MMC tərəfindən borclu Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, borcunun tam olaraq 5 iş günü müddətinə ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətinə ləğv etməyi təklif etmişlər, əks təqdirdə bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddia üzrə iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam əsaslıdır. Ona görə də, cavabdehdən İddiaçı MMC-dən alınmış nisyə satış müqaviləsi üzrə ödənilməmiş əsas borcu 875 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1031.62 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 87 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 875 manat əsas, 87 manat cərimə borcu olmaqla, cəmi 962 manat və 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 07.10.2017-ci il tarixli QBLK00086 №-li Nisyə alqı-satqı müqaviləsi üzrə 875 manat əsas borc, 87 manat cərimə borcu olmaqla, cəmi 962 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar