Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-161/2024 01.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin artırılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 avqust 2014-cü ildə anadan olmuş X5 və 11 yanvar 2017-cı ildə anadan olmuş X2 üçün alimentin artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 220 manat və müalicə xərcləri üçün hər bir uşaq üçün hər ay 50 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 23 avqust 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatında keçməklə evlənmişlər və nikahları cavabdehin iddiasına əsasən Qəbələ rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(025)-1267/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur və uşaqları 08 avqust 2014-cü il təvəllüdlü X8 və 11 yanvar 2017-ci il təvəllüdlü X13 onun yanında saxlanılmışdır. Lakin hələ nikahları pozulmamışdan əvvəl cavabdeh uşaqların saxlanılması üçün evə hər hansı bir qazanc gətirmədiyinə və uşaqlarla maraqlanmadığına görə o, cavabdehdən aliment tələb etmişdir. Ona görə də məhkəmədə aliment tələbinə dair iddia qaldırmışdır. Qəbələ rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(025)-878/2020 saylı qətnaməsinə əsasən iddiası qismən təmin edilərək 08 avqust 2014-cü il təvəllüdlü X6 və 11 yanvar 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi hər birinin saxlanması üçün hər ay sabit pul məbləğində 125 manat, cəmi 250 manat alimen tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmənin 2020-ci ildə müəyyən etdiyi 250 manat aliment ərzaq məhsullarının qiymətlərinin gündən-günə artdığı indiki şəraitdə uşaqların böyüdükləri və xərclərinin artdığına görə kifayət etmədiyinə görə məhkəmədə alimentin artırılmasına dair iddia qaldırmaq qərarına gəlmişdir. Hesab edir ki, alimentin həcmi 2023-cü il üçün uşaqlar üçün müəyyən edilmiş həddə artırılmalıdır. Bundan başqa uşaqlar tez-tez xəstələnir, ona görə də onların müalicə xərclərinə cavabdehin cəlb edilməsi zərurəti yaranır. Bu səbəbdən ən azı iki il ərzində cavabdehin əlavə xərclərə cəlb edilməlidir. Əlavə xərclər hər bir uşaq üçün hər ay 50 manat təşkil edir. Uşaqların üstün mənafeyini təmin etmək məqsədilə qeyd etdiyi kimi cavabdehin cəlb edilməsi zəruridir. Onu da qeyd edir ki, cavabdehin bu xərclərdə iştirak etmək üçün kifayət qədər maddi imkanı vardır. Cavabdehə mediasiya təklifi verilmiş, lakin mediasiya prosesində razılığa gəlinməmişdir. Bu barədə X9 verilməsi haqqında 02 mart 2023-cü il tarixli, MŞŞ/MT018-2023-00659 saylı mediasiya şurasının protokolu da vardır və işə əlavə edilir. Onun heç bir yerdən qazancı yoxdur. Artıq uşaqların maddı tələbatını qarşılaya bilmir. Azərbaycanda yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü il üçün 220 manat müəyyən edilmişdir. İddiaya etiraz: xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir, belə ki, uşaqların tez-tez xəstələndiyini, onun onların müalicə xərclərinə cəlb edilmə zərurətinin yarandığını yazsa da, uşaqlarda hansı xəstəliyin olması (mövsümü xəstəliklərdən başqa), hansı vaxtlarda müalicə olunduqlarını, nə qədər müalicələrinə pul xərclədiyini açıqlamamışdır. Eyni zamanda hal-hazırda müayinə və müalicələrin pulsuz olduğu halda uşaqların müalicəsi üçün əlavə yardım olunması zərurətinin yarandığı barədə hər hansı mötəbər sübut təqdim etmədiyindən və təsdiqini tapmadığından, hüquqi əsası da yoxdur. Onun kifayət qədər maddi imkanımı olduğunu qeyd edir, lakin məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, rəsmi olaraq işləyir və aldığı əmək haqqı 484 manat təşkil edir. Digər tərəfdən hər ay "Kapital" Banka 200 manatdan artıq kredit ödənişi edir və həmin kreditin ödənişlərini etməkdə çətinlik çəkir. Təyin olunmuş alimenti isə valideynlərinin köməkliyi ilə ödəyir. Həmçinin, nəzərə alsalar ki, onun adında hər hansı daşınar və daşınmaz əmlak yoxdur və əlavə qazanc da əldə edə bilmir. İddiaçı birgə nikahlarından olan İddiaçı cavabdeh şəxs kimi ona qarşı 08 avqust 2014-cü il tarixində anadan olmuş X8 və 11 yanvar 2017-ci il tarixində anadan olmuş X1 üçün alimentin artirilaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 220 manat və müalicə xərcləri üçün hər bir uşaq üçün hər ay 50 manat tələb etsə də, qeyd olunan məbləğdə alimentin və digər ödənişin onun ödəmək iqtidarında olması baradə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən onu da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İddiaçı da Qəbələ şəhər Apayev adına 4 saylı tam orta məktəbdə müəllimə, eyni zamanda sinif rəhbəri vəzifəsində işləyir və bildiyinə görə yüksək 600 manat civarında əmək haqqı alır, uşaqların saxlanılması hər iki valideynin vəzifə borcu olduğundan, qarşı tərəfdə aldığı əmək haqqı ilə uşaqların saxlanılmasında köməklik etməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(025)-878/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini bu günə qədər çətinliklə ödəmişdir. Lakin 2020-ci ildən onun əmək haqqında hər hansı artım olmamışdır. Həmçinin iddiaçı özü də müəllim işləyərək, əmək haqqı almaqdadır. Bu səbəbdən alimentin artırılmasına razı deyildir. Eyni zamanda onu da göstərir ki, birgə nikahlarından doğulmuş uşaqlarında hər hansı xəstəlik yoxdur. Adi mövsümi xəstəliklər olur ki, bu da bütün uşaqlarda olmaqdadır. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının vəkilinin və etibarnamə üzrə nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismn təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(025)-878/2020 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, 08 avqust 2014-cü il təvəllüdlü X11 və 11 yanvar 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində, hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan Qəbəə Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 2(025)-1267/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 2013-cü il avqustun 23-də qeydə alınmış 114 nömrəli nikahın pozulması, 08 avqust 2014-cü il təvəllüdlü X11 və 11 yanvar 2017-ci il təvəllüdlü X7 cavabdeh - anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİİ seriyalı, 383060 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 626 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Azərbaycan Respublikası Qəbələ Regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİİ seriyalı, 866641 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X13 xx.xx.2017-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 54 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, İddiaçı Şəki-Zaqatala Regional Təhsil İdarəsində müəllim işləməklə 647 manat əmək haqqı alır. İşdə olan “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, Cavabdeh “X4 Xidməti” X14 mütəxəssis işləməklə 589 manat əmək haqqı alır. İş materiallarında olan “X9 Verilməsi Barədə” 02 mart 2023-cü il tarixli, MŞŞ/MT018-2023- 00659 nömrəli protokoldan görünür ki, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə mediatorun iştirakı ilə müəyyən edildiyinə görə mediasiya prosesisinə xitam verilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X3 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 32.1.2-ci maddəsinə uyğun olaraq ““X9 Verilməsi Barədə” protokol verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə baxışı iclasında işdə iştirak edən iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə nikah münasibətlərindən 08 avqust 2014cü il təvəllüdlü X11 və 11 yanvar 2017-ci il təvəllüdlü X13 adlı iki uşaqları doğulmuşdur, tərəflərin nikah münasibətlərindən anadan olmuş uşaqları ananın yanındadır. Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(025)-878/2020 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, 08 avqust 2014-cü il təvəllüdlü X11 və 11 yanvar 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində, hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı həmin məbləğin uşaqların minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, bu səbəbdən də, təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan 08 avqust 2014-cü il təvəllüdlü X6 və 11 yanvar 2017-ci il təvəllüdlü X2 üçün hər uşaq üçün 220 manat aliment tutulmasını xahiş edir. Cavabdeh isə uşağın saxlanması üçün müəyyən edilmiş alimenti çətinliklə ödədiyini, halhazırda əməkhaqqının 500 manat olduğunu,alimentin artırılmamasını xahiş edir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatlarının artması, Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(025)-878/2020 nömrəli qətnaməsi ilə aliment təyin edilən tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 170 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat təşkil etməsi) və bu xüsusda uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından anadan olmuş 08 avqust 2014-cü il təvəllüdlü X11 və 11 yanvar 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(025)-878/2020 nömrəli qətnaməsi ilə hər ay təyin edilmiş 125 manat aliment həmin uşağın yaşının və bu xüsusda aradan keçən müddət ərzində tələbatlarının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması, həmçinin rəsmi iş yerinin olmaması kimi halları nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının nümayəndəsinin və vəkilinin izahatından və iş materiallarından müəyyən olunur ki, məhkəmə qətnaməsi ilə cavabdehin hər ay uşağa ödəməli olduğu 125 manat aliment yetkinlik yaşına çatmayan həmin uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan sonra tələbatlarının artması və həyat şəratinin bahalaşması ilə bağlı uşaqların saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır. Belə ki, bununla bağlı qeyd olunmalıdır ki, ümumməlum faktdır ki, alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki vaxtadək gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiyməti davamlı olaraq artmışdır. Məhz həm də bunun nəticəsi olaraq dövlət tərəfindən yaşayış minimumu, o cümlədən yaşayış minimumu məbləği artırılmışdır. Belə ki, iddiaçı aliment təyin olunması üçün məhkəməyə müraciət etdiyi 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu məbləği 160 manat olduğu təqdirdə, bu rəqəm ilbəil artmış, 2023-cü il üçün isə bu məbləğ 220 manat təşkil etmişdir. Lakin cavabdeh, yalnız təyin olunmuş aylıq hər bir uşaq üçün 125 manat alimenti ödəməyə çalışmış, alimentin təyin olunduğu vaxtdan 3 ildən artıq müddət keçməsinə, sənaye və ərzaq məhsullarının və digər malların qiymətlərinin artmasına, həyat şəraitinin bahalaşmasına baxmayaraq, alimentin miqdarını artırmamış, uşaqların artan maddi tələbatının təmin edilməsində iştirak etməmişdir. Bu müddət ərzində uşaqların məişət qayğılarının çəkilməsində və artan tələbatının təmin edilməsində əsas ağırlıq iddiaçının üzərinə düşmüşdür. Bu hallar birmənalı şəkildə aliment təyin olunduqdan sonra iddiaçının maddi vəziyyətinin pisləşməsini, bu xüsusda hazırki alimentin uşaqların əvvəlki təminat səviyyəsinə maksimal saxlanması zərurətinə cavab vermədiyini göstərir. Bu konteksdə məhkəmə nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inktişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi, həmçinin cavabdehin uşaqların artan tələbatları konteksində onu əvvəlki təminat səviyyəsində saxlamaq vəzifəsi daşıması ilə bağlı hal, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin - iddiaçının üzərinə düşməsinin qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas ola bilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və bu hüquqi mövqelər əsasında formalaşmış məhkəmə praktikası əsas tutulmaqla uşağın saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Bu konteksdə aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay hər bir uşaq üçün 180 manat, iki uşaq üçün hər ay 360 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən-müəyyən olunmuş alimentin hər ay hər bir uşaq üçün 180 manat miqdarında artırılması hissəsində təmin edilməli, hər ay hər bir uşağa görə 180 manatdan artıq tələb məbləği hissəsində isə təmin edilməməlidir. Məhkəmə belə qənaətə gələrkən iddiaçının cavabdehin hər ay 440 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını, iddiaçının özünün də işləyərək aylıq əmək haqqı almasını nəzərə alır. İddiaçının uşaqların xəstəliyi ilə əlaqədar 50 manat aliment tələbi ilə bağlı qeyd edir ki, iddiaçı uşaqların xəstəliyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılması olduğundan, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 63,2 (altmış üç manat iyirmi qəpik) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(025)-878/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh 08 avqust 2014-cü il təvəllüdlü X11 və 11 yanvar 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 (üç yüz) manat aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(025)-878/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh 08 avqust 2014-cü il təvəllüdlü X11 və 11 yanvar 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 (üç yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Cavabdeh 63,2 (altmış üç manat iyirmi qəpik) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-161/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-161/2024
01.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver