Məhkəmə qərarları › İş №e-2(025)-1692/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1692/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1692/2023 19.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: kredit üzrə mübahisələr, kredit borcu tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcu tələbi”nə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5600 AZN əsas və 690,62 AZN faiz olmaqla, cəmi 6290,62 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 83,31 AZN məbləğində vəsaitin tutulması barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində 35 ay müddətinə illik 27,6% ödəmək şərtilə 5600 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində ərizə-anket və imza nümunəsini imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X1 5.9.1.8-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin buşərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, iddiaçı bankdan 1500 manat kredit almaq istəmişdir. Lakin ona 5600 manat kredit verilmişdir. Onun isə ehtiyacları olduğundan ona verilmiş 5600 manat krediti xərcləmişdir. İndi isə həmin məbləği qaytarmağa imkanı yoxdur. Hal-hazırda isə Bakı şəhərində işləyir və 700 manat əməkhaqqı alır. Eyni zamanda Bakı şəhərində kirayədə yaşayır. Gələcəkdə borcuna görə əməkhaqqından 50 faiz tutulması onun vəziyyətini ağırlaşdıracaqdır. Bu səbəbdən qərar qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materillarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertasına əsasən Cavabdeh istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,6 % ödəmək şərtilə 5600 manat məbləğində kredit xətti açılmışdır. X1 1-ci bəndindən görünür ki, "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə Cavabdeh tanış olmuş və onun bütün şərtləri ilə razıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 5600 manat əsas, 690,62 manat faiz, cəmi 6290,62 manat borcu vardır. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçının nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron qaydada göndərilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 50 manat ödəniş edilmiş, həmin tarixdən sonra isə heç bir ödəniş edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Göründüyü kimi, Cavabdeh "xxxx" KB ASC-dən 5600 manat məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nə vurduğu zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan müəyyən dərəcədə məhrum olmuşdur və iddiaçı kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmiş, bu məqsədlə borcluya xəbərdarlıq məktubu göndərilmiş, lakin sonuncu tələb olunan vaxt ərzində icrası yarımçıq qalmış öhdəliyi icra etməmişdir. Ona görə də məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş Cavabdeh 5600 manat əsas, 690,62 manat faiz, cəmi 6290,62 manat məbləğində kredit borcunun tutulmasını əsaslı sayır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5600 manat əsas, 690,62 manat faiz, cəmi 6290,62 manat borcu vardır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 83,31 (səksən üç manat otuz bir qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5600 manat əsas borc və 690,62 manat faiz borcu olmaqla, cəmi 6290,62 (altı min iki yüz doxsan manat altmış iki qəpik) manat kredit borcu və 83,31 (səksən üç manat otuz bir qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5600 manat əsas borc və 690,62 manat faiz borcu olmaqla, cəmi 6290,62 (altı min iki yüz doxsan manat altmış iki qəpik) manat kredit borcu və 83,31 (səksən üç manat otuz bir qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar