Məhkəmə qərarları › İş №e-2(025)-176/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-176/2025

22.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-176/2025 22.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı X8 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair (Açar sözlər: maddi ziyan tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh1 və onun vəkili Vəkil2 iştirakları ilə İddiaçı X8 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X15 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 maddi ziyanın əvəzində 38000 manat pulun, hüquqi yardım üçün vəkilə ödənilən 300 manat pulun və ödənilmiş 205 manat dövlət rüsumunun, cəmi 38505 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-cu ildə o, Qəbələ rayonu Nohurqışlaq kəndində 0,10 ha torpaq sahəsi alaraq orada iki mərtəbəli yaşayış evi və həyətində yardımçı tikililər tikmişdir. Bundan başqa həmin kəndin yaxınlığından 3 ha torpaq sahəsi icarəyə götürərək orada heyvandarlıqla məşğul olmağa başlamışdır. Təxminən 2018-ci ilin sentyabr ayında bir tanışıma heyvanlarına baxmağı üçün çoban lazım olduğunu bildirmiş və tanışı onu Cavabdeh2 ilə tanış etmişdir. Daha sonra o, Altayı və oğlu Röyalı fermasında heyvanlarına baxmaq üçün işə götürmüşdür. Uşaqları Bakıda təhsil aldığı üçün tez-tez Bakıya gedirmiş. Bu səbəbdən də heyvandarlıq üçün lazım olan bütün ot preslərini və arpa yemlərini lazımı qədər alıb həm fermaya, həm də evinin həyətindəki tövləyə qoyurmuş ki, o olmadığı zaman Altay yemləri oradan götürüb heyvanlara versin. Fermadakı işləri yerinə yetirmək üçün Altaya hər cür şərait yaratmışdır. Altay özünə kömək üçün oğlu Röyalı da fermaya gətirmişdir. O da Röyalın atası Altaya kömək üçün işə cəlb olunmasına razı olmuşdur. Onlar hər ikisi fermada işləyərək fermanı idarə edirmişlər. Bir müddət cavabdehlər ilə işlədikdən sonra etibarını qazandıqları üçün Bakıya köçməyə qərar vermiş və bütün işlərlə məşğul olmağı cavabdehlərə tapşırmışdır. Bu minvalla onlar 2018-ci ilin sonlarınadək fermada işləmişlər. Amma həmin müddətdə mal-qaranın sayının günü-gündən azaldığını, heyvanlar üçün aldığı yemin tez-tez qutardığının şahidi olurmuş. Ən sonda isə Altay və Röyalın ona məxsus mal-qaranı ondan xəbərsiz və razılığı olmadan satıb pulunu taladıqlarını müəyyən etmişdir. Bu barədə Altay hətta ona yazılı qəbz də vermişdir. Altay özü verdiyi qəbzdə etiraf etmişdir ki, ona məxsus xırdabuynuzlu heyvanları ehtiyacı üzündən sataraq ümumi dəyəri 38000 manat olan pulu xərcləmişdir. O, həmçinin qeyd etmişdir ki, həmin puldan 10000 manatını 2020-ci ilin may ayının sonunadək, qalan 28000 manatı isə 2020-ci ilin sonunadək ona ödəyəcəkdir. Lakin, həmin vaxtdan bəri xeyli müddət keçməsinə və pulu dəfələrlə tələb etməyinə baxmayaraq Altay və Röyal ona vurduqlarıziyanı ödəməmişlər. Bu barədə etdiyi şikayəti əsasında Qəbələ Rayon Polis X5 və Prokurorluğunda araşdırma aparılmışdır. Araşdırmanın nəticəsində Qəbələ rayon Polis Şöbəsi tərəfindən qəbul olunmuş qərarlarlacinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı X15 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının vəkili Vəkil1 məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron qaydada ərizə göndərərək, bütün sübutların tərəflərindən məhkəməyə təqdim edildiyini, işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək ifadəsində göstərmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi Cavabdeh2 tərəfindən imzalanmış qəbzi əsas gətirmişdir. Lakin Cavabdeh2 həmin qəbzi iradəsi xaricində imzalamışdır. Həmin qəbzdə yazılanları həmin vaxtı dərk etməmişdir. Ümumiyyətlə 38000 manat məbləğin necə yarandığı müəyyən edilməmişdir. Cavabdehlərin əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin məhkəməyə iddia tələbinin tətbiqi barədə ərizə vermişdir. Həmin ərizə də nəzərə alınmaqla iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının və Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, sözügedən hadisələr 7 il bundan əvvəl baş vermişdir. Həmin vaxt polis və prokurorluq tərəfindən də araşdırma aparılmışdır. Şikayətin əsassız olduğu müəyyənləşdirilmişdir. Onun iddiaçıya borcu yoxdur, olsaydı həmin vaxt borcunu ödətdirərdi. Həmin vaxt onlar prokurorluqdan çıxarkən Səfəralı müəllim ona izahat yazdırmışdır. Ona demiş ki, “qol çək, burda heç nə yoxdur.” Sonra bu pulun tələb olunacağını bildirsə də, Səfəralı müəllim həmin pulun tələb olunmayacağını bildirmişdir. 7 il ərzində ondan pul tələb etməyib, indi gəlib ondan pul istəyir. İddiaçıdan aldığı şeylərin hamısını ona qaytarmışdır. O vaxt 6 baş qoyunu canavar tutmuş, itki olmuş, onun pulunu qaytarmışdır. Çünki iddiaçı ona demiş ki, itki onluq deyil. Bir də iddiaçının özünə deyib 8 torba arpa götürmüşdür. İddiaçıya təxminən 1500- 1600 manat pul qaytarmışdır. Ödənişi iddaçıya bank vasitəsilə göndərmişdir. Ödədiyi pul da itkiyə getmiş heyvan və arpanın pulu olmuşdur. İddiaçı ona 134 baş heyvan verib, ondan 96 baş heyvanı topa şəkildə vermişdir. 14-15 baş heyvanı özü aparıb, 10 baş heyvanı ona satdırıb. 21 baş heyvanı özü fermanın içərisində tərəzi ilə ölçüb satmışdır. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Cavabdeh2 tanıyır. Digər cavabdeh və iddiaçını tanımır. Həmin hadisədən uzun müddət keçib, çox şeylər yadından çıxmışdır. Ancaq yadında olan odur ki, qoyunla bağlı məsələ olmuşdur. Qəbzi o yazmamışdır. Orda 1600 manat puldan və sayı yadında qalmayan qoyundan söhbət gedirmiş. O vaxt cavabdeh demiş ki, qoyunları qaytarmış, iddiaçı götürmək istəməmiş, o da polis vasitəsi ilə götüzdürmüşdür. Həmçinin qəbzi yazanda Cavabdeh2 köməklik etsə də, orada yazılan məbləğdən xəbəri yoxdur və Altay həmin məbləği könüllü olaraq yazmışdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ rayon polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı X13 tərəfindən qəbul edilmiş 23 sentyabr 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X8 DİN-in “102” xidmətinə zəng vuraraq verdiyi məlumat əsasında toplanmış HK-1/1043 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Qəbələ rayon prokurorunun böyük köməkçisi, baş ədliyyə müşaviri Süleyman Süleymanov tərəfindən qəbul edilmiş 17 fevral 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X8 əmlakının A.F.Zəkəriyəyev və digərləri tərəfindən mənimsənilməsinə dair göstərilən xüsusatlar təsdiq olunmadığından toplanmış 04c-20 saylı material üzrə hissəvi olaraq cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə X3 və digərləri tərəfindən İddiaçı əmlakını dələduzluq və ya oğurluq yolu ilə talamalarına dair göstərilən xüsusatlr üzrə araşdırmasını davam etdirilməsi üçün material aidiyyəti üzrə RPŞ-nin İB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Qəbələ rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X14 tərəfindən qəbul edilmiş 17 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış HK-1/1043 saylı materialda oğlurluq, dələduzluq və digər cinayət hadisəsi aşkar edilmədiyindən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Qəbələ rayon prokuroru vəzifəsini icra edən, baş ədliyyə müşaviri X2 tərəfindən 04c-20 saylı materialı və həmin material üzrə qəbul edilmiş 04 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması barədə” qərardan görünür ki, rayon prokurorluğunda araşdırılmış 04c-20 saylı material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərar material üzrə əlavə araşdırma aparılması zərurəti yarandığı üçün ləğv edilmişdir. İş materiallarında olan Qəbələ rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşunas X4 tərəfindən qəbul edilmiş 12 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X8 müraciəti əsasında toplanmış 04C/20 saylı materialda cinayət hadisəsi olmadığından, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, Bəhman Əliyevə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan Qəbələ rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X14 tərəfindən qəbul edilmiş 17 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda X3 izahatında göstərmişdir ki, İddiaçı 78 min manat deyil, 38 min manat borcludur. Həmin 38 min manat borclu olduğuna dair xx.xx.2020-ci il tarixli Bəhman Əliyevə verdiyi qəbzlə də təsdiq etmişdir. Bəhmanın həmin fermada 78 min manatlıq nə xırdabuynuzlu heyvanları, nə ot presləri, nə də arpa və ya buğda bitkisi olmamışdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən Qəbələ rayon Polis şöbəsinə yazılmış 2023cü il tarixli izahatdan görünür ki, Cavabdeh2 müstəntiqin sualına cavab olaraq göstərmişdir ki, “ Mən ona 78 min manat deyil, 38 min manat borcluyam. Həmin 38 min manat borclu olduğuma dair 04.02.202-ci il tarixli İddiaçı verdiyim qəbzlə də təsdiq etmişəm. Bəhmanın həmin fermada 78 min manatlıq nə xırdabuynuzlu heyvanları, nə ot presləri, nə də arpa və ya buğda bitkisi olmamışdır. İş materiallarında olan X3 tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli Qəbzdə göstərilmişdir ki, “Mən Cavabdeh2 Firudun Verirəm qəbzi X12 ona görəki mən onun xırda buynuzlu heyvanlarına baxarkən ehtiyacım üzündən ümumi dəyəri 38 min manat (otuz səkiz min manat) dəyərində heyvani satib xərcləmişəm. Soz verirəm ki həmin pulun 10 min manatını 2020 ci ilər may ayın sonuna qədər, qalan 28 min manatı isə 2020 ci ılın sonuna qədər ödəyəcəm”. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki,iddiaçı X15 ilə Cavabdeh2 arasında olan şifahi razılaşmaya görə iddiaçı özünə məxsus fermada qoyun və keçilərdən ibarət xırdabuynuzlu heyvanları baxmağı sonuncuya həvalə etmişdir. İşin bu halını işin məhkəmə araşdırılması zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 etiraf etmişlər. Lakin iddiaçı X18 Zəkəryəyevin və Cavabdeh1 ona məxsus xırdabuynuzlu heyvanları mənimsənilməsi, o cümlədən ona qarşı dələduzluq edilməsi barədə polis və prokurorluq orqanlarına dəfələrlə müraciət etmişdir. X8 şikayəti əsasında başlanılmış araşdırma Qəbələ rayon polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı X13 tərəfindən qəbul edilmiş 23 sentyabr 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla təmin edilməmişdir. Bundan sonra isə iddiaçı “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlardan Qəbələ rayon prokurorluğuna, Azərbaycan Respublikası Baş Prokurorluğuna, Qəbələ Rayon Məhkəməsinə və Şəki Apellyasiya Məhkəməsinə dəfələrlə müraciətlər etmişdir. Bəhman Əliyevin müraciətləri əsasında bir neçə il ərzində davam edən araşdırma Qəbələ rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşunas X4 tərəfindən qəbul edilmiş 12 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən rədd edilmişdir. Bundan sonra iddiaçı mülki qaydada məhkəməyə müraciət etmişdir. Hal-hazırda isə cavabdehlər iddia tələbini qəbul etmirlər və Cavabdeh2 onun tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli qəbzin onun iradəsi daxilində yazılmadığını, orada yazılanlardan xəbərdar olmadığını və bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan X3 tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli Qəbzdə sonuncu X12 məxsus ümumi dəyəri 38000 (otuz səkkiz min) manat dəyərində olan xırda buynuzlu heyvanları sataraq öz ehtiyacı üçün xərclədiyini, həmin pulun 10000 manatını 2020-ci ilin may ayının sonuna qədər, qalan 28000 manatını isə 2020-ci ilin sonuna qədər öhdəlik götürmüşdür. Altay Zəkəriyəyev həmin qəbzin onun tərəfindən yazıldığını və imzalandığını məhkəmə iclaslarında etiraf etmişdir. Altay Zəkəriyəyevin qəbzi aldadılaraq yazıldığı barədə dediklərinə isə məhkəmə tənqidi yanaşır. Belə ki, ilk növbədə Altay Zəkəriyəyev həmin qəbzin prokurorluqda vəkil Səfəralı Süleymanov tərəfindən, onun sözləri ilə yazıldığını bildirmişdir. Lakin məhkəmə iclasında iştirak edən X1 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, ərizənin ümumi məzmunu barədə Altay Zəkəriyəyevə köməklik göstərsə də, orada yazılan məbləği Altay könüllü olaraq yazmışdır. Həmçinin şikayət olunan şəxs Altay Zəkəriyəyev olmuş və onun barəsində cinayət işinin başlanması dəfələrlə rədd edilmişdir. Belə olduğu təqdirdə ona prokurorluq orqanlarında məcburi olaraq qəbz yazılması barədə dedikləri həqiqətə uyğun deyildir. Bundan əlavə o halı da nəzərə alır ki, iş materiallarında olan Qəbələ rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X14 tərəfindən qəbul edilmiş 17 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda X3 izahatında göstərmişdir ki, “İddiaçı 78 min manat deyil, 38 min manat borcludur. Həmin 38 min manat borclu olduğuna dair xx.xx.2020-ci il tarixli Bəhman Əliyevə verdiyi qəbzlə də təsdiq etmişdir. Bəhmanın həmin fermada 78 min manatlıq nə xırdabuynuzlu heyvanları, nə ot presləri, nə də arpa və ya buğda bitkisi olmamışdır.” Göründüyü kimi sözügedən rədd qərarında da sonuncu Bəhman Əliyevə 38000 manat borclu olmasını etiraf etmişdir. Lakin həmin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan şikayət verməmiş və nəticədə orada yazılmış izahat ilə razılaşmışdır. Eyni zamanda o, bunu Qəbələ rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X9 verdiyi izahatında da etiraf etmişdir. Məhkəmə sübutetmə yükünün tərəflərin üzərinə düşdüyünə dair qanun normalarına istinad edərək qeyd edir ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli Qəbzin onun iradəsi xaricində yazıldığını əsas gətirməklə iddia tələbinə etiraz etsə də, bu barədə heç bir sübutu məhkəməyə təqim edə bilməmişdir. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından, sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulduğundan məhkəmə Altay Zəkəriyəyevin iddia tələbinə etirazını özünə haqq qazandırmaqla, üzərinə götürdüyü öhdəliyin lazımi qaydada icra olunmamasına görə mülki məsuliyyətdən yayınmaq məqsədi daşıdığı kimi qiymətləndirərək cavabdehin bu cürə etirazına və izahatında göstərdiyi fikirlərə tənqidi yanaşır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırkı işdə də zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, hazırkı işdə də Cavabdeh2 iddiaçı X12 məxsus ümumi dəyəri 38000 (otuz səkiz min) manat xırda buynuzlu heyvanları ehtiyacı üzündən sataraq maddi ziyan vurmasını özü tərəfindən yazılmış qəbzlə, eyni zamanda Qəbələ rayon Polis şöbəsinə verdiyi izahatla da təsdiq etməkdədir. İddiaçının Cavabdeh1 da pul tələb etməsinə məhkəmə onu qeyd edir ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlarda olan Cavabdeh1 izahatlarından, eyni zamanda məhkəmə iclasında onun və digər cavabdeh Altay Zəkəryeyevin izahatlarından müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçı X12 hər hansı maddi ziyan yetirməsi sübut olunmamış və iddiaçı da bu barədə hər hansı bir sübut təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi maddi ziyanın Cavabdeh1 tutulması hissəsində təmin edilməməlidir. Həmçinin məhkəmə onu da bildirir ki, cavabdehlər məhkəməyə iddia müddətinin tətbiq olunmasına dair ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq edilməklə də iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Lakin cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizədə hansı əsaslarla iddia müddətinin keçməsini əsaslandıra bilməmişlər. Sözügedən ərizədə gah 6 ilə yaxın, gah da 6 ildən çox müddət deyə qeyd etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Mülki Məcəllənin sözügedən maddələrindən göründüyü kimi müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırkı işdə iddiaçı X15 ilə Cavabdeh2 və Cavabdeh1 arasında hər hansı müqavilə, o cümlədən daşınmaz əmlakla bağlı müqavilə yoxdur. Eyni zamanda Mülki Məcəllədə maddi ziyanla bağlı xüsusi iddia müddəti nəzərdə tutulmamışdır. Bu səbəbdən tərəflər arasındakı mübahisəyə ümumi iddia müddəti olan 10 il tətbiq edilməlidir ki, iddiaçı da həmin müddəti ötürməmişdir. Bu səbəbdən məhkəmə cavabdehlərin “iddia müddətinin tətbiqi barədə” ərizələrini əsassız sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 205 (iki yüz beş) manat dövlət rüsumu Cavabdeh2 alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 300 manat xərcin cavabdehdən tutulmasını əsaslı və qanuni hesab edir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 38000 (otuz səkkiz min) manat məbləğində borc, 300 (üç yüz) manat vəkil xidmət haqqı və 205 (iki yüz beş) manat dövlət rüsumu alınaraq iddiaçı X12 ödənil ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 38000 (otuz səkkiz min) manat məbləğində borc, 300 (üç yüz) manat vəkil xidmət haqqı və 205 (iki yüz beş) manat dövlət rüsumu alınaraq iddiaçı X12 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar