Məhkəmə qərarları › İş №e-2(025)-18/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-18/2023

25.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-18/2023 25.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, lizing müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh Hərşivan oğlunun iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Hərşivan oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 44180,00 (qırx dörd min yüz səksən) manat dəymiş maddi ziyanın və 222,55 (iki yüz iyirmi iki manat əlli beş qəpik) manat dövlət rüsumunun-cəmi 44402,55 (qırx dörd min dörd yüz iki manat əlli beş qəpik) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış 2020-ci il 12 may tarixli 08/00182 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Qəbələ rayonunun Böyük Əmirli kəndində 03 iyul 2020-ci il tarixində texnikaya baxış keçirilməsi haqqında tərtib edilmiş akta əsasən, Şəki Regional Nümayəndəliyinin Qəbələ rayon bölməsinin istifadəsində olan və mexanizator Cavabdeh tərəfindən operativ lizinqə götürülmüş 701320 şassi nömrəli Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn Qəbələ rayonunun Böyük Əmirli kənd ərazisində biçin apararkən mühərrik hissəsində yanğın baş vermiş və nəticədə kombayn istifadəyə yararsız hala düşmüşdür. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün 44 180,00 (qırx dörd min yüz səksən) manat dəymiş maddi ziyan hesablanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında iddia tələbinə etiraz edərək, bildirdi ki, iddiaçının maddi ziyan tələbinə dair iddiasını qəbul etmir. Belə ki, Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın mühərriki onun səhlənkarlığı nəticəsində yanmamışdır. Kombaynın özündə nasazlıq olmuşdur. Həmin kombaynı, o, 2020-ci ilin may ayında "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə almış, iki ay sonra yəni 2020-ci ilin iyul ayında mühərrikdə yanğın baş vermişdir. Bu da onu göstərir ki, kombayn ona verilən zaman nasazlıq olmuşdur. Lakin bu barədə ona heç bir məlumat verilməmişdir. X5 SR-2065 markalı taxılyığan kombaynın mühərriki onun təqsiri üzündən yanmadığından qeyd olunan pul məbləğini ödəməli deyil. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki işdə olan sənədlər: İş materiallarında olan 12 may 2020-ci il tarixli 08/00182 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” Müqaviləsindən görünür ki, İstifadəyə verən kənd təsərrüfatı texnikasının mülkiyyət hüququnun istifadəçiyə keçməməsi ilə şərti ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər 7.000.00 manat ödənilməsi əsası ilə istifadəyə verir. İş materiallarında olan mexanizator Cavabdeh tərəfindən İddiaçı ASC-nin sədri Nümayəndə verilmiş “İltizam”dan görünür ki, mexanizator Cavabdeh 12 may 2020-ci il tarixli 08/00182 il tarixli müqavilə əsasında müvəqqəti istifadəyə götürdüyü texnikanı təyinatı üzrə istifadə etməyi; istismar zamanı zəruri texniki qulluq işlərinin vaxtında həyata keçirməyi; istismar zamanı yaranmış nasazılığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı; istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi; taxıl yığımı zamanı ilkin olaraq 50 ha-dan kiçik ölçülü taxıl sahələrində işləməyi, iri təsərrüfat sahələrində isə Mərkəzi Aparatın qabaqcadan razılığı ilə taxıl yığımını həyata keçirməyi və Cəmiyyət tərəfindən müəyyən edilmiş dislokasiya planına riayət etməyi; müqavilə müddəti (istifadə) bitməmişdən əvvəl təhvil verməyindən, texnikanın istismar zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətinə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, yuxarıdakı cədvəldə nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 08/00182 nömrəli “Texniki vəziyyət haqqında” AKT1-dən görünür ki, İddiaçı ASC-nin Şəki RN-nin Qəbələ rayon bölməsinin istifadəsində olan texnika texniki saz vəziyyətdə mexanizator Cavabdeh təhvil verilmiş və sonuncu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Texniki vəziyyət haqqında” AKT2-dən görünür ki, İddiaçı ASC-nin Şəki RN-nin Qəbələ rayon bölməsinin istifadəsində olan texnika texniki mexanizator Cavabdeh təhvil alınmışdır. Bu zaman 1.mühərrikin yanması, yanacaq sistemi yararsız (rezin borular yanıb), yağlama sistemi yararsız, soyutma sistemi yararsız, 2 transmisiya saz, hidravlik sistem yararsız, lektrik avadanlığı qismən yararsız, şinlər və arxa sol təkər yararsız olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “AKT-dan görünür ki, İddiaçı ASC-nin Şəki RNnin Qəbələ rayon bölməsinin istifadəsində olan ******* şassi nömrəli, ** BA *** dövlət nömrə nişanlı Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombay xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu, Böyük Əmili kənd ərazisində Cavabdeh məxsus sahədə biçin zaman naməlum səbəsdən kombaynın mühərrik hissəsində yanğın başlamışdır, mexanizator Cavabdeh və ətrafdakı insanlar tərəfindən yanğın söndürən balondan, qumdan, süpürgədən və digər vasitələrdən istifadə etməklə yanğın söndürülməsinə ilkin tədbirlər görülmüş və dərhal Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat verilmişdir və yanğının qarşısını almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “AKT-dan görünür ki, Şəki RN-nin Qəbələ rayon bölməsinin istifadəsində olan ******* şassi nömrəli, ** BA *** dövlət nömrə nişanlı Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombay xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu, Böyük Əmili kəndi ərazisində X4 məxsus sahədə biçin zaman naməlum səbəsdən kombaynın mühərrik hissəsində yanğın başlamışdır, mexanizator Cavabdeh və ətrafdakı insanlar tərəfindən yanğının söndürülməsində ilkin tədbirlər görülmüş və dərhal Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat verilmişdir və yanğının qarşısını almışdır. xx.xx.2020-ci il tarixdə həmin kombayn Qəbələ RB-nin texnikaları saxlanılan əraziyə gətirilmişdir. Taxılyığan kombayna baxış keçirildi, mühərrik hissəsi tam şəkildə yanmışdır, su radiatoru ərimişdir, sağ tərəfdə olan qayışlar tam şəkildə yanmışdır, hidrinasos yararsız hala düşmüşdür, solomotraslar və valları sıradan çıxmışdır, dən boşaldan şneq və silindiri yanmışdır, akkumulyatoru yararsız hala düşmüşdür, elekrtik avadanlıqları tam şəkildə yararsız hala düşmüşdür və arxa sol təkər yararsız hala düşmüşdür. İş materiallarında olan Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərcləri barədə arayışdan görünür ki, Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsi üçün ümumilikdə 44180.00 vəsait tələb olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı ASC-i tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubun surətindən görünür ki, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün cəmiyyətə borcu yaranmışdır. Öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış texnikaya dəymiş maddi ziyan üzrə borcu ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli, AZE seriyalı, ********370 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1966-ci il tarixdə Qəbələ rayonu Kiçik Əmili kəndində doğulmuş, Qəbələ rayonu, Kiçik Əmilli kəndində qeydiyyatdadır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə yanğn texniki ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. 701320 şassi nömrəli “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombaynda baş vermiş yanğın hadisəsi mühərrikin səs batırıcısından sıçramış qığılcımdan mühərrikin karterinin alt sahəsinə toplanmış püfə və saman tullantılarının ani halda alışması nəticəsində baş vermişdirmi?

2. Kombaynın mühərrikin karterinin alt sahəsinə toplanmış püfə və saman tullantılarının alışması hansı səbəblərdən yarana bilərdi?

3. Əgər həmin yanğın hadisəsi mühərrikin karterinin alt sahəsinə toplanmış püfə və saman tullantılarının alışması nəticəsində yaranmışdırsa, kombayn idarə edən şəxs tərəfindən əvvəlcədən aşkar olunub aradan qaldırıla bilərdimi?

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6885 saylı ekspert rəyindən görünür ki, “Sampo Rosenlew SR-2065” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı kombaynda yanğın izlərinin nisbi analizinə və inkişaf dinamikasına görə müəyyən edilmişdir ki, yanğının mənbəyi kombayının mühərrik bölməsində olmuşdur. Hadisə ərəfəsində kombaynın işlək vəziyyətdə olduğunu, hadisə ərəfəsində kombaynda hər hansı nasazlığın qeydə alınmadığını və müəyyən edilmiş mənbə zonasında istilik ixrac edə bilən texniki qurğulardan elektrik naqillərinin yerləşdiyini nəzərə aldıqda, yanğın elektrik naqillərində hansısa elektrik qəza qısa qapanma, yüksək keçid müqaviməti və s. halının yaranması nəticəsində əmələ gələn yüksək temperaturdan bilavasitə yaxınlıqda yerləşən yanar materialların alışmasından baş verə bilərdi. “Sampo Rosenlew SR-2065” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı taxılyığan kombaynın çıxış qazlar sistemi (qluşiteli) qığılcım boğucu qurğu ilə təchiz edildiyi halda, kombaynın mühərikinin işlək vəziyyətində onun çıxış qazlar sistemindən ətrafa qığılcımların düşməsi istisna edilir. İş materiallarında “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombaynın texniki-istismar pasportu olmadığına, həmçinin iş üzrə verilmiş 25 oktyabr 2022-ci il tarixli 10/6885 №li vəsatətdə göstərilənlər, yəni yanğın hadisəsi ilə bağlı FHN-nin qurumları tərəfindən ilkin toplanmış materiallar təqdim edilmədiyinə görə, tədqiqat aparılaraq kombaynın karterinin alt hissəsinə hansı şəraitdə püfə və saman tullantılarının yığılması, həmçinin həmin hissədə yanğını şərtləndirə bilən amilləri (orda hər hansı elektrik qurğusunun yerləşməsi, mühərrikin işlək vəziyyətdində karterin alt hissəsində nə qədər temperaturun yaranması, ətrafdan həmin hissəyə qığılcımın düşə bilməsinin mümkünlüyü və s.) müəyyən etmək mümkün olmadı. “Sampo Rosenlew SR-2065” markalı kombaynda baş vermiş yanğının bilavasitə texniki səbəbini müəyyən etmək mümkün olmadığına görə qərardadın üçüncü sual üzrə tədqiqat aparılmadı.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.1-ci maddələrinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Qeyd edilən Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərarında göstərilmişdir ki, Konstitusiyanın bu prinsiplərini əsas götürərək dövlət, iqtisadiyyatın inkişafı, xalqın rifahının yüksəldilməsi məqsədilə müəyyən güzəştlər tətbiq edərək lizinq bazarının inkişaf etdirilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasında lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir.

Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında bağlanmış 12 may 2020-ci il tarixli 08/00182 saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” Müqaviləsindən görünür ki, müqavilənin müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli, 08/00182 nömrəli “Texniki vəziyyət haqqında” AKT1-dən görünür ki, İddiaçı ASC-nin Şəki RN-nin Qəbələ rayon bölməsinin istifadəsində olan texnika xx.xx.2020-ci il tarixdə mexanizator Cavabdeh təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli, 08/00720 nömrəli “Texniki vəziyyət haqqında” AKT2-dən görünür ki, İddiaçı ASC-nin Şəki RN-nin Qəbələ rayon bölməsinin istifadəsində olan texnika xx.xx.2020-ci il tarixdə Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn mexanizator Cavabdeh mühərrikin yanması, yanacaq sistemi yararsız(rezin borular yanıb), yağlama sistemi yararsız, soyutma sistemi yararsız, transmisiya saz, hidravlik sistem yararsız, lektrik avadanlığı qismən yararsız, şinlər və arxa sol təkər yararsız vəziyyətdə təhvil alınmışdır. Göründüyü kimi İddiaçı ASC-nə məxsus müqavilə ilə Cavabdeh istifadəsində olan Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın mühərrik hissəsində 17.0620220-ci il tarixdə yanğın baş vermiş yanğın zamanı kombyana 44180,00 (qırx dörd min yüz səksən) manat maddi ziyan dəymişdir. Həmçinin məhkəmə o halı da nəzərə alır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərarında göstərilmişdir ki, Konstitusiyanın bu prinsiplərini əsas götürərək dövlət, iqtisadiyyatın inkişafı, xalqın rifahının yüksəldilməsi məqsədilə müəyyən güzəştlər tətbiq edərək lizinq bazarının inkişaf etdirilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasında lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir. Konstitusiya məhkəməsinin qərarında da göründüyü kimi lizinq müqaviləsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılmasıdır ki, hazırkı halda da Cavabdeh lizinq obyektinin, yəni kombaynın istifadə etmədiyi müddətə lizinq ödənişlərinin hesablanması lizinq müqaviləsinin prinsiplərinə ziddir və lizinq alanın hüquqlarının pozulması ilə nəticələnməsi səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Belə ki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 222,55 (iki yüz iyirmi iki manat əlli beş qəpik) manat manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Hərşivan oğlundan “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombaynın 44180,00 (qırx dörd min yüz səksən) manat dəymiş maddi ziyanın və 222,55 (iki yüz iyirmi iki manat əlli beş qəpik) manat dövlət rüsumunun, cəmi 44402,55 (qırx dörd min dörd yüz iki manat əlli beş qəpik) manat məbləğin tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manat Cavabdeh Hərşivan oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

q ə t e t d i:

İddia tələbi təmin edilsin.Cavabdeh Hərşivan oğlundan “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombaynın 44180,00 (qırx dörd min yüz səksən) manat dəymiş maddi ziyanın və 222,55 (iki yüz iyirmi iki manat əlli beş qəpik) manat dövlət rüsumunun, cəmi 44402,55 (qırx dörd min dörd yüz iki manat əlli beş qəpik) manat məbləğin tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin.Ekspertiza tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manat Cavabdeh Hərşivan oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar