Məhkəmə qərarları › İş №e-2(025)-1874/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1874/2025

15.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1874/2025 15.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair (Açar sözlər: alimentin artırılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayeva Elvina Allahverdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 8(025)-106/2025 nömrəli qərardadı ilə ideksassiya olunaraq müəyyənləşdirilmiş hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3333(133,32 manat) misli həddində sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 19 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay minimum əmək haqqının 0,60 misli həcmində sabit pul məbləğində alimentin və Mediasiya Təşkilatına ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə evliliyindən övladları 19 yanvar 2012-ci il təvəllüdlü X6 anadan olmuşdur. Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(025)-64/2022 saylı qətnaməsi ilə nikahları rəsmi olaraq məhkəmə qaydasında pozulduqdan sonra birgə evlilikdən olan uşaqları onun yanında qalmış və Cavabdeh 19 yanvar 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 100 manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. 21 avqust 2025-ci il tarixli, 8(025)-106/2025 saylı Qəbələ Rayon Məhkəməsinin qərardadı ilə alimentin indeksassiyasi ilə əlaqədar ərizəsi təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-64/2022 nömrəli qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilərək, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan 19 yanvar 2012-ci il təvəllüdlü X6 üçün borclu Cavabdeh tələbkar İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3333 (133,32 manat) misli həddində sabit pulməbləğində aliment tutulması qərara alınmışdır. Hazırda uşağa görə ödənilən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3333 (133,32 manat) misli həddində sabit pul məbləğində aliment uşağın təlabatlarını ödəməyir, həmçinin qiymətlərin bahalaşması ilə əlaqədar xərclər xeyli artmışdır ki, qarşı tərəf də bu xərclərin qarşılanmasında ona hər hansı köməklik göstərmir. Nəzərə çatdırır ki, o, xadimə işləyir və aylıq əmək haqqı cəmi 250-300 manat təşkil edir. Aldığı əmək haqqını gündəlik təlabat və kommunal xərclərə ödəyirəm. Ölkədə hal-hazırda bir uşaq üçün yaşayış minimumu 246 manat olsa da, o, 1 uşağa görə 133.32 manat aliment alır. Məhkəmə tərəfindən aliment təyin edilərkən nikahları pozularkən və uşağa alıment təyin olunarkən cavabdehin İİ qrup əlil olması nəzərə alınaraq 100 manat aliment kəsilmiş, əslində cavabdehin fərdi işlərlə məşğul olması nəzərə alınmamışdır. Hazırda uşağın bütün qayğısını, ehtiyacını tamamilə o ödəyirəm. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Uşaqların məktəb xərclərini, dərsdən sonra hazırlığa müəllim yanına getməsi, gündəlik tələbatlarını, xəstəliklərini nəzərə alsaq bu məbləğ çox aşağıdır. O, hər əziyyətə, çətinliklərə qatlaşaraq uşağına baxmaq istəyir. Amma bu zaman cavabdehin də bir ata, valideyn kimi ona köməyi mütləq lazımdır. Alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki vaxtadək gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiyməti davamlı olaraq artmışdır. Bu səbəbdən dövlət tərəfindən yaşayış minimumu, o cümlədən yaşayış minimumu məbləği artırılmışdır. Ona görə də cavabdeh şəxsdən tutulan aliment məbləğinin artırılaraq qanunla hər bir uşaq üçün yaşayış minimumuna uyğun tərzdə tutulmasını istəyirəm. Qanunvericiliyin tələbinə əsasən 1 saylı X4 müraciət etmiş və qarşı tərəf ilə X5 iştirak etmədiyinə görə mediator Gültəkin Məmmədova tərəfindən ona “X5 (İMS) X10” Arayış təqdim edilmişdir. İddiaya etiraz: xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə (etiraz) təqdim edərək göstəmişdir ki, məhkəmənin icraatında İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddiası üzrə mülki iş vardır. Həmin iş üzrə cavabdehdir. İddia tələbini qəbul etmir. Belə ki, onların birgə nikahlaırndan 19 yanvar 2012-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(025)- 64/2022 saylı qətnaməsi ilə nikahları rəsmi olaraq məhkəmə qaydasında pozulduqdan sonra birgə evlilikdən olan uşaqları anasının himayəsində saxlanılmış, ondan 19 yanvar 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 100 manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə qəbul edilərkən, o, İİ qrup əlil olmuş, əlilliyimlə bağlı dövlət tərəfindən verilən pensiyadan başqa hər hansı gəlir yeri olmamış, məhkəmə tərəfindən aliment təyin edilərkən də bu hallar nəzərə alınaraq, 100 manat miqdarında aliment məbləği müəyyən edilmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə aliment məbləğinin indeksasiya olunması ilə bağlı ərizə ilə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 8(025)-106/2025 saylı qərardadı ilə alimentin məbləği indeksasiya olunaraq, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-64/2022 nömrəli qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilərək, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan 19 yanvar 2012-ci il təvəllüdlü X6 üçün borclu Cavabdeh tələbkar İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3333 (133,32 manat) misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Həmin qərarın qəbul olunmasından təxminən 3 ay müddət keçdikdən sonra iddiaçı yenidən alimentin artırılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı onun maddi vəziyyətində hər hansı dəyişiklik olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli № 8-2/2016 saylı Qərarının 8.4-3cü bəndində qeyd olunmuşdur ki, alimentin indeksasiyasından fərqli olaraq Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunun tələbindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarından da görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə müəyyən olunmuş aliment məbləğini dəyişə (artıra, azalda) bilər. Lakin onun 2022-ci ildə nikahları pozularkən mövcud olan maddi və ailə vəziyyətində hər hansı dəyişiklik olmamış, hətta xəstəliyində müəyyən ağırlaşmalar baş vermişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, hazırda İİ əlildir, buna görə dövlət tərəfindən ona 250 manat məbləğində pensiya təyin olunmuşdur, heç bir yerdə işləmir və əlavə hər hansı gəliri yoxdur. Həmçinin iddiaçı da bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda hesab edir ki, İddiaçı ona qarşı olan “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq, məhkəmdən İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə təqdim etdiyi ərizəsində (etiraz) göstərilənlərə uyğun izahat verib, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(025)-106/2025 nömrəli qərardadından görünür ki, ərizə təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-64/2022 nömrəli qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan 19 yanvar 2012-ci il təvəllüdlü X6üçün borclu Cavabdeh tələbkar İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3333 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İşdə olan Qəbələ rayon Daşca kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 02 fevral 2012-ci il tarixli “Doğum haqqında” arayışdan görünür ki, X6 19 yanvar 2012-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 01 № ilə qeyd edilmişdir. İşdə olan 05 mart 2022-ci il tarixli, AZ-İ seriyalı, 405070 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X11 arasında nikahın pozulması 05 mart 2022-ci il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsində 18 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına Həsənova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən iş yeri haqqında arayışdan görünür ki, Cavabdeh barədə mərkəzləşdirilmiş elektron informasiya sistemində şəxsin qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən sosial müavinət haqqında arayışdan görünür ki, Cavabdeh İİ qrup əlilliyə görə 250 manat məbləğində müavinət alır. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Daşca kənd İnzibati Ərazi Dairəsi üarə Nümayəndəliyi tərəfindən verilmiş Arayışdan görünür ki, Cavabdeh Qəbələ rayonu Daşça kəndində atası X7 məxsus fərdi yaşayış evində onunla birgə təsərrüfatda yaşayır. İşdə olan “X5 X10” 27 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh X5 iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl X5 iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X5 iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X3 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.3-cü maddəsinə uyğun olaraq “X5 X10” arayış verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 8.3-cü maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə baxışı iclasında iddiaçının təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, cavabdehin ərizəsi (etiraz) və ona əlavə edilmiş sənədlər tədqiq edilərək, iddiaçının və cavabdehin izahatı ilə müəyyən olundu ki, tərəflərin birgə nikahından 19 yanvar 2012-ci il təvəllüdlü X6 adlı bir uşaqları doğulmuşdur. Qəbələ Rayon Məhkəməsinin 2(025)- 64/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə iddiaçı X11 arasında 28 noyabr 2011-ci il tarixdə bağlanmış və Qəbələ rayon Daşca kənd İ.Ə.D tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 19 yanvar 2012-ci il təvəllüdlü X1 anası X8 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh 30 sentyabr 2021-ci il tarixdən başlayaraq, 19 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X9 verilməsi qət edilmişdir. Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(025)-106/2025 nömrəli qərardadına əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(025)-64/2022 nömrəli qətnaməsi ilə tutulmuş aliment məbləğinin dəyişdirilməsi, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan 19 yanvar 2012-ci il təvəllüdlü X6 üçün borclu Cavabdeh tələbkar İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3333 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Hazırda isə İddiaçı Qəbələ Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 8(025)-106/2025 nömrəli qərardadı ilə ideksassiya olunaraq müəyyənləşdirilmiş hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3333 (133,32 manat) misli həddində sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 19 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay minimum əmək haqqının 0,60 misli həcmində, yəni 260 manat sabit pul məbləğində alimentin və Mediasiya Təşkilatına ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsini tələb etmiş, iddiasını isə aliment uşağın təlabatlarını ödəmədiyi, qiymətlərin bahalaşması ilə əlaqədar xərclərin artması, özünün xadimə işlədiyi, aylıq əmək haqqının 250-300 manat təşkil etdiyi, onun da gündəlik təlabat və kommunal xərclərə ödədiyi, nikahları pozularkən və uşağa aliment təyin olunarkən cavabdehin İİ qrup əlil olması nəzərə alınaraq 100 manat alimentin kəsildiyi, əslində cavabdehin fərdi işlərlə məşğul olmasının nəzərə alınmadığı ilə əlaqələndirmişdir. Cavabdeh isə nikahları pozulan zaman ona aliment təyin olunarkən İİ qrup əlil olduğunu, əlilliyi ilə bağlı dövlət tərəfindən verilən pensiyadan başqa hər hansı gəlir yerinin olmadığını, məhkəmə tərəfindən aliment təyin edilərkən də bu hallar nəzərə alınaraq, 100 manat miqdarında aliment məbləği müəyyən edildiyini, Qəbələ Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 8(025)-106/2025 saylı qərardadı ilə alimentin məbləği indeksasiya olunduğunu, lakin iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edəkrən onun maddi vəziyyətində hər hansı dəyişiklik olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyini qeyd edərək, iddianı əsassız hesab edir və məhkəmədən alimentin məbləğinin artırılmamasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı isə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, alimentin artırılması üzrə işlərə baxarkən məhkəmə tərəfindən tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması halını nəzərə alınmalıdır. Lakin hazırki iddia tələbində alimentin artırılması üçün yeni əsasların yaranması müəyyən edilmir. Məhkəmə işin hallarını və yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbini əsassız hesab edir. Belə ki, İddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi hazırda işləyir və aylıq müntəzəm gəliri var. Cavabdeh isə məhkəməyə hazırda İİ qrup əlil olması və heç bir yerdə işləməməsi barədə sübutları məhkəməyə təqdim etmişdir. Eyni zamanda iddiaçı alimentin miqdarı müəyyən olunduqdan sonra Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Cavabdeh ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından əsaslı və qanuni deyil və bu səbəbdən də məhkəmə iddianın təmin olunmamasını ədalətli və əsaslı hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar