Məhkəmə qərarları › İş №e-2(025)-209/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-209/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-209/2024 09.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit üzrə mübahisələr, kredit borcu üzrə əsas, faiz və cərimə borcu tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1423,96 AZN, faiz borcuna görə 84,44 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 1508,40 (min beş yüz səkkiz manat qırx qəpik) AZN məbləğində borcun və 35,09 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********1235 saylı kredit müqaviləsinə əsasən borcluya ailəkəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 32.00% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1800 (min səkkiz yüz manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 128 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 oğlunun əsas borc üzrə 1423.96 AZN, faiz borcuna görə 84.44 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 1508,40 (min beş yüz səkkiz manat qırx qəpik) AZN təşkil edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı MM QBKT-nin nümayəndəsi Nümayəndə məhkəməyə teleqram göndərərək, işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan İddiaçı MM QBKT ilə Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun kredit alan) arasında bağlanan xx.xx.2022-ci il tarixli **********1235 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı MM QBKT tərəfindən Cavabdeh1 illik 32 faizlə 18 ay müddətinə 1800 manat məbləğində ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçü kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********1235 saylı kredit (restrukturizasiya) müqaviləsinin 8-ci bəndindən görünür ki, borcalan Cavabdeh1 1800 manat məbləği illik 32 %-lə, 18 ay müddətinə hər ay 128 manat, sonuncu ay isə 122 manat annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********1***-******* saylı zaminlik müqavilələrinin 1.1-ci maddəsinə əsasən zamin Cavabdeh2 Kredit Alan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit Verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli **********1235 saylı kredit müqaviləsi üzrə 1423,96 manat əsas, 84,44 manat faiz və 0,00 manat cərimə borcu olmaqla, cəmi 1508,40 manat borcu vardır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilələr ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilələr üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Göründüyü kimi, Cavabdeh1 İddiaçı MM QBKT tərəfindən xx.xx.2022-ci il tarixli, **********1235 saylı kredit müqaviləsinə əsasən illik 32 faizlə 18 ay müddətinə 1800 manat məbləğində ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçü kredit verilmişdir. Cavabdeh həmin kredit məbləğini ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı MM QBKT-nə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş cavabdeh - borclu Cavabdeh1 və həmin kreditin qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüş Cavabdeh2 müştərək qaydada kredit borcunun tutulmasını əsaslı sayır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh1 xx.xx.2022-ci il tarixli **********1235 saylı müqavilə üzrə faiz borcu 84,44 manat olmuşdur. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş cavabdeh - borclu Cavabdeh1 və həmin kreditin qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüş zamin – Cavabdeh2 müştərək qaydada kredit borcunun tutulmasını əsaslı sayır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Cavabdeh2 xx.xx.2022-ci il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından Cavabdeh2 kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə əsas borc və faiz borcu onlardan müştərək qaydada tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 35,09 (otuz beş manat doqquz qəpik) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli **********1235 saylı kredit müqaviləsinə əsasən 1423,96 manat əsas borc və 84,44 manat faiz borcu olmaqla, cəmi 1508,40 (bir min beş yüz səksən manat qırx qəpik) manat kredit borcu və 35,09 (otuz beş manat doqquz qəpik) manat dövlət rüsumu İddiaçı MM QBKT-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, **********1235 saylı kredit müqaviləsinə əsasən 1423,96 manat əsas borc və 84,44 manat faiz borcu olmaqla, cəmi 1508,40 (bir min beş yüz səksən manat qırx qəpik) manat kredit borcu və 35,09 (otuz beş manat doqquz qəpik) manat dövlət rüsumu İddiaçı MM QBKT-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar