Məhkəmə qərarları › İş №e-2(025)-234/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-234/2025

07.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-234/2025 07.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq 1220,0 manat əsas borc və 32,0 manat dövlət rüsumu, cəmi 1252,0 manat alınıb xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh ilə əsgər yoldaşı olmuş və mütəmadi olaraq onunla telefon əlaqəsi saxlamışdır. xx.xx.2024-cü il tarixdə Cəbrayıl ona zəng edərək “kriptovalyuta” oyununa yatırmaqdan ötrü ona borc verməsini xahiş etmiş və qazanc əldə etdikdən sonra borcunu artıqlaması ilə qaytaracağını vəd etmişdir. xx.xx.2024-cü il tarixdə o, Cəbrayılın **********044015 saylı kart hesabına 100,0 manat, xx.xx.2024-cü il tarixdə 120 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə isə 400 manat, cəmi 1220,0 manat göndərmişdir. Cəbrayıl ona cəmi 3500 manat qaytaracağını öhdəsinə götürmüş, lakin hər dəfə müxtəlif bəhanələr gətirərək indiyədək aldığı pulu qaytarmamışdır. Ona görə də, Cavabdeh 1220,0 manat əsas borc və 32,0 manat dövlət rüsumu, cəmi 1252,0 manat alınıb ona verilməsi barədə iddia qaldırmışdır. İşdə olan Goranboy RPŞ İB-nin xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarının surətinə əsasən Cavabdeh 2024-cü ilin oktyabr ayında “kriptovalyuta” oyununa yatırmaqdan ötrü İddiaçı 1220,0 manat məbləğində borc aldığını etiraf etmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh 2024-cü ilin oktyabr ayında İddiaçı 1220,0 manat borc almış və indiyədək ona heç bir məbləğ ödəməmişdir. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 1220,0 manat və 32,0 manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh Mirzə oğlundan 1220,0 (bir min iki yüz iyirmi) manat və 32,0 (otuz ikii) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar