Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-319/2025 03.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair (Açar sözlər: maddi ziyan tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maşının təmiri üçün ödədiyi 16000 (on altı) min manat, şəxsən özü üçün aldığı 21860 (iyirmi bir min səkkiz yüz atmış) manat və İizing adı altında isə aldığı 34720 (otuz dörd min yeddi yüz iyirmi) manat, cəmi olaraq 72580 (yetmiş iki min beş yüz səksən) manatın, mənəvi ziyan olaraq 2000 min manat və vəkilə ödədiyi 320 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, məcburi köçkün kimi ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 2012-ci ilin dekabr ayının sonunda oğlu Zaur Bayramov demiş ki, tanıdığı sürücü Cavabdeh “Ford Cargo 2530” markalı özüboşaldan yük maşını (qeydiyyat nişanı **-JM- ***) satmaq istəyir və onlarda ailəliklə oğlunun təklifini nəzərə alaraq həmin maşını almaq qərarına gəlmişlər. Bundan sonra onlar Pərvizlə görüşmüşlər. Pərviz maşını öz şəxsi maşını kimi təqdim etmişdir. Maşın köhnə və uzun müddət istismar olduğundan nasaz vəziyyədə imiş. Maşını onlara 18.000 min manata satmaq istədiyini bildirmişdir. Maşın həmin vaxt nasaz olmuşdur və ondan əlavə şinləri istismara tam yararsız olduğundan onunla maşını 16000 min manata almaq barədə razılaşmışlar. Maşını 2 ay müddətinə təmir edib istismara yararlı vəziyyətə gətirmişlər. Cavabdeh ayrı-ayrı vaxtlarda 3500,3000,1000,1000,7000 və 1000 manat olmaqla 16500 manat pul vermişdir. Maşını oğlu işlətməyə başlayandan sonra Pərviz onlara bildirmişdir ki, maşın “X13” QSÇ-yə məxsusdur və maşına görə onun adından banka pul ödənilməlidir, pul ödənilməzsə lizinq şirkəti gəlib maşını aparacaqdır. Bundan sonra onlarla Pərviz arasında qısa bir mübahisə düşmüşdür. Onlarda geriyə yolun olmamasını düşünərək əlavə olaraq Pərvizə 2000, 1860 və 1500, cəmi 5360 manat pulu banka ödəmək üçün Pərvizə vermişlər. 2013-cü ilin avqust ayının ortalarında lizing əməkdaşı gələrək bildirmişdir ki, maşın 3 aydır axtarışdadır. Səbəbini soruşduqda ona bildirmişlər ki, 3 aydır maşının pulu ödənilmir. O da pulu Pərvizə verdiyini bildirməyinə baxmayaraq maşını əllərindən alıb cərimə meydançasına qoymuşlar. O da məcbiriyyət qarşısında qalaraq Pərvizə əlavə olaraq 4000 min manat pulu vermiş və bundan sonra Lizing şirkəti maşını yenidən onlara vermişlər. Bundan sonra aralarında dəfələlə mübahisə olmuşdur. Yəni maşın onlarda olmaya-olmaya onlar pulu Pərvizə verirmişlər, Pərviz isə gah ödəmiş, gah da ödəniş etməmişdir. Bu hadisələr 2016-cı ilin avqust ayına qədər davam etmişdir. Bunan sonra onunla “X13” QSÇ arasında müqavilə bağlanmışdır. Müqavilə bağlanması Pərvizin sonrakı oyunu imiş. Çünki müqavilə bağlanan zaman müqavilə ilə onu tanış etmədən tez bir zamanda bağlanmışdır. O, maşının istismara tam olaraq yararlı vəziyyətə gətirmək üçün ilkin olaraq 7000 min manat, sonra isə 9000 min manat, cəmi 16000 min manat pul xərcləmişdir. Ancaq bu qədər xərc çəkməyinə baxmayaraq maşından istifadə edə bilməmişdir. Eyni zamanda bu günə kimi Pərviz ondan özü üçün 21860 manat pul mənimsəmişdir. Bundan əlavə “X13” QSÇ adı ilə isə 34720 manat pul almışdır. X2 bu günə kimi maşının təmiri üçün 16000 min manat, özü üçün 21860 manat və İizing adı altında isə 34720 manat, cəmi olaraq 72580 manat pul almışdır. Bundan əlavə ən əsası ondan ibarətdir ki, istifadə edə bilmədiyi maşına görə əlavə olaraq “X13” QSÇ onu məhkəməyə verərək 16,781 manat əsas borcun, 711 manat cərimə borcunun və 26 manat dövlət rüsumunun tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir və məhkəmə iddiaçının iddiasını təmin etmişdir. Hal-hazırda ondan “X13” QSÇ-nin xeyrinə tutulan pullar tutulmaqda davam edir və o, bu pulu güclə ödəyir. Bu qətnamədən şikayət verməyinə baxmayaraq heç bir şikayəti təmin edilməmişdir. Dəfələrlə Cavabdeh ona dəymiş ziyanın geri qaytarılması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bu günə kimi heç bir ödəniş geri qaytarılmamışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron qaydada ərizə göndərərək, bütün sübutların tərəflərindən məhkəməyə təqdim edildiyini, işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı ümumiyyətlə tanımamışdır. Oğlu Zaur ona zəng vuraraq maşını almaq istədiyini bildirmişdir. O, Zauru da tanımırmış. Bir gün servisdə demiş ki, maşını istəmir və satmaq istəyir. Bundan sonra Zaur ona zəng vurmuşdur. O isə demiş ki, maşını almaq istəyən olsa ona 18000 manat pul versin, yerdə qalanı da lizinq şirkətinə ödəsin. 18000 manat da onun maşın üçün bir neçə il ərzində lizinqə ödədiyi pul imiş. Həmçinin maşını alan adamın adına da öhdəçilik müqaviləsi ilə adına keçirəcəyini bildirmişdir. Zaur da ilkin olaraq ona telefonla zəng vurmuş və razılaşdığını demişdir. Bütün proseslər də Zaurun həmkəndlisi Elbrus İsmayılovun yanında olmuşdur. Zaur ona demiş ki, 10000 manat pul verəcək, yerdə qalan 8000 manatı da 1 ay müddətinə bağlayacaqdır. Zaurla razılaşmışlar və həmin vaxt Zaur başqa bir maşın sürürmüş. Zaur maşından 2 ədəd təkər çıxardıb, gətirib bu maşına qabaq təkər yerinə taxdırmışdır. O da Zaura demiş ki, ehtiyac yoxdu, bu maşının təkərlərinin hamısı təzədir. Zaur Biləcəridə körpünün yanında təkərləri onun maşınına taxdırmış və maşını da götürüb getmişdir. Gedəndə ona demiş ki, gedib evdən 10000 manat pul götürüb gələcəkdir. Bu söhbət də Elbrusun yanında olub. Həmin vaxt Zaur təkərini çıxardığı maşınla Kürdəmirdə işləyirmiş. Ona demiş ki, icazə versin, maşını da götürüb gedib Kürdəmirə işləsin, işi əlindən çıxmasın. Onun pulunu da 3-4 gün ərzində işləyib verəcəkdir. Elbrus da Zauru tanıdığını, heç bir problem olmadığını, maşını verməyi demişdir. Bundan sonra o, lizinq şirkətində Zaurun adına yol vərəqəsi vermişdir. O, həmin vaxt vaxtlı-vaxtında ödənişi eləmirmişsə, lizinq şirkəti ona necə yol vərəqəsi verə bilərdi? Lizinqdə olan maşının ödənişləri edilməsə ona yol vərəqəsi verilmir. Yol vərəqəsi vermiş, Zaur Kürdəmirə işləməyə getmişdir. Zaura pulu verməsini demiş, Zaur da 5 günə olacaq, 10 günə olacaq, 20 günə olacaq deyə pulu verməmişdir. Maşının aylığının vaxtının gəlib çatdığını Zaura bildirmişdir. Maşının aylıq ödənişi 1505 manat olmuşdur. Gücbəla ilə Zaur maşının aylığını gətirmiş, aparıb aylığı ödəmişdir. Yenidən Zaura yol vərəqəsi vermiş, yenə də Zaur Kürdəmirə işləməyə getmişdir. Axırda görmüş ki, Zaur onun pulunu vermir, Elbrusla gedib maşını götürüb gəlmişlər. Maşını o götürəndə təxminən 2 ay imiş ki, Zaurda imiş. O maşını gətirəndə də Elbrusgilin qapısında saxlamışdır. Səhv etmirsə, lizinqdə maşının dəyəri 55000 manat imiş, aylıq də 1505 manat lizinqə pul ödənilməli imiş. O, Zaura demişdir ki, lizinqin aylıq ödənişlərini vaxtlı-vaxtında gətir ödə. Zaur ona demiş ki, maşın lizinqdə onun adında qalsın. O da demiş ki, yox, pulunu versin, sonra maşını lizinqdə Zaurun adına keçirsin. Zaur aylarla pul məsələsini uzatmış, ona 13600 manat pul vermiş, onu da azaz ödəmişdir. Lakin Zaurla razılaşmaları o formada olmamışdır. Sonradan Elbrus ona demiş ki, Zaurun atası Tapdıq gedib ona yalvarıb ki, “dost var, düşmən var, biz hamıya demişik ki, maşın almışıq”. Elbrus ona demiş ki, “ziyan yoxdur, maşını ver Zaur aparsın”. Xırdalan dairəsində Dilan kafesinin qabağına Tapdıq üç oğlu ilə gəlmişdir. Orda Tapdıq ona demiş ki, “bu 3 oğlum sənə qurban olsun, sən kişi hərəkəti edirsən”. Lizinq şirkəti başqa maşını axtarırmış, dövlət qeydiyyat nişanları oxşar olduğuna görə səhvən onun maşınını aparmışlar. O da lizinq şirkətinə demiş ki, gecikmə yoxdur, niyə maşını aparıblar. Onda Lizinq şirkətində işləyən Elçin müəllim ona bildirmiş ki, Zaur maşını aldığını onlara bildirmişdir. Zaura maşının onun adında qalmasını, pulu verəndən sonra onun adına keçirəcəyini bildirmişdir. Həmin vaxt Tapdıq gəlmiş, orda öhdəçilik müqaviləsi ilə maşın Tapdığın adına keçmişdir. Həmin vaxt Lizinq şirkəti onlardan 5000 manat almışdır. Lizinq şirkəti onlara demiş ki, ödəniş etməsələr, maşın adlarına keçməyəcək, ancaq o isə Zaurgilə heç nə verməsələr də maşını onun adına keçirəsi imiş. Zaur gedib lizinqə maşını yalandan almağını deməsəydi, o, maşını heç bir ödənişsiz onların adına keçirəcəkmiş. Zaur pulu lizinqə ödəyib, ona ödəməyib, lizinq də ona ödənişlə bağlı qəbz verib. Zaurun ona verdiyi pulları o, siyahı tutaraq həm Zaura imza etdirirmiş, həm də özü imzalamışdır. Həmin siyahını saxlamamış, üzərindən 13 il vaxt keçmişdir. Zaurun həm ona, həm də lizinq üçün verdiyi pullara görə siyahı tutmuş və hər ikisi qol çəkmişlər. Hələ Zaur ona 100 manat pul vermiş ki, hər dəfə lizinqə gedib onun əvəzinə pul keçirir, benzin pulu kimi isə həmin pulu vermişdir. O isə demiş ki, lazım deyil, 100 manatı da ona verdiyi pullara yazmışdır. Zaura demiş ki, ona 13500 manat vermiş, 100 manatı üstünə qoymuş, ümumi verdiyi məbləğ 13600 manat olmuşdur. Zaura onun 4400 manat borcu qaldığını bildirmişdir. 13600 manat pul onun halal puludur. O, maşını Sadıqov Rasim adlı şəxsdən öhdəçiliklə almışdır. O, Tapdığı tanımamış, Zauru tanımışdır. Onların işlətdiyi maşının pulunu o verməməlidir. O. Həmin pulları da razılaşdıqları kimi Zaurdan almışdır. Tapdıqla heç bir münasibəti olmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş edir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, sürücüdür. Pərvizi illər öncə sürücü kimi tanımış, daha sonra isə dost olmuşlar. Tapdığı da rayon adamı kimi tanımış, münasibəti olub, onunla heç bir düşmənçiliyi, qərəzliliyi yoxdur. Onlar öz aralarında maşın alveri ediblər. Sonra Zaur maşının pulunu verməmişdir. Alver Tapdıqla yox, Zaurla olub. Zaur pulu verməyib, Pərviz maşını onun əlindən alıb. Zaur Kürdəmirdə işləyən dövrdə Zaurla o, iki dəfə pul istəməkçün ora getmişdir. Zaur pul vermirmiş, Pərvizi aldadırmış, telefonu açmırmış. 18000 manat pul 20 günə, 1 aya qaytarılmalı idi. Zaur Pərvizə 13000-14000 manat arası pul verdi, o da maşını işlətdikcə, qazandığı puldan verirmiş. Zaur dediyi müddətdə pulu vermədi, hissə-hissə pulu qaytardı, maşın işlədikcə verdi. Bir dəfə də Zaur gəldi qapısına, xahiş etdi ki, Pərvizə desin ki, maşını qaytarsın, Zaur da maşının pulunu verəcək. O da xahiş etmi., Pərviz də qaytarmışdır. Maşın təxminən 2 ilə yaxın Zaurda olmuşdur. Zaur da o maşınla Şəmkirdə, Kürdəmirdə işləmiş, şəhərdə asvalt zavodunda işləmişdir. Uzun müddət maşın Zaurda qalmış. Lakin o müddətdə maşın Pərvizin adına lizinqdə qalmışdır. Pərvizin pulu tam ödənilməli idi ki, Pərviz də maşını Zaurun adına keçirtsin. Bundan əlavə onu da bildirir ki, həmin vaxt lizinq Pərvizin maşınının dövlət qeydiyyat nömrəsinin ardıcıl nömrəsi ilə (145-146) başqa adama maşın vermişdir. Bankda anlaşılmazlıq olmuş və Pərvizin maşınını aparmışlar. Həmin vaxt maşın Zaurda imiş. Tapdığın adına lizinqdə sənədləşmə həmin vaxt aparılmışdır. Tapdıq ondan sonra ortaya çıxmışdır. Zaur gəlib ondan xahiş etmiş, o da Pərvizdən xahiş etmiş, o da maşını Zaura qaytarmışdır. Dəfələrlə olmuş ki, Zaur Pərvizi aldatmış, maşını qaytarmamış, bu dəfələrlə baş vermişdir. 13600 manat verdikləri pul da maşının puludur. Pərvizin maşınını işlədib gətirib verdikləri puldur. 20 günə verilməli pul 1 ilə çəkmişdir. Pərviz də pul ilə özünə başqa maşın almalı imiş. Maşın Pərvizdə olduğu müddətdə o lizinqin ödənişlərini ödəmişdir. Pərviz lizinqin pulunu ödəməsə, onda lizinq maşını saxlayardımı? Sonra onlar ödəmədilərdeyəsən, lizinq şirkəti də maşını gəlib aparmışdır. Məhkəmə iddiaçının izahatını və şahidin ifadələrini dinləyərək, tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X3 11 dekabr 2015-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı Məmməd oğluna Cavabdeh ilə aralarında olan mübahiəsinin həll edilməsinə görə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X3 11 dekabr 2015-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarda olan Cavabdeh izahatından görünür ki, Cavabdeh Zaurun ondan maşın alarkən aralarında olan razılığa əsasən ona 18000 manat pul verməli olduğu halda həmin pulun cəmi 14600 manatını verdiyini, 3400 manatını isə hal-hazıradək borclu qaldığını, Zaurun banka ödəmək üçün ona təxminən 9000 manat pul verdiyini, həmin pulları da ödəyərək qəbzlərinin ona verdiyini bildirmişdir. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X3 11 dekabr 2015-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarda olan İddiaçı izahatından görünür ki, İddiaçı 16000 manat pulun Pərvizlə aralarında olan razılığa əsasən ona ödənilməli olduğunu, Pərvizin ona verdikləri puldan cəmi 13751 manat pulu banka ödədiyini, 5360 manatı isə ödəmədiyini bildirmişdir. İş materiallarında olan 16 avqust 2013-cü il tarixdə “X13” QSC ilə İddiaçı arasında bağlanılmış 4xx/xx/2010-02 saylı “X11” müqaviləsindən görünür ki, lizinq verən “X13” QSC tərəfindən lizinq alan İddiaçı fiziki şəxs X1 məxsus 1 ədəd “Ford Cargo 2530” markalı yük özüboşaldan maşın verilmişdir. İş materiallarında olan 16 avqust 2013-cü il tarixli “Təhvil-Təslim” aktından görünür ki, “X13” QSC-nin baş direktoru Elçin Əhmədov və lizinqalan fiziki şəxs İddiaçı 16 avqust 2013-cü il tarixli, 4xx/xx/2010-02 saylı “X11” müqaviləsinin şərtlərinə əsasən 1 ədəd “Ford Cargo 2530” markalı yük özüboşaldan maşının İddiaçı tərəfindən təhvil alınmasını öz imzası ilə təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2013-cü il tarixli “X11 müqaviləsinin” ödəniş cədvəlindən görünür ki, İddiaçı maliyyə lizinqi üzrə kreditin məbləği olan 19874 manat məbləği 16 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki,“X13” QSC tərəfindən 1 ədəd “Ford Cargo 2530” markalı yük özüboşaldan maşın Cavabdeh lizinqə verilmişdir. Daha sonra Cavabdeh ilə iddiaçının oğlu Zaur Bayramov arasında olan razılaşmaya əsasən 1 ədəd “Ford Cargo 2530” markalı yük özüboşaldan maşın Cavabdeh tərəfindən Zaur Bayramovun istifadəsinə verilmiş, Zaur Bayramov isə əvəzində aralarında olan razılaşmaya əsasən müəyyən məbləğdə pul məbləğini Cavabdeh ödəməli imiş. Bu halı iddiaçı və cavabdeh tərəf təsdiqləyir və mübahisələndirmirlər. Lakin Cavabdeh Zaur Bayramov tərəfindən ona verilən pulun 13600 manat hissəsi avtomobilə görə verilən pul olduğunu, lizinqə ödənilmək üçün verilən pulları isə ödəyərək qəbzlərini Zaur Bayramova təqdim etdiyini, iddia tələbinin əsassız olduğunu və rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 03 dekabr 2015-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə Cavabdeh barəsində şikayətlə müraciət etmiş və həmin şikayəti əsasında izahatı alınan zaman göstərmişdir ki, 1 ədəd “Ford Cargo 2530” markalı yük özüboşaldan maşın üçün Cavabdehlə 16000 manata razılaşmışlar. Göründüyü kimi İddiaçı 11 dekabr 2015-ci ildə izahatı alınan zaman 1 ədəd “Ford Cargo 2530” markalı yük özüboşaldan maşın üçün Cavabdeh 16000 manat verməli olduqlarını qeyd etsə də, hal-hazırda yük maşınına görə 21860 (iyirmi bir min səkkiz yüz altmış) manat tələb etməkdədir ki, bununla bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin 1 ədəd “Ford Cargo 2530” markalı yük özüboşaldan maşın üçün oğlu tərəfindən Cavabdeh ödəmiş olduğu məbləğin hansı hüquqi əsasla cavabdehdən tələb etməsini də əsaslandırmamışdır. Beləliklə məhkəmə araşdırması zamanı İddiaçı Zaur Bayramov tərəfindən 1 ədəd “Ford Cargo 2530” markalı yük özüboşaldan maşın üçün 16000 manat ödənilməsi barədə öhdəlik götürüldüyü müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən həmin pulun yenidən tələb etməsi əsaslı və qanuni deyildir. Bundan əlavə məhkəmə bildirir ki, iddiaçı iddia ərizəsində cavabdehdən maşının təmiri üçün ödədiyi 16000 (on altı min) manat pul tələb etmişdir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, birinci iddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İkinci isə İddiaçı Cavabdeh 03 dekabr 2015-ci il tarixdə Abşeron rayon Polis şöbəsinə şikayət edən zaman Cavabdeh avtomobil təmirinə görə hər hansı məbləğdə pul verməsini qeyd etməmişdir. İş materiallarında olan 16 avqust 2013-cü il tarixli təhvil-təslim aktından isə müəyyən olunur ki, 1 ədəd “Ford Cargo 2530” markalı yük özüboşaldan maşın həmin tarixdən İddiaçı təhvil verilmişdir. Əgər iddiaçı 16 avqust 2013-cü il tarixə qədər 1 ədəd “Ford Cargo 2530” markalı yük özüboşaldan maşınının təmiri üçün Cavabdeh 16000 (on altı min) manat pul vermişdirsə hansı səbəbdən onu Abşeron rayon Polis şöbəsinə şikayət edən zaman şikayətində göstərməmişdir? Bu hal isə iddiaçının tələbinin bu hissə də əsaslı olmamasını göstərir. Bütün bu səbəblərdən məhkəmə iddiaçının 16000 (on altı min) manat təmirə görə ödənilmiş pul tələbinin əsassız olması qənaətinə gəlir. Daha sonra məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində Cavabdeh ondan lizinq adı altında aldığı 34720 (otuz dörd min yeddi yüz iyirmi) manatın cavabdeh tutularaq ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin həmin hissədə də əsassız olması qənaətinə gəlir. Belə ki, iddiaçı 03 dekabr 2015-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə Cavabdeh barəsində şikayətlə müraciət etmiş və həmin şikayəti əsasında izahatı alınan zaman göstərmişdir ki,“Cavabdeh oğlu Zaur 16500 manat özünə çatası, 17620 manat isə banka ödəməsi üçün vermişdir. Pərviz banka ödədiyi pulun qəbzlərini onlara vermişdir. Ancaq 2013-cü ildə son 3 ayda Pərvizə banka ödəmək üçün verdikləri 5360 manat pulu Pərviz ödəməmişdir. Avtomobil onun adına sənədləşdirilərkən banka olan borcu 19784 manat olmuşdur”. Göründüyü kimi İddiaçı 03 dekabr 2015-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə Cavabdeh barəsində şikayətlə müraciət edərkən Cavabdeh tərəfindən cəmi 5360 manat pulun banka ödənilmədiyi göstərilmişdir. Birinci iddiaçı 2013-cü ildə Cavabdeh banka ödəmək üçün 5360 manat verilməsini təsdiqləyən hər hansı sübut təqdim etməmiş, həmçinin cavabdeh isə bu halı etiraf etməmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, 1 ədəd “Ford Cargo 2530” markalı yük özüboşaldan maşın 16 avqust 2013-cü il tarixdən rəsmi olaraq İddiaçı istifadəsində olmuşdur. Həmin tarixdən sonra İddiaçı tərəfindən lizinq borcunun Cavabdeh vasitəsi ilə ödənilməsi ağlabatan və məntiqi deyildir. Necə ola bilər ki, lizinq obyekti iddiaçının özündə ola-ola lizinq krediti Cavabdeh vasitəsilə ödənilmişdir.? Göründüyü kimi iddiaçının iddia ərizəsində göstərdiyi hallar özünün 03 dekabr 2015-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə Cavabdeh barəsində şikayəti ilə bağlı alınmış izahatı ilə təkzib olunmaqdadır. Ümumiyyətlə iddiaçı hansı əsasla cavabdehə lizinqə ödəmək üçün 34720 (otuz dörd min yeddi yüz iyirmi) manat verməsini əsaslandıra bilməmişdir. Necə olur ki, lizinq obyekti 16 avqust 2013-cü il tarixdən İddiaçı olur və ona xx.xx.2013-cü il tarixdə ödəniş cədvəli verilir və 2015-ci ildə Abşeron Polis şöbəsində izahatı alınan zaman cəmi 5360 manat pulun Cavabdeh tərəfindən ödənilmədiyini qeyd edir, lakin hal-hazırda cavabdehdən 34720 (otuz dörd min yeddi yüz iyirmi) manat pul tələb edir? Bütün bu hallar iddiaçının öz iddiasında haqlı olmamasının sübutudur. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə tərəfindən iş araşdırılan zaman iddiaçının 03 dekabr 2015-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə verdiyi izahatlarla hazırkı iddia ərizəsi arasında ziddiyətli məqamların olması müəyyən edilmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə o halı da nəzərə alır ki, Cavabdeh məhkəmə iclasında İddiaçı ilə hər hansı danışıq aparmadığını, bütün danışıqların Zaur Bayramov vasitəsi ilə aparıldığını və onun məhkəmə iclasında iştirakın təmin edilməsini xahiş etmişdir. İddiaçı oğlu Zaur Bayramovun məhkəmə iclasında iştirakını təmin edəcəyini bildirsə də, heç bir əsas olmadan məhkəmə iclasında ya özü iştirak etməmiş, ya da oğlu Zaur Bayramovun iştirakını təmin etməmişdir. Əksinə olaraq cavabdeh tərəfindən məhkəməyə dəvət edilmiş şahid iddiaçının əleyhinə ifadə verərək iddiaçının haqlı olmamasını göstərmişdir. Nəticədə iddiaçı öz iddiasının haqlı əsaslarını məhkəməyə təqdim edə bilməmişdir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı özü cavabdehə pul vermədiyindən, o, iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki məhkəmə baxışının predmeti olan maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Cavabdeh hər hansı məbləğdə pul ödənilməmiş, bütün pullar İddiaçı oğlu Zaur Bayramov tərəfindən verilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi pul tələbinə dair hissədə təmin edilmədiyindən mənəvi zərər hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən, iddia tələbini hüquqi yardıma görə çəkilmiş 320 manat xərcin cavabdehdən tutulması hissəsində də təmin edilməməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsivasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-319/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-319/2025
03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver