Məhkəmə qərarları › İş №e-2(025)-409/2024

Qəbələ Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(025)-409/2024

01.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-409/2024 01.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "vurulmuş zərərin və çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vurulmuş zərərin və çəkilmiş xərclərin əvəzinin ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "vurulmuş zərərin və çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "vurulmuş zərərin və çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan xeyrinə 5289.76 manat dəymiş zərərin, 3500 həmin zərərin aradan qaldırılması üçün aldığı vəsaitin və 110 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə elektron qaydada iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Cavabdehdan xeyrinə 5289.76 manat dəymiş zərərin, 3500 həmin zərərin aradan qaldırılması üçün aldığı vəsaitin, 500 cavabdehin inzibati qaydada cərimə olunması nəticəsində ona məxsus mülkiyyətin üzərinə qoyulmuş həbsin götürülməsi üçün, 110 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 9399.76 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus Mini Cooper markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki qulluq göstərilməsi məqsədilə, Binəqədi rayonu ərazisində avtomobil ustası kimi fəaliyyət göstərən Cavabdeh vermişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə həmin nəqliyyat vasitəsini onun icazəsi olmadan qanunsuz olaraq idarə etmiş və nəticədə yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə Binəqədi rayon DYPŞ tərəfindən qeydə alınmış və xx.xx.2023-cü il tarixdə cavabdeh barəsində AR İnzibati Xətalar Məcəlləsinin 332.2-cü maddəsi üzrə inzibati protokol qəbul edilməklə 500 AZN cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh tərəfindən ona aşağıdakı qaydada zərər dəymişdir. a) Qüsur aktına əsasən ehtiyat hissələrinin alınması məqsədilə 3289.76 AZN b) Nəqliyyat vasitəsinin təmir olunması üçün ustaya ödəniləcək xidmət haqqı 2000 AZN c) Təmir üçün ondan aldığı 3500 AZN. Cavabdeh hadisəni törətdikdən sonra vurduğu zərəri aradan qaldıracağını bildirərək nəqliyyat vasitəsini təmir edəcəyini bildirmişdir. Lakin hazırda pulu olmadığı əsas gətirərək onlardan borc qismində 3500 manat vəsait almışdır. Həmin vəsaiti aldıqdan sonra da cavabdeh vurduğu ziyanı aradan qaldırmamış və borc aldığı məbləği də geri qaytarmamışdır. Cavbdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri arasında bağlılığın mövcudluğu Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixdə qəbul edilmiş protokolu təsdiq olunur. Beləliklə, cavabdehin təqsirli hərəkətləri ilə mülkiyyətinə zərər dəymişdir. Zərərin məbləğinin müəyyən olunması məqsədilə "xxxx" MMC-yə tərəfindən müraciət edilmiş və xx.xx.2024-cü il tarixdə ona Qüsur Aktı təqdim edilmişdir. Qüsur Aktına əsasən ona 3289.76 manat zərər dəymişdir. Həmçinin həmin zərəri aradan qaldırmaq, yəni alınmış ehtiyat hissələrini nəqliyyat vasitəsinə quraşdırmaq və nəqliyyat vasitəsini əvvəlki vəziyyətə gətirmək üçün “Ekspress Servis” tərəfindən verilmiş Qüsur Aktına əsasən usta xərci qismində 2000 manat vəsait ödəməlidir. Beləliklə, ümumilikdə ehtiyat hissələri almaq və onları quraşdırmaq üçün cəmi 5289.76 manat məbləğində ona zərər dəymişdir. Bundan başqa o, onu aldadaraq guya zərəri tam aradan qaldıracağını bildirməklə ondan əlavə olaraq 3500 manat almışdır. Beləliklə, cavabdeh ona cəmi 8289.76 manat zərər vurmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, həmçinin cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etmək qərarına gəlmişdir. Həmçinin iddia tələbinin artırılması barədə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddia ərizəsində qeyd edilən nəqliyyat vasitəsi ilə qəza törədildiyi üçün ona inzibati protokol tərtib edilmiş və həmin inzibati protokol əsasında cavabdeh inzibati qaydada 500 manat cərimə olunmuşdur. Cavabdeh həmin cəriməni ödəmədiyi üçün mülkiyyətində olan nəqliyyat vasitəsi barəsində saxlanılma haqqında qərar qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. İddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaya qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu, iddiaçının işə qiyabi icraatda baxılmasına yazılı razılığının olmasını nəzərə alaraq işə qiyabi icraatda baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə iş üzrə iddiaçının vəkilinin və nümayəndəsinin izahatını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Binəqədi rayon DYPŞ-nin polis mayoru X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh “MİNİ COOPER” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə ederkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan “Elektron sistem”dən çıxarışdan görünür ki, Cavabdeh İXM-nin 332.4-cü maddəsi ilə (İXP5849953 nömrəli protokola uyğun olaraq) 500 manat cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMM tərəfindən verilmiş “Qüsur aktı”ndan görünür ki, “MİNİ COOPER” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 3289,76 manat təşkil etmişdir. İş materiallarında olan “Ekspress Servis” tərəfindən verilmiş “Qüsur Aktı”ndan görünür ki, “MİNİ COOPER” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin usta xərci qismində 2000 manat vəsait ödəməlidir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış Pretenziya məktubundan görünür ki, Cavabdeh 10.000 (on min) manat dəymiş zərəri qaytarmayacağı təqdirdə 5 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarı ““N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin hallarından müəyyən olunur ki, İddiaçı özünə məxsus Mini Cooper markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki qulluq göstərilməsi məqsədilə, Binəqədi rayonu ərazisində avtomobil ustası kimi fəaliyyət göstərən Cavabdeh vermişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə həmin nəqliyyat vasitəsini onun icazəsi olmadan qanunsuz olaraq idarə etmiş və nəticədə yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə Binəqədi rayon DYPŞ tərəfindən qeydə alınmış və xx.xx.2023-cü il tarixdə cavabdeh barəsində AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi üzrə inzibati protokol qəbul edilməklə 500 AZN cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh tərəfindən iddiaçıya zərər dəymişdir. İddiaçı ona dəymiş ziyanı Qüsur aktına əsasən ehtiyat hissələrinin alınması məqsədilə 3289.76 AZN; Nəqliyyat vasitəsinin təmir olunması üçün ustaya ödəniləcək xidmət haqqı 2000 AZN; Təmir üçün cavabdehin iddiaçıdan aldığı 3500 AZN və 500 manat cəriməyə görə ödənilən pul məbləği ilə dəyərləndirir. Məhkəmə qeyd edir ki, Binəqədi rayon DYPŞ-nin polis mayoru X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli İnzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərar ilə Cavabdeh təqsiri müəyyən olunmuş və təqsirinin nəticəsində “MİNİ COOPER” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin Binəqədi rayon DYPŞ-nin polis mayoru X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli İnzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar ilə sübuta yetmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən Qüsur aktına əsasən ehtiyat hissələrinin alınması məqsədilə 3289.76 AZN və Nəqliyyat vasitəsinin təmir olunması üçün ustaya ödəniləcək xidmət haqqının 2000 AZN olmasını əsaslandırır və cavabdehdən həmin məbləği tələb edir. İddiaçının tələb etdiyi avtomobilə dəymiş zərərin məhz 3289.76 AZN və 2000 AZN olmaqla ümumilikdə 5289,76 manat olması "xxxx" MMM tərəfindən verilmiş “Qüsur aktı” və “Ekspress Servis” tərəfindən verilmiş “Qüsur Aktı” ilə sübuta yetirilməkdədir. Cavadeh isə məhkəmə iclaslarında iştirak etməmiş və sözügedən məbləğləri mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən Qüsur aktına əsasən ehtiyat hissələrinin alınması məqsədilə 3289.76 AZN və Nəqliyyat vasitəsinin təmir olunması üçün ustaya ödəniləcək xidmət haqqı 2000 AZN tələb etməsi əsaslıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Cavabdeh törətdiyi inzibati xətaya görə 500 manat cərimə olunmuşdur ki, cavabdeh həmin cərimə məbləğini ödəməmiş və həmin cərimə məbləğinə görə də “MİNİ COOPER” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində saxlanılma barədə qərar qəbul edildiyindən iddiaçı həmin cərimə məbləğini ödəmişdir. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehin cəriməsinə ödənilmiş 500 manat da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində qeyd etmişdir ki, cavabdeh ondan “MİNİ COOPER” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 3500 manat məbləğində pul almış, lakin aldığı həmin məbləği qaytarmamışdır. Beləliklə, iddiaçı cavabdehdən həmin 3500 manatı tələb etməkdədir. Bununla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməyərək ona etibar edilmiş, müqavilə əsasları olmadan iddiaçıya məxsus avtomobili təmir etmək üçün ondan aldığı 3500 manat pulu qaytarmaqdan imtina etməklə əsassız varlanmışdır. Buna görə də iddiaçı tərəfindən avtomobilin təmiri üçün cavabdehə verilmiş 3500 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi Cavabdeh İddiaçı ilə olan “vatsap yazışmalarında” cavabdehdən “MİNİ COOPER” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 3500 manat məbləğində pul aldığını etiraf etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarını əsas götürərək qeyd edir ki, iş materiallarında olan İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “Flash kart (yaddaş kartı)”da olan İddiaçı ilə Cavabdeh arasında olan “Vatsap” yazışması sübut kimi qiymətləndirilməlidir. Belə ki, göründüyü İddiaçı ilə Cavabdeh arasında olan “vatsap yazışmaları” tərəflər üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu səbəbdən İddiaçı ilə Cavabdeh arasında olan “vatsap yazışmaları” sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, 110 (bir yüz on) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5289,76 manat dəymiş zərər, 3500 manat dəymiş zərərin aradan qaldırılması üçün alınan məbləğ, 500 manat avtomobildən həbsin götürülməsinə görə ödənilmiş məbləğ və 110 (bir yüz on) manat dövlət rüsumu olmaqla, ümumilikdə 9399,76 (doqquz min üç yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5289,76 manat dəymiş zərər, 3500 manat dəymiş zərərin aradan qaldırılması üçün alınan məbləğ, 500 manat avtomobildən həbsin götürülməsinə görə ödənilmiş məbləğ və 110 (bir yüz on) manat dövlət rüsumu olmaqla, ümumilikdə 9399,76 (doqquz min üç yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar