Məhkəmə qərarları › İş №e-2(025)-459/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-459/2024

12.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-459/2024 12.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı1 MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı1 MMC-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı1 MMC Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia qaldıraraq qarşı tərəfin təqsirli hərəkətləri ilə törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş İddiaçı1 MMC-yə məxsus **-JU-*** DQN-li “BMC Procity Avtobus” markalı avtobusun əvvəlki vəziyyətdə bərpa olunmasından ötrü 880,87 manat tələb olunduğunu göstərərək Cavabdeh dəymiş zərərə görə 880,87 manat, 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı, ümumilikdə 911,27 manat tutulub Cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 17 noyabr 2023-cü il tarixdə saat 15-20 radələrində Bakı şəhərində Cavabdeh tərəfindən idarə olunan **-PL-*** dövlət nömrə nişanlı “HYUNDAİ ELANTRA MİNİK” markalı avtomobillə İddiaçı1 MMC-yə məxsus **-JU-*** dövlət nömrə nişanlı “BMC Procity Avtobus” markalı avtobusun toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. X1 yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli hesab edilərək inzibati qaydada tənbeh edilmişdir. YNH nəticəsində İddiaçı1 MMC-yə cəmi 880,57 manat miqdarında maddi ziyan dəymiş və indiyədək ödənilməmişdir. Ona görə də, Cavabdeh 880,87 manat və 30,40 manat dövlət rüsumu tutulub İddiaçı1 MMC-nin xeyrinə ödənilməsi haqqında iddia qaldırmışlar. Cavabdeh ddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixində, 15:20 radələrində Bakı şəhərində İddiaçı1 MMC-yə məxsus **-JU-*** dövlət nömrə nişanlı “BMC Procity Avtobus” markalı avtobus ön tərəfdən onun tərəfindən idarə olunan **-PL-*** dövlət nömrə nişanlı “HYUNDAİ ELANTRA MİNİK” markalı avtomobillə arxa tərəfdən toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobilin bamperinin rəngi təmas yerində sürtülərək qopmuşdur. İddiaçı1 MMC-yə məxsus **-JU-*** DQN-li “BMC Procity Avtobus” markalı avtobusa dəymiş maddi zərərin məbləği “BMC AZ SERVİS HİZMETLERİ” MMC tərəfindən verilmiş zərər aktında müvafiq surətdə əks (zədələnmiş detalların fotoşəklində əks olunan görüntülərli ilə) olunmadığından qəbul edilə bilməz. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli İXP ******* saylı “inzibati xəta haqqında” protokolun surətinə əsasən Cavabdeh **-PL-*** dövlət nömrə nişanlı “HYUNDAİ ELANTRA MİNİK” dövlət nömrə nişanlı avtomobili idarə edərək xx.xx.2023-cü il tarixində, 15:20 radələrində Bakı şəhərində İddiaçı1 MMC-yə məxsus **-JU-*** dövlət nömrə nişanlı “BMC Procity Avtobus” markalı avtobusla toqquşma ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. İşdə olan BB 352054 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2019-cu il buraxılışlı **-JU-*** dövlət nömrə nişanlı “BMC Procity Avtobus” markalı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə İddiaçı1 MMC-nin adına qeydiyyata alınmışdır. İşdə olan “BMC AZ SERVİS HİZMETLERİ” MMC tərəfindən verilmiş 008326 nömrəli zərər Aktında göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş “Procity” markalı avtobusun təmir-bərpa xərci 409804 nömrəli təmir aktına əsasən 746,50 manat (273,0 manat məbləğində ehtiyat hissələri və 473,50 manat məbləğindəservis xidmət haqqı) məbləğində müəyyən edilmişdir. İşdə olan “BMC AZ SERVİS HİZMETLERİ” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 797041 nömrəli Hesab-Faktura üzrə İddiaçı1 MMC tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli Aktına əsasən 008326 nömrəli zərər Aktı və 409804 nömrəli təmir Aktı ilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş “Procity” markalı avtobusun təmirbərpa xərci ƏDV ilə birlikdə cəmi 880,87 (273,0+473,50 +85,23 +49,14) manat məbləğində müəyyən edilmişdir. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 20 sentyabr 2024-cü il tarixli 9/4661 nömrəli ekspert rəyində göstərilmişdir ki, 2019-cu il buraxılışlı, «BMC Procity Avtobus» markalı **-JU-*** dövlət nömrə nişanlı avtobusun təmir-bərpa xərci dəyişdirilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 880,87 manat (273,0 manat ehtiyat hissələri, 473,50 manat görülən işlər, ƏDV 134,37 manat) məbləğində; Dəyişdirilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 686,50 manat (213,0 manat ehtiyat hissələri, 473,50 manat görülən işlər) məbləğində müəyyən edilir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində, 15:20 radələrində Bakı şəhəri ərazisində **-PL-*** dövlət nömrə nişanlı “HYUNDAİ ELANTRA MİNİK” markalı avtomobili idarə edən Cavabdeh təqsirindən baş vermiş yol nəqliyyat hadisəsində İddiaçı1 MMC-yə məxsus **-JU-*** dövlət nömrə nişanlı “BMC Procity Avtobus” markalı avtobusun zədələnməsi nəticəsində cəmiyyətə cəmi 810,07 manat (213,0 manat ehtiyat hissələri, 473,50 manat görülən işlər, ƏDV 123,57 manat) məbləğində maddi zərər dəymiş və ödənilməmişdir. AR Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhkükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2023-cü il tarixində, 15:20 radələrində Bakı şəhəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsində İddiaçı1 MMC-yə məxsus **-JU-*** dövlət nömrə nişanlı “BMC Procity Avtobus” markalı avtobusun zədələnməsi nəticəsində cəmiyyətə dəymiş cəmi 810,0 manat məbləğində maddi zərər Cavabdeh tərəfindən ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 810,07 (səkkiz yüz on) manat və 30,0 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı1 MMC-nin xeyrinə ödənilsin. Cavabdeh 50,0 manat ekspertiza xərci tutulub Dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar