Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-521/2022 24.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, sığorta müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 6 454,86 (altı min dörd yüz əlli dörd manat səksən altı qəpik) manat sığorta ödənişinin, ödənilmiş 84,55 manat dövlət rüsumunun və 0,40 bank xidməti xərcinin tutulması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan mopedlə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-JN-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz E300 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən sürücü Cavabdeh barəsində TP 33746171 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü cərimə edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuşzərər aktına əsasən ** JN *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E300markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 6 454,86 (altı min dörd yüz əlli dörd manat səksən altı qəpik) manat müəyyən edilmişdir. "xxxx" ASCnin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyan üzrə 6 454,86 (altı min dörd yüz əlli dörd manat səksən altı qəpik) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş ümumi 6 454,86 (altı min dörd yüz əlli dörd manat səksən altı qəpik) manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəməyə gəlməməsinin səbəbinin üzrlü hesab edilməsini, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 verdiyi izahatında iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol nəqliyyat hadisəsində oğlu Fəridin təqsiri olmamış, qəza qarşı tərəfin təqsiri səbəbindən baş vermişdir. Hadisə zamanı "Mercedes Benz E300" minik markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomaşına az zərər dəymişdir, ümumilikdə 6 454,86 manat məbləğində zərər dəymiş ola bilməz. Dəymiş zərərin həddən artıq çox hesablandığını bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Mercedes Benz E300” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə edən müddətdə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Bundan əlavə, sığortalı "xxxx" QSC-ə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında C-MİC-1938/19 saylı şəhadətnamə verilmişdir. İşdə olan digər sənədlərdən göründüyü kimi, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində – xx.xx.2020-ci il tarixdə Cavabdeh idarə etdiyi Moped Moun markalı, nömrəsiz avtonəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayon, Ə.Rəcəbli küçəsində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək, "xxxx" QSC-ə məxsus olan “Mercedes Benz E300” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Cavabdeh barəsində TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul olunmuş, İXM-in 338.4.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər Nərimanov rayon Polis Şöbəsinin 13 iyul 2020-ci il tarixli 078-17683 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışda yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh qeyd olunmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Mercedes Benz E300” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün lazım olan ehtiyyat hissələrinin və s. adları, həmçinin onların dəyəri siyahıda ardıcıllıqla göstərilmiş, avtomobilin bərpasına 6554.86 manat pul vəsaiti tələb olunması qeyd edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, sığortalıya 6454.86 manat sığorta ödənişi edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 6454.86 manat sığorta ödənişi faydalanan hüquqi şəxs "xxxx" QSC-ə ödənilmişdir. İşdə olan PAŞA Sığorta ASC-nin 2806/1 saylı 09 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, “Mercedes Benz E300” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobillin xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı 6454.86 manat məbləğində pul vəsaiti cavabdehdən tələb edilmişdir. Obyektiv araşdırma aparılmasına nail olmaq, tərəflərin hər birinin hüquqlarının təmin olunması, həmçinin yaranmış suallara cavab alınması üçün məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında müvafiq suallar qoyulmuşdur.
1. "Mercedes Benz E300" minik markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin məbləği nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3467 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan məlumatlara əsasən 2019-cu il istehsalı olan, “Mercedes Benz E300” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6324 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu nəticəsində vurduğu zərəri ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 6324 manat məbləğində verilmiş sığorta ödənişi, 84.55 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. 6324 (altı min üç yüz iyirmi dörd) manat məbləğində verilmiş sığorta ödənişi və 84.55 (səksən dörd manat əlli beş qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Elman İsayev