Məhkəmə qərarları › İş №e-2(025)-558/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-558/2024

21.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-558/2024 21.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin artırılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşaqlarının saxlanması üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay sabit pul məbləğində 235 manat sabit pul məbləğinin və ödədiyi 50 manat mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Səhra oğlu ilə 23 noyabr 2019-cu il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən nikahı rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Həmin nikahdan onların xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)- 909/2023 nömrəli qətnaməsinə əsasən onunla Cavabdeh arasında 23 noyabr 2019-cu il tarixdə bağlanmış və 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4172 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 01 noyabr 2021-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, Cavabdeh 04 may 2023-cü il tarixdən başlayaraq, 01 noyabr 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1065/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-909/2023 nömrəli dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda uşaq üçün ödənilən 160 manat onun heç bir xərcini tələb etmir. O isə uşağın xəstə olmasına görə (talesemiya) heç bir yerdə işləyə bilmir. Cavabdeh isə işləyərək kifayət qədər qazanc əldə edir. İndiki dövrdə 1 uşağa 160 manatla baxmaq mümkün deyildir. Qəbələ Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağların heç bir tələbatının ödənilməsinə yetmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə onun ailəsi çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, o, cavabdehin hansı işlə məşğul olduğunu və nə qədər məvacib aldığını bilmir. Ona görə də qanunun tələbinə uyğun olaraq alimentin sabit pul məbləğində yaşayış minumumuna uyğun olaraq artırılmasını və əlavə xərclərə cəlb olunmasını tələb edir. Hesab edir ki, bir uşağa görə minimum məbləğdən aşağı aliment təyin edilməsi əsassızdır. İddiaya etiraz: Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2019cu il tarixində rəsmi nikaha daxil olmuşlar. İddiaçı ilə cavabdehin birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-909/2023 saylı qətnaməsi ilə xx.xx.2021-ci il təvəllüdlü X6 görə cavabdehdən 160 manat aliment tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-1065/2023 saylı qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin qətnaməsinin dəyişiklik edilmədən əsaslı hesab edərək qüvvədə saxlamışdır. Həmin qətnamənin qüvvəyə minməsindən 6 aydan da az vaxt keçmişdir. Alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçı tərəfin ailə və maddi vəziyyətində heç bir dəyişiklik olmasa da, iddiaçı əsassız olaraq yenidən alimentin miqdarının artırılması tələbi ilə mediasiyaya və daha sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi heç bir əsasa və mötəbər sübuta əsaslanmır və yalnız mülahizələrdən ibarətdir. Ona görə də təmin edilməməli və müəyyən olunmuş aliment məbləği dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, uşağın xəstə olmasına görə heç bir yerdə işləmir. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının bu iddiası həqiqətdən çox uzaqdır. İdiaçının əsassız olaraq boşanmasının və işləməməsinin səbəbi məhkəmədə açıqlanacaq. Cavadehin ailəsində isə bu qısa müddətdə ciddi dəyişikliklər olmuşdur. Belə ki, cavbdehin anası xərçəng xəstəliyindən əziyyət çəkirmiş, mütəmadi və böyük xərc tələb edən müalicəyə ehtiyacı vardır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-909/2023 snyli qətnaməsi qəbul edildikdən sonra cavabdehin anası dünyasını dəyişmişdir. Cavabdehin bir bacısı da uzun müddətdir ki, ankoloji xəstədir və bir neçə ay əvvəl əməliyyat olunmuşdur. Hazırda durumu stabildir. Cavabdehin atası da uzun müddətdir ki, ağır xəstəliklərlə, sinir sistemində olan poblemlərlə mübarizə aparır. Valideyni heç bir yerdə işləmir və pensiya yaşına çatmadığından təqaüd də almır. Cavabdeh bir ailənin yeganə işləyən üzvüdür. Bakı şəhərində sürücü kimi çalışır və kirayədə qalır. Məhkəmənin diqqətinə çatdırır ki, həftənin 6 gülnü, hər gündə 9-10 saat iş yerində olduğundan cavabdehin başqa yerdə işləyərək əlavə qazanc əldə etməsi mümkün deyildir. Ailənin başqa yerdən gəliri yoxdur. Digər tərəfdən, nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Göstərilənlərə əsasən, iddia tələbi qanunsuz, əsassız, qərəzli və ədalətsiz olduğundan təmin edilməməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia ərizəsində etirazda göstərilənlərə uyğun çıxış edib, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin vəkilinin və nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 2(025)-909/2023 nömrəli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 23 noyabr 2019-cu il tarixdə bağlanmış və 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4172 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 01 noyabr 2021-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, Cavabdeh 04 may 2023-cü il tarixdən başlayaraq, 01 noyabr 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Qəbələ regional “Asan” Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 25 aprel 2023-cü il tarixdə verilmiş AZ-T № 205480 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 01 noyabr 2021-ci il tarixdə Şəki şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1037 nömrə ilə qeyd aparılmışdır. Anası İddiaçı, atası Cavabdehdur. İşdə olan “Elektron məhkəmə” elektron sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də “ağac emal istehsalında fəhlə, ilkin emal” vəzifəsində işləməklə aylıq əmək haqqı 600 manat təşkil edir. İşdə olan “İlkin X2 Edilməməsi Barədə” xx.xx.2024-cü il tarixli MŞQ/MT-035-2024-057 nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixli mediasiya prosesində X9 iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin X2 tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin X2 etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X5 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21.8-ci maddəsinə uyğun olaraq ““X2 edilməməsi Barədə” arayış verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə baxışı iclasında işdə iştirak edən iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə nikah münasibətlərindən 01 noyabr 2021ci il təvəllüdlü X8 adlı bir uşaqları doğulmuşdur, tərəflərin nikah münasibətlərindən anadan olmuş uşaqları ananın yanındadır. Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 2(025)-909/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh 04 may 2023-cü il tarixdən başlayaraq, 01 noyabr 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı həmin məbləğin uşağın minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, bu səbəbdən də, təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan 01 noyabr 2021-ci il təvəllüdlü X1 üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulmasını və mediasiya xərcinə görə 50 (əlli) manat məbləğində pulun tutularaq ona verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatlarının artması, Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 2(025)-909/2023 nömrəli qətnaməsi ilə aliment təyin edilən tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 220 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat təşkil etməsi) və bu xüsusda uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından anadan olmuş 01 noyabr 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 2(025)-909/2023 nömrəli qətnaməsi ilə hər ay təyin edilmiş 160 manat aliment həmin uşağın yaşının və bu xüsusda aradan keçən müddət ərzində tələbatlarının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması, iddiaçının uşağın xəstəliyi ilə əlaqədar işləməməsi kimi hallar nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının izahatından və iş materiallarından müəyyən olunur ki, məhkəmə qətnaməsi ilə cavabdehin hər ay uşağa ödəməli olduğu 160 manat aliment yetkinlik yaşına çatmayan həmin uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan sonra tələbatlarının artması və həyat şəratinin bahalaşması ilə bağlı uşaqların saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır. Belə ki, bununla bağlı qeyd olunmalıdır ki, ümumməlum faktdır ki, alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki vaxtadək gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiyməti davamlı olaraq artmışdır. Məhz həm də bunun nəticəsi olaraq dövlət tərəfindən yaşayış minimumu, o cümlədən yaşayış minimumu məbləği artırılmışdır. Belə ki, iddiaçı alimentin artırəması üçün məhkəməyə müraciət etdiyi 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu məbləği 220 manat olduğu təqdirdə, bu rəqəm ilbəil artmış, 2024-cü il üçün isə bu məbləğ 235 manat təşkil etmişdir. Lakin cavabdeh, yalnız təyin olunmuş aylıq uşaq üçün 160 manat alimenti ödəməyə çalışmış, alimentin miqdarının artırıldığı vaxtdan 1 ilə yaxın müddət keçməsinə, sənaye və ərzaq məhsullarının və digər malların qiymətlərinin artmasına, həyat şəraitinin bahalaşmasına baxmayaraq, alimentin miqdarını artırmamış, uşağın artan maddi tələbatının təmin edilməsində iştirak etməmişdir. Bu müddət ərzində uşağın məişət qayğılarının çəkilməsində və artan tələbatının təmin edilməsində əsas ağırlıq iddiaçının üzərinə düşmüşdür. Bu hallar birmənalı şəkildə aliment təyin olunduqdan sonra iddiaçının maddi vəziyyətinin pisləşməsini, bu xüsusda hazırki alimentin uşaqların əvvəlki təminat səviyyəsinə maksimal saxlanması zərurətinə cavab vermədiyini göstərir. Bu konteksdə məhkəmə nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inktişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi, həmçinin cavabdehin uşaqların artan tələbatları konteksində onu əvvəlki təminat səviyyəsində saxlamaq vəzifəsi daşıması ilə bağlı hal, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin - iddiaçının üzərinə düşməsinin qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas ola bilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və bu hüquqi mövqelər əsasında formalaşmış məhkəmə praktikası əsas tutulmaqla uşağın saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Bu konteksdə aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay 200 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən-müəyyən olunmuş alimentin hər ay 200 manat miqdarında artırılması hissəsində təmin edilməli, hər ay 200 manatdan artıq tələb məbləği hissəsində isə təmin edilməməlidir. Məhkəmə belə qənaətə gələrkən iddiaçının cavabdehin hər ay 235 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, iddiaçının da işləyərək gəlir əldə etməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılması olduğundan, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmədə işə baxılması ilə əlaqədar məsrəflərə mediasiya xərci daxil deyildir və həmin xərclərin tərəflərdən tutulması qaydası “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsi ilə tənzimlənir. Belə ki, Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iş materiallarından da göründüyü kimi Cavabdeh X3 üzrsüz səbəbdən iştirak etmədiyindən, mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 50 manat mediasiya xərcini iddiaçı ödədiyindən, Cavabdeh 50 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı verilməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 2(025)-909/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh 01 noyabr 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 2(025)-909/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh 01 noyabr 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilsin. Cavabdeh 50 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar