Məhkəmə qərarları › İş №e-2(025)-573/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-573/2024

23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-573/2024 23.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin və əlavə müalicə xərcinin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin və əlavə müalicə xərcinin artırılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, iddiaçının etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2, Cavabdeh və cavabdehin etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin və əlavə müalicə xərcinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin və əlavə müalicə xərcinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)- 452/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin və müalicə xərclərinin miqdarı dəyişdirilərək, Cavabdeh 02 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc olaraq müalicəsi üçün hər ay 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş, birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X6 onun yanında saxlanılmış, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment və müalicə xərcləri üçün hər ay əlavə 80 manat pul vəsaitinin alınaraq ona verilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-452/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay əlavə 80 manat müalicə xərclərinin miqdarı azaldılaraq X4 müalicə xərcləri üçün Cavabdeh hər ay 50 manat pul vəsaiti alınaraq ona verilməsi müəyyən edilmiş, Qətnamə mübahisələndirilən qalan (hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması) hissədə dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda uşağa görə ödənilən alimentin və müalicə xərclərinin məbləği onun təlabatlarını ödəmir. Övladı Günay onun yanındadır və uşaq anadan olanı xəstə və zəif olduğuna görə (yüngül dərəcəli əqli gerilik, qıcolma və spazm, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvü mənşəli şəxsiyyət və davranış pozğunluqları, nitq artikulyasiyasının spesifik pozğunluğu) müntəzəm olaraq həkim müayinəsində və müalicəsində olur ki, həmin xərclər də 50 manatdan dəfələrlə çoxdur ki, həmin xərclər valideyni tərəfindən qarşılanır. Müalicə hər ay aparılır, belə ki, psixoloq, loqoped, psixo-pedeqoq, massajist yanına aparılır, eyni zamanda Bakı şəhərində həkimə ödənilən ödəniş və gediş-gəliş haqqı ilə birlikdə 300 manat civarında başa gəlir. Müalicə ilə əlaqədar hər ay dərmanlarına 100 manata qədər pul xərclənir. Cavabdeh şəxs isə uşağa göstərilən müalicə xərcinin ödənilməsində 50 manatdan başqa hər hansı köməklik göstərməyir. Həmçinin, o, gözdən əlildir, bir gözünün görməsi itirilmiş, digər gözündə isə görmə problemi vardır, qismən əmək qabiliyyətlidir. Cavabdeh şəxs isə rəsmi olaraq işləyir və əlavə olaraq taksi fəaliyyəti ilə də məşğul olur. Ona görə də cavabdeh şəxsdən aliment məbləğinin qanunla hər bir uşaq üçün yaşayış minimumuna uyğun tərzdə tutulmasını və uşağın xəstəliyi ilə əlaqədar müalicəsi üçün hər ay ödənilən əlavə xərc kimi 50 manat pul vəsaitinin artırılmasını istəyir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 və iddiaçının etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(025)-35/2023 nömrəli qətnaməsi qəbul ediləndən sonra onun maddi vəziyyəti dəyişməmiş, əksinə olaraq xərcləri daha da artmışdır. Belə ki, yenidən nikaha daxil olmuş və həmin nikahdan da bir övladı olmuşdur. Məhz maddi vəziyyəti ağır olduğuna görə “alimentin azaldılması” tələbinə dair Qəbələ məhkəməsinə iddiaçıdan əvvəl müraciət etmişdir. Hal-hazırda iddiaçı onun maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməmişdir. Həmçinin iddiaçının artırılmasını tələb etdiyi müalicə xərcinə görə isə Qəbələ Rayon Məhkəməsi tərəfindən baxılaraq qətnamə qəbul edilmiş, müalicə xərci ümumiyyətlə ləğv edilmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə3 iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-452/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-35/2023 nömrəli qətnaməsinə əsasən ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə Zülfüqarova Şəhrəbanı Akı̇ f qızı arasında 14 avqust 2012-ci il tarixdə bağlanmış və Qəbələ rayon Qəbələ rayon İ.H.B Vəndam qəsəbə İ.Ə.N tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmiş nikah pozulması, birgə nikahdan anadan olmuş 02 iyun 2013-cü il təvəllüdlü X4 anası Zülfüqarova Şəhrəbanı Akı̇ f qızının yanında qalmasının müəyyən edilməsi, Cavabdeh 27 sentyabr 2022-ci il tarixdən başlayaraq, 02 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment və müalicə xərcləri üçün hər ay əlavə 80 (səksən) manat pul vəsaiti alınaraq iddiaçı Zülfüqarova Şəhrəbanı Akı̇ f qızına verilməsi, Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış birgə nikah dövründə əldə olunmuş “VAZ 21154” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bərabər paylarla bölünməsi, həmin avtomobil üzərində Zülfüqarova Şəhrəbanı Akı̇ f qızının ½ pay hüququ, Cavabdeh ½ pay hüququ üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-452/2023 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsi dəyişdirilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)- 35/2023 saylı qətnaməsinə əsasən müəyyən edilmiş hər ay əlavə 80 manat müalicə xərclərinin miqdarı azaldılaraq 02 iyun 2013-cü ildə doğulmuş X4 müalicə xərcləri üçün Cavabdeh hər ay 50 manat pul vəsaiti alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-493/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X2 qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(025)-35/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, Cavabdeh 02 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş hər ay 50 manat müalicə xərcindən azad edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İşdə olan “X8 Verilməsi Barədə” 20 oktyabr 2023-cü il tarixli, MŞQ/MT035-2023-215 nömrəli protokoldan görünür ki, mübahisənin mümkünsüzlüyü tərəflərin qarşılıqlı razılaşması ilə mediatorun iştirakı ilə müəyyən edildiyinə görə mediasiya prosesisinə xitam verilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X3 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 32.1.2-ci maddəsinə uyğun olaraq ““X8 Verilməsi Barədə” protokol verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə baxışı iclasında işdə iştirak edən iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə nikah münasibətlərindən 02 iyun 2013-cü il təvəllüdlü X6 adlı bir uşaqları doğulmuşdur, tərəflərin nikah münasibətlərindən anadan olmuş uşaqları ananın yanındadır. Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(025)- 35/2023 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş 02 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı həmin məbləğin uşağın minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, bu səbəbdən də, təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan 02 iyun 2013-cü il təvəllüdlü X1 üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulmasını və uşağın xəstəliyinə görə 200 (iki yüz) manat məbləğində pulun tutularaq ona verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatlarının artması, Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(025)-35/2023 nömrəli qətnaməsi ilə aliment təyin edilən tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 220 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat təşkil etməsi) və bu xüsusda uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından anadan olmuş 02 iyun 2013cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(025)-35/2023 nömrəli qətnaməsi ilə hər ay təyin edilmiş 193 manat aliment həmin uşağın yaşının və bu xüsusda aradan keçən müddət ərzində tələbatlarının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması, eyni zamanda cavabdehin yenidən ailə qurmasını, yeni nikahından uşağının doğulması kimi hallar nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının vəkilinin izahatından və iş materiallarından müəyyən olunur ki, məhkəmə qətnaməsi ilə cavabdehin hər ay uşağa ödəməli olduğu 193 manat aliment yetkinlik yaşına çatmayan həmin uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan sonra tələbatlarının artması və həyat şəratinin bahalaşması ilə bağlı uşaqların saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(025)-35/2023 nömrəli qətnaməsinin qəbul edilməsindən bu günə kimi 1 il müddət keçmişdir. İddiaçı isə həmin müddət ərzində cavabdehin maddi vəziyyətinin dəyişməsinin, yəni yaxşılaşması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Əksinə, məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)- 493/2024 nömrəli qətnaməsi ilə müəyyən edilir ki, Cavabdeh yenidən ailə qurmuş və onun yeni nikahından bir övladı olmuşdur. Nəticə olaraq iddiaçı cavabehin maddi vəziyyətinin dəyişməsinə dair hər hansı sübut təqdim etməsə də, iş materialları ilə cavabdehin ailə vəziyyətinin dəyişməsi müəyyən olunur. 2024-cü ildə bir uşaq üçün müəyyən edilmiş yaşayış minimumunun 235 manat olmasını, alimentin təyin edildiyi müddətdən bu yana cavabdehin maddi vəziyyətinin dəyişməsinə görə iddiaçının hər hansı sübut təqdim etməməsini, cavabdehin ailə vəziyyətinin dəyişməsini nəzərə alaraq alimentin miqdarının 7 manat artırılaraq ümumilikdə 200 manat olmasını əsaslı hesab edir. Göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi, həmçinin cavabdehin uşaqların artan tələbatları konteksində onu əvvəlki təminat səviyyəsində saxlamaq vəzifəsi daşıması ilə bağlı hal, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin - iddiaçının üzərinə düşməsinin qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas ola bilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və bu hüquqi mövqelər əsasında formalaşmış məhkəmə praktikası əsas tutulmaqla uşağın saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Bu konteksdə aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay 200 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən-müəyyən olunmuş alimentin hər ay 200 manat miqdarında artırılması hissəsində təmin edilməli, hər ay 200 manatdan artıq tələb məbləği hissəsində isə təmin edilməməlidir. Məhkəmə belə qənaətə gələrkən iddiaçının cavabdehin hər ay 235 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılması olduğundan, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc olaraq müalicəsi üçün hər ay 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-493/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh X2 qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(025)-35/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, Cavabdeh 02 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş hər ay 50 manat müalicə xərcindən azad edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Göründüyü kimi Qəbələ Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə “xəstəliklə əlaqədar əlavə xərclər”ə münasibət bildirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(025)-35/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh oğlu 02 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(025)-35/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh oğlu 02 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar