Məhkəmə qərarları › İş №e-2(025)-702/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-702/2025

19.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-702/2025 19.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Aliosman oğlunun Cavabdeh qarşı “hüquqi xidmət haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, mənəvi zərərin ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı Aliosman oğlunun nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Aliosman oğlunun Cavabdeh qarşı hüquqi xidmət haqqı və mənəvi zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Aliosman oğlu Cavabdeh qarşı hüquqi xidmət haqqı və mənəvi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq Cavabdeh 2024-cü ilin iyul ayında “Facebook” sosial şəbəkəsində şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatlar yayması səbəbindən mənəvi sarsıntılara məruz qaldlğını, təhqir olunması ilə əlaqədar AR CM-nın 148-ci maddəsi ilə açılan cinayət işinin məhkəmədə baxılması prosesində zərərçəkmiş şəxs kimi hüquqlarının müdafiəsində göstərilən yardıma görə nümayəndəyə 1600,0 manat, o cümlədən dəymiş zərərin ödənilməsini təmin etməkdən ötrü hüquqlarının müdafiəsində göstərilən yardıma görə nümayəndəyə 800,0 manat məbləğində hüquqi xidmət haqqı ödədiyini göstərərək 5000,0 manat məbləğində dəymiş mənəvi zərərin ödənilməsi, o cümlədən 2400,0 manat hüquqi xidmət haqqı və 94,0 manat manat dövlət rüsumu tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Aliosman oğlunun nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 2024-cü ilin iyul ayında “Facebook” sosial şəbəkəsində yaradılmış “Azərbaycan Arıçılar Assosiasiyası” adlı qrupda ararılan yazışmalarda İddiaçı Aliosman oğlunun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatlar yaymış və həmin hərəkətlərlə təhqirə yol verdiyi üçün Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(025)37/2024 saylı hökmü ilə AR CM-nın 148-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilmişdir. Barəsində şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatlar yayılması səbəbindən İddiaçı mənəvi sarsıntılara məruz qalmış,həmin cinayət işinin məhkəmədə baxılması prosesində zərərçəkmiş şəxs kimi hüquqlarının müdafiəsini həyata keçirməkdən ötrü İddiaçı tərəfindən hüquqlarının müdafiəsini həyata keçirən nümayəndəyə 1600,0 manat, o cümlədən mülki məhkəmə icraatı qaydasında dəymiş zərərin ödənilməsini təmin etməkdən ötrü hüquqlarının müdafiəsini həyata keçirən nümayəndəyə 800,0 manat hüquqi xidmət haqqı ödəyərək maddi zərər çəkmişdir. Ona görə də, Cavabdeh qarşı 5000,0 manat məbləğində dəymiş mənəvi zərərin ödənilməsi, o cümlədən 2400,0 manat hüquqi xidmət haqqı və 94,0 manat manat dövlət rüsumu tutularaq ona verilməsi barədə iddia qaldırmışdır. Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, TC vətəndaşı İddiaçı 20 ildir ki, Oğuz rayonunda yaşayır və arıçılıqla məşğul olur. 2023-cü ildə İddiaçı Türkiyədən ana arı ailəsi gətirməkdə yerli arıçılara bir dəfə kömək etmiş və növbəti dəfə hər birindən 1300,0 manat alaraq mənimsəmişdir. Arıların gətirilməsi üçün başqa nəqliyyat vasitəsindən istifadə olunmuş və gecikmə olduğu üçün arıların 2/3 hissəsi tələf olmuşdur. İddiaçı tərəfindən aldadaraq zərər çəkdiyi üçün 2024-cü ilin iyul ayında “Facebook” sosial şəbəkəsində yaradılmış “Azərbaycan Arıçılar Assosiasiyası” adlı qrupda fitnəkar olması barədə məlumat yerləşdirərək onu ifşa etmişdir. İddiaçı barəsində çoxlu sayda məhkəmə işi olduğunu bildirməsinə baxmayaraq dinlənilməmiş və həmin faktlar araşdırılmamışdır. İddiaçı həmin məsələ ilə bağlı 5000,0 manat məbləğində mənəvi zərər çəkməsi və hüquqlarını müdafiə etməkdən ötrü 2400,0 manat məbləğində hüquqi xidmət haqqı ödəməsi ağlabatan olmadığından iddia tələbi əsassızdır. İşdə olan Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(025)37/2024 saylı hökmünün surətinə əsasən Cavabdeh 2024-cü ilin iyul ayında “Facebook” sosial şəbəkəsində yaradılmış “Azərbaycan Arıçılar Assosiasiyası” adlı qrupda aparılan yazışmalarda “Levent fitnəkardı.Hakkıdan nisyə istəyib o da verməyib.Buna görə belə edir. Qəbələdə o, atanşik kimi ad çxarıb və neçə dəfə məhkəməsi olub balıq üzrə” mətnli ifadələrə yer verərək İddiaçı barəsində şərəf və ləyaqəti alçaldan həqiqətəyuğun olmayan məlumatlar yaydığına AR CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib 260,0 (iki yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli1382 nömrəli “Hüquqi yardımın göstərilməsi haqqında” müqaviləsinin surətinə İddiaçıun xüsusi ittiham qaydasında şikayəti üzrə ona Qəbələ rayon məhkəməsində hüquqi yardım göstərməsi üçün (Vəkil: Vəkil; Order №0418625) Bakı şəhər 18 saylı Vəkil bürosunun hesabına 800 manat ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli EM-1902 VK-16544/24 nömrəli “Hüquqi yardımın göstərilməsi haqqında” müqaviləsinin surətinə İddiaçıun xüsusi ittiham qaydasında şikayəti üzrə Şəki Apellyasiya məhkəməsində AR CM-nın 148-ci maddəsi ilə baxılan cinayət işində ona hüquqi yardım göstərməsi üçün (Vəkil: Vəkil; Order №0418625) Bakı şəhər 18 saylı Vəkil bürosunun hesabına 820 manat ödənilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli EQ-1902VK-17726/25 saylı Elektron Vəkil Orderinin surətinə əsasən İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddiasına dair iş üzrə ona Qəbələ rayon məhkəməsində hüquqi yardım göstərməsini 18 saylı Vəkil bürosunun vəkili Vəkil tapşırmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli **********33 nömrəli köçürməyə əsasən İddiaçı tərəfindən 18 saylı Vəkil bürosunun 524375*8058 nömrəli kart hesabına 200,0 manat ödənilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli **********40 nömrəli köçürməyə əsasən İddiaçı tərəfindən 18 saylı Vəkil bürosunun 524375*8058 nömrəli kart hesabına 600,0 manat ödənilmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh 2024-cü ilin iyul ayında “Facebook” sosial şəbəkəsində yaradılmış “Azərbaycan Arıçılar Assosiasiyası” adlı qrupda ararılan yazışmalarda İddiaçı barəsində şərəf və ləyaqəti nalayiq formada alçaldan həqiqətəyuğun olmayan məlumatlar yaymışdır. İddiaçı təhqir olunduğuna görə mənəvi sarsıntılara məruz qalaraq iztirab çəkmişdir. İddiaçı təhqir olunması ilə əlaqədar AR CM-nın 148-ci maddəsi ilə açılan cinayət işinin məhkəmədə baxılması prosesində zərərçəkmiş şəxs kimi hüquqlarının müdafiəsində yardım edən nümayəndəyə 1600,0 manat, o cümlədən dəymiş zərərin ödənilməsini təmin etməkdən ötrü hüquqlarının müdafiəsində yardım edən vəkilə 800,0 manat hüquqi xidmət haqqı ödəmişdir. AR Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi əsasını təşkil edir. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. AR Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı ilə izah edilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər; Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir; Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarının 10-cu bəndi ilə izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təhqir olunması nəticəsində İddiaçı keçirtdiyi mənəvi sarsıntının xarakteri (kəskinliyi) və çəkdiyi iztirabın ağırlıq dərəcəsi (dərinliyi) ilə, zərərvurmaya səbəb olan əməlin sahibkarlıq fəaliyyəti ilə əlaqədar müqavilə öhdəliklərin qarşılıqlı icrası prosesində aralarında yaranmış narazılıq zəminində törədilməsi və Cavabdeh əmlak vəziyyəti qarşılaşdırılaraq İddiaçı dəymiş mənəvi zərərə görə 1000,0 (min) manat məbləğində təzminat müəyyən edilməsi mütənasib və ağlabatan olmaqla tərəflərin hər birinin mənafeyinə uyğundur. AR MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbinin həddi, təmin olunan məbləğ, hazırkı iş üzrə göstərilən hüquqi yardımın mahiyyəti ( iddia ərizəsinin tərtib edilməsi, iddia tələbinin mahiyyətinin elanı və sadə bir cümlə ilə çıxışdan ibarətdir) və sərf edilən müdddət alınaraq nümayəndəyə ödənilən xərcə görə Cavabdeh minumum məbləğdə (320,0 manat) hüquqi xidmət haqqı tutularaq İddiaçı Aliosman oğlunun xeyrinə ödənilməlidir. Cavabdeh barəsində AR CM-nın 148-ci maddəsi ilə olan cinayət işinin məhkəmədə baxılması prosesində zərərçəkmiş şəxs İddiaçı Aliosman oğlunun hüquqlarının müdafiəsində göstərilən yardıma görə nümayəndəyə ödənilən məbləğlər AR CPM-nin 197.1-ci maddəsinə əsasən məhkəmə məsrəflərinə daxil olmadığından kimin üzərinə və hansı məbləğdə qoyulması məsələsi hökmlə həll edilməmişdir və mülki məhkəmə icraatında həll edilməsi qaydası nəzərdə tutulmadığından digər tərəfdən tələb edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1000,0 (min) manat məbləğində mənəvi təzminat, 320,0 (üç yüz iyirmi) manat hüquqi xidmət haqqı və 33,0 (otuz üç) manat manat dövlət rüsumu tutulub İddiaçı Aliosman oğlunun xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar