Məhkəmə qərarları › İş №e-2(025)-750/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-750/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-750/2025 01.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: kredit üzrə mübahisələr, kredit borcu tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh, surdo tərcüməçilər X1 və X2 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcu tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7756,34 AZN əsas; 764,73 AZN faiz; cəmi 8521,07 AZN pul vəsaitinin və 105,21 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, GTKR8842437B299 saylı kredit müqaviləsinə əsasən onun kartına 48 ay müddətinə, illik 22,9 faiz dərəcəsi ilə 8075 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunuözündə əks etdirən maliyyə arayışı, cari hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladıqları bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2025-cü il tarixə İddiaçı ASC-yə 7756,34 AZN əsas; 764,73 AZN faiz; cəmi 8521,07 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, eyni zamanda göstərdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Müqavilə əsasında cavabdehə 8075 manat məbləğində kredit ayrılmışdır. Cavabdehin qardaşı da banka müraciət edib. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehə bir yox, bir neçə dəfə kredit verilmişdir. CD diskdə görüntülər var. Cavabdeh ilk dəfə xx.xx.2022-ci ildə onlayn qaydada 2695 manat kredit götürmüşdür. Həmin müqavilə üzrə borc cavabdeh tərəfindən ödənilərək bağlanıb. Yenidən xx.xx.2024-cü il 5067 manat məbləğində kredit götürmüşdür. Həmin kreditlə bağlı ödəniş etməmişdir. Sonuncu kredit 8075 manat təşkil edir. Həmin kreditdən 5067 manat köhnə kreditdən silinib, həmin kredit üzrə borc bağlanıb və 2825,61 manat cavabdehə məxsus əmək haqqı kartına köçürülmüşdür. Cavabdeh fəaliyyət qabiliyyətli şəxs olub və onun əmək haqqı kartı olub. İş üzrə cavabdehin qardaşı gəlmişdir, onlar da ona izah etmişlər ki, aldatma varsa, polisə müraciət etsinlər. Sonuncu kreditlə bağlı xx.xx.2024-cü il tarixdə 262 manat, xx.xx.2024cü il tarixdə 275 manat, xx.xx.2024-cü il tarixdə 260 manat məbləğində ödənişlər etmişdir. Ödənişlərin heç biri də kartdan silinmə deyil, hər biri bankomat vasitəsi ilə edilib. Hesab edir ki, cavabdeh kredit ödənişlərindən yayınır, hazırki hərəkətləri də bunu göstərir. Vətəndaşın nitq qüsurlu olması kredit verilməsi üçün əngəl deyil. Cavabdeh fəaliyyət qabiliyyətli şəxs olmuşdur. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh surdo tərcüməçilər X1 və X2 iştirakları ilə izahat verərək göstərmişdir ki, əvvəllər bankdan kredit almış və onu ödəmişdir. Sonradan yenidən kredit almış, həmin krediti ödəyə bilmədiyinə görə yeni kredit almış, aldığı kreditin müəyyən hissəsi əvvəlki kreditinə silinmişdir. Kredit borcunu əvvəllər ödəmiş, işdən çıxdıqdan sonra ödənişlərini dayandırmışdır. Götürdüyü krediti isə özü üçün xərcləmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında X3 şahid qismində verdiyi izahatında göstərmişdir ki, cavabdeh onun oğludur, o, nitq qüsurludur. Özü kredit alanda bir neçə yerə sorğu verirlər. Necə olur ki, nitq qüsurlu birinə kredit verirlər. Oğlu onunla bir evdə yaşayır. Onun kredit almağından xəbəri olmamışdır. Oğlu ailəlidir, 2 övladı var, Qəbələ rayonu, Həmzəli kəndində yaşayır. O, bir dəfə arvadı ilə gedib 2050 manat kredit alıb. Onu da gedib Şəkidən almışdır. Oğlu 3-cü qrup əlildir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı ASC ilə Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun müştəri) arasında bağlanan xx.xx.2024-cü il tarixli, GTKR8842437B299 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 22,9 faiz dərəcəsi ilə 8075 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, GTKR8842437B299 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 7756,34 manat əsas, 764,73 manat faiz, cəmi 8521,07 manat borcu vardır. İş materiallarında olan «xx.xx.2024-cü il tarixli, GTKR8842437B299 saylı Kredit müqaviləsinə 1 saylı Əlavə»nin surətindən görünür ki, Cavabdeh ona verilmiş kredit vəsaitini hər ay 258,37 manat, sonuncu ay isə 264,49 manat məbləğində ödənişlər etməklə 48 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materillarına iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş CD diskə məhkəmə zamanı baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, GTKR8842437B299 saylı kredit müqaviləsi Cavabdeh ilə 10 saniyəlik video rolik vasitəsi ilə rəsmiləşmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dairAzərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun12 avqust 2020-ci il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı ASC-dən 8075 manat məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə vurduğu zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan müəyyən dərəcədə məhrum olmuşdur və iddiaçı kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmiş, bu məqsədlə borcluya xəbərdarlıq məktubu göndərilmiş, lakin sonuncu tələb olunan vaxt ərzində icrası yarımçıq qalmış öhdəliyi icra etməmişdir. Ona görə də məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş Cavabdeh 7756,34 manat əsas, 764,73 manat faiz, cəmi 8521,07 manat məbləğində kredit borcunun tutulmasını əsaslı sayır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə xx.xx.2024-cü il tarixli, GTKR8842437B299 saylı kredit müqaviləsi üzrə 7756,34 manat əsas, 764,73 manat faiz, cəmi 8521,07 manat borcu vardır. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTKR8842437B299 saylı müqavilənin etibarsızlığına əsas olan hallar müəyyən edilməmişdir. Belə ki, Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 342.1-ci maddəsinə əsasən Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. 343.1-cü maddəsinə əsasən Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxsin öz himayəçisindən razılıq almadan əmlaka dair sərəncam verilməsi barədə bağladığı əqd himayəçinin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hazırkı işdən isə müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, GTKR8842437B299 saylı kredit müqaviləsi bağlanan zaman və hal-hazırda da fəaliyyət qabiliyyəti olmuş, həmçinin onun fəaliyyət qabiliyyəti məhdudlaşdırılmamışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin elelktron qaydada bağlanması Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dairAzərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun12 avqust 2020ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başadüşülən olmalıdır. Göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTKR8842437B299 saylı kredit müqaviləsi etibarlıdır və bu səbəbdən İddiaçı kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə haqlıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 105,21 (bir yüz beş manat iyirmi bir qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 7756,34 manat əsas borc, 764,73 manat faiz borcu və 105,21 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 7756,34 manat əsas borc, 764,73 manat faiz borcu və 105,21 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar