Məhkəmə qərarları › İş №e-2(025)-837/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-837/2024

30.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-837/2024 30.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh oğluna qarşı pul tələbi barədə iddia qaldıraraq 25.000,0 manat əsas borc və 165,0 manat dövlət rüsumu, cəmi 25.165,0 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 2023-cü ilin aprel ayında Qəbələ şəhərində şəxsi vəsaiti hesabına mağaza açaraq Cavabdeh ilə birlikdə işlətmiş və bir müddət keçəndən sonra mağazanı 14.000,0 manat dəyərində malla birlikdə Cavabdeh satmışdır. Cavabdeh 1 həftə müddətində bankdan kredit götürüb borcunu ödəyəcəyini vəd edərək əvvəlki kredit borcunu bağlamaqdan ötrü ondan 3000,0 manat nağd almış və sonra kredit məsələsinin alınmadığını bildirərək yenə də 2500,0 manat nağd alaraq borc əvəzində ona 20.500,0 manat dəyərində “Hundai” markalı avtomobil vermiş, lakin bir gün sonra avtomobil əsl sahibi tərəfindən aparılmışdır. Bundan başqa o, mağazanın 3000,0 manat məbləğində altı aylıq icarə haqqını Cavabdeh yerinə qabaqcadan ödəmişdir. Cavabdeh evini sataraq borcunu qaytaracağını vəd edərək daşınmaz əmlaka dair sənədləri düzəltməkdən ötrü ondan 2500,0 manat almış və alıcı tapılmasına baxmayaraq evi satmaqdan imtina etmişdir. Cavabdeh ona 25.000,0 manat məbləğində borclu olduğunu yazılı şəkildə etiraf edib imzalayaraq təsdiq etmiş, lakin indiyədək qaytarmamışdır. Ona görə də, Cavabdeh 25.000,0 manat əsas borc və 165,0 manat dövlət rüsumu, cəmi 25.165,0 manat alınıb ona verilməsi barədə barədə iddia qaldırmışdır. Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, 2023-cü ildə Əliyev X2 şəhərində şəxsi vəsaiti hesabına mağaza açaraq onunla birlikdə işlətmiş və bir müddət keçəndən sonra mağazanı 14.000,0 manat dəyərində malla birlikdə ona satmışdır. O, bankdan kredit götürüb borcunu ödəmək məqsədilə əvvəlki kredit borcunu bağlamaqdan ötrü İddiaçı 3000,0 manat nağd almış, lakin kreditin alınması baş tutmadığından borcunu qaytara bilməmişdir. Bundan sonra İddiaçı borcun 20.500,0 manat dəyərində “Hundai” markalı avtomobillə əvəzləşdirilməsi məqsədilə ona 2500,0 manat nağd ödəniş etmiş, mağazanın 3000,0 manat məbləğində altı aylıq icarə haqqını onun yerinə qabaqcadan ödəmiş və ona məxsus olan daşınmaz əmlaka dair sənədlərin düzəlməsindən ötrü daha 2500,0 manat xərcləmişdir. Ona görə də, İddiaçı 25.000,0 manat məbləğində borclu olduğunu yazılı şəkildə etiraf edib imzalayaraq təsdiq etmiş, lakin imkanı olmadığından indiyədək qaytara bilməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Qəbzin surətinə əsasən Cavabdeh İddiaçı 25.000,0 manat məbləğində borclu olduğunu şəxsən yazaraq etiraf etmiş və imzası ilə təsdiq etmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh 2023-2024-cü il tarix aralığı müddətində İddiaçı cəmi 25.000,0 manat məbləğində borc almış və qaytarmamışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 25.000,0 manat və 165,0 manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh X1 25.000,0 (iyirmi beş min) manat və 165,0 (bir yüz altmış beş) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar