Məhkəmə qərarları › İş №e-2(025)-855/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-855/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-855/2025 15.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı MM QBKT-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit üzrə mübahisələr, kredit borcu üzrə əsas, faiz və cərimə borcu tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MM QBKT-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MM QBKT Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh əsas borc üzrə 5000.00 AZN, faiz borcuna görə 1954.00 AZN, cərimə borcuna görə 260.59 AZN, cəmi 7214.59 (yeddi min iki yüz on dörd manat, əlli doqquz qəpik) AZN məbləğində borcun və 92,15 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********0751 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 27.00% faiz dərəcəsi olmaqla 30 ay müddətinə 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 232 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 5000.00 AZN, faiz borcuna görə 1954.00 AZN, cərimə borcuna görə 260.59 AZN, cəmi 7214.59 (yeddi min iki yüz on dörd manat, əlli doqquz qəpik) AZN təşkil edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı MM QBKT-nin nümayəndəsi Ramil Heydərov məhkəməyə elektron qaydada ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, anası əməliyyat olunmuş və bu səbəbdən ehtiyac səbəbindən bankdan kredit götürmüşdür. Bundan əlavə də 2 banka da kredit borcu vardır. Bank tərəfindən faiz borcu və cərimə borcu çox hesablanmışdır. Bu səbəbdən faiz borcunun və cərimə borcunun azaldılmasını xahiş edir. Həmçinin anası 1-ci qrup əlil olmaqla onun himayəsindədir. Maddi vəziyyəti aşağıdır. Gələcəkdə ayda 100-150 manat kredit borcundan ödəniş edə bilər. Məhkəmə Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan İddiaçı MM QBKT ilə Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun kredit alan) arasında bağlanan xx.xx.2024-cü il tarixli, **********0751 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı MM QBKT tərəfindən Cavabdeh illik 27 faizlə 30 ay müddətinə 5000 manat məbləğində ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçü kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********0751 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh 5000 manat məbləği illik 27 %-lə, 30 ay müddətinə hər ay 232 manat, sonuncu ay isə 226 manat annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, **********0751 saylı kredit müqaviləsi üzrə 5000 manat əsas, 1954 manat faiz və 260,59 manat cərimə borcu olmaqla, cəmi 7214,59 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********0751 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, sözügedən kredit müqaviləsi bağlandığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən kredit müqaviləsinin müddəti bitinə qədər, yəni xx.xx.2027-ci il tarixə qədər ümumi faiz borcu 1954 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı MM QBKT tərəfindən xx.xx.2024-cü il tarixli, **********0751 saylı kredit müqaviləsinə əsasən illik 27 faizlə 30 ay müddətinə 5000 manat məbləğində ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçü kredit verilmişdir. Cavabdeh həmin kredit məbləğini ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MM QBKT-nə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş cavabdeh - borclu Cavabdeh kredit borcunun tutulmasını əsaslı sayır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2025-ci il tarixə hesablanmış 5000 manat əsas borcu tutulmalıdır. Həmçinin məhkəmə araşdırması zamanı da cavabdeh etiraf etmişdir ki, xx.xx.2024-cü il tarixli, **********0751 saylı kredit müqaviləsi üzrə heç bir ödəniş etməmişdir. Məhkəmə bu səbəbdən Cavabdeh iddiaçı bankın xeyrinə əsas borc üzrə 5000 manat borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, iddia tələbi faiz borcuna aid hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********0751 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, sözügedən kredit müqaviləsi bağlandığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən kredit müqaviləsinin müddəti bitinə qədər, yəni xx.xx.2027-ci il tarixə qədər ümumi faiz borcu 1954 manat təşkil edir. Göründüyü kimi iddiaçının cavabdehdən tələb etdiyi faiz borcu kredit müqaviləsinin sonuna qədər hesablanmış faiz borcudur ki, hazırda da kredit müqaviləsinin müddəti başa çatmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, faiz borcu kredit müqaviləsi bağlanan tarixdən, yəni xx.xx.2024-cü il tarixdən qətnamə çıxarılan tarixə qədər, yəni xx.xx.2025-ci il tarixə qədər hesablanmalıdır. İş materiallarında olan ödəniş cədvəlinə əsasən də müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər faiz borcu 830 manat təşkil etməkdədir. Ona görə də, məhkəmə cavabdehdən 1954 manat yox, 830 manat faiz borcunun tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmçinin məhkəmə öhdəliyini lazımınca icra etmədiyinə görə ondan 260.59 manat məbləğində tələb edilən cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə tətbiq olunmuş cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, 50 manat cərimə tutulmasını yetərli və ədalətli hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 78,80 (yetmiş səkkiz manat səksən qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5000 manat əsas borc, 830 manat faiz borcu və 50 manat cərimə borcu və 78,80 (yetmiş səkkiz manat səksən qəpik) manat dövlət rüsumu İddiaçı MM QBKT-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5000 manat əsas borc, 830 manat faiz borcu və 50 manat cərimə borcu və 78,80 (yetmiş səkkiz manat səksən qəpik) manat dövlət rüsumu İddiaçı MM QBKT-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar