Məhkəmə qərarları › İş №e-2(025)-87/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-87/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-87/2024 18.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə mübahisələr, borcun ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 may 2023-cü il tarixli müqaviləsi üzrə 5.000 (beş min) manat məbləğində pulun; 08 may 2023-cü il tarixli müqaviləsi üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun; 16 may 2023-cü il tarixli müqaviləsi üzrə 9.000 (doqquz min) manat məbləğində pulun; 16 may 2023-cü il tarixli müqaviləsi üzrə ödənilmiş 18 (on səkkiz) manat məbləğində dövlət rüsümunun; 28 may 2023-cü il tarixli borc qəbzinə görə 1.500 azn (min beş yüz) manat məbləğində pulun; habelə 140 azn (yüz qırx) manat ödənilmiş dövlət rüsumunun, cəmi 15.668 azn (on beş min altı yüz altmış səksən) manat Cavabdeh alınaraq ona ödənilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 08 may 2023-cü il tarixli müqavilə üzrə 5.000 (beş min) manat məbləğində pul vəsaiti, həmin müqavilə üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsümu, 16 may 2023-cü il tarixli müqavilə üzrə 9.000 (doqquz min) manat məbləğində pul vəsaiti, həmin müqavilə üzrə ödənilmiş 18 (on səkkiz) manat məbləğində dövlət rüsümu, 28 may 2023-cü il tarixli borc qəbzinə görə 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti, 291,67 (iki yüz doxsan bir manat altmış yeddi qəpik) manat məbləğində əldən çıxmış fayda, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinə hökümət ödəniş portalı vasitəsilə ödənilmiş 125,80 (bir yüz iyirmi beş manat səksən qəpik) manat məbləğində dövlət rüsumu, eləcə də məhkəməyə müraciət etmək üçün 140 (bir yüz qirx) manat məbləğində ödənilmiş dövlət rüsümu olmaqla, cəmi 16.085,47 (on altı min səksən beş manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə bir müddət tanışlıqları var və makler olaraq evinin satılması üçün ondan xahiş etmişdir. Müəyyən vaxt keçdikdən sonra cavabdeh demiş ki, evin fasadı, şüşələri yuyulmalı, həyət təmizlənməli və iki darvaza rənglənməlidir. Belə ki, bir az köhnə görsənir, müştəri gələndə baxıb geri getməsin. O, dostları ilə yığışın həmin evə 3.000 manat pul vəsait ayıraraq evin bütün işlərini görmüşlər. Yenə bir müddət keçdikdən sonra cavabdeh onlara demiş ki, müştəri var, məsələni həll edib, ona satır, lakin evin sənədlərində problem var,sənədləri düzəltmək üçün pul lazımdır və ondan pul istəmişvə demiş ki, bir aya həll edir. O, razılıq vermiş və Bakı şəhəri 12 saylı notariusa gedərək ona 5.000 (beş min) manat bir və 9.000 (doqquz min) manat məbləğində bor müqaviləsi bağlayaraq bir aylıq ona pul vermişdir. Üstündən bir müddət keçdikdən sonra yenə ondan sənədləri tam düzəldilməsi üçün 2.000 manat pul lazım olduğunu bildirmiş və demiş ki, müştəridən 500 azn beh almış, 1.500 manatda ondan istəmişdir. O, Badamdardaki oturduğu alqı-satqı ofisinə gedərək onunla söhbət etmiş,cavabdeh demiş ki, məsələ dəqiq həll olnur. Belə olub borc qəbzi yazmış və o, öz novbəsində qəbzdə qeyd edilənləri təsdiq edərək imza atmışdır. Cavabdehin ona atdığı kartına 1.500 azn manat pulu köçürtmüş və qəbzin şəklini ona atmışdır. Bundan sonra üstündən bir ay keçmiş, cavabdeh yenə ona yalanlar uyduraraq davamlı olaraq“gözdə səbrli ol, həll edirəm, başqa bir müştəri var” demişdir. Yenədə səbr edib gözləmiş, lakin hər gün eyni sözlər, eyni yalanlar eşitmişdir. Bu günədək onun pulunu qaytarmağı üçün məcbur qalıb qanun çərçivəsində məhkəməyə müraciət edir. Eyni zamanda iddiaçı iddia tələbinin artırılması barədə ərizəsində göstərmişdir ki, iddia tələbi üzrə qeyd edilən 08 may 2023-cü il və 16 may 2023-cü il tarixli müqavilələr üzrə müddət bir ay müəyyən olunmuş və həmin müqavilələr üzrə son ödəniş günləri cari ilin iyun ayının müvafiq tarixlərində müəyyən edilmişdir. Artıq yarım ilə yaxın müddətdir ki, cavabdeh götürdüyü pul məbləğlərini qərəzli şəkildə qaytarmamaqla, iddiaçı şəxs olaraq ona zərər vurmuşdur. Göründüyü kimi, borc məbləğinin gecikdirilmiş vaxtı 5 (beş) ay olduğundan və tələb edilən borc məbləğində münasibətdə 291,67 (iki yüz doxsan bir manat altmış yeddi qəpik) manat olduğundan (14.000 (on dörd min) manat x 5% = 700 (yeddi yüz) manat x 5 ay = 291,67 (iki yüz doxsan bir manat altmış yeddi qəpik) manat), qeyd edilən məbləğin əldən çıxmış fayda qismində cavabdeh şəxsdən iddiaçı olaraq tələb etməkdə haqlıdır. Eyni zamanda, cavabdeh şəxsin yalan təkidi ilə, yəni müvafiq əmlakın sənədlərinin düzəldilməsi istiqamətində tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinə hökümət ödəniş portalı vasitəsilə iki dəfə olmaqla (50,40 (əlli manat qırx qəpik) manat və 75,40 (yetmiş beş manat qırx qəpik) manat) 125,80 (bir yüz iyirmi beş manat səksən qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, həmin məbləğdə pul vəsaiti də tərəfindən cavabdeh şəxsdən tələb olunur (qəbzlər ərizəyə əlavə edilir). Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib,iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, 9000 (doqquz min) manat may ayında, 5000 (beş min) manat may ayında və ondan 1-2 ay sonra Səbail rayonu, Tofiq Məmmədov küçəsi, ev 7də yerləşən onların ofisdə karta daxil etməklə 1500 (bir min beş yüz) manat pul borca almışdır. Ümumi aralarında 15500 (on beş min beş yüz) manat pul olmuşdur. Bu puldan ümumi 3800 (üç min səkkiz yüz) manat qardaşı Elvinin kartına atmışdır, 1300 (bir min üç yüz) manat İddiaçı kartına atmışdır. Sonradan onların aralarında 10400 (on min dörd yüz) manat pul qalmışdır. O, pulu ödəməyə davam etmişdir. Sonradan ona Bakı şəhəri Nizami rayon 23 Polis bölməsindən zəng gəlmiş və İddiaçı ondan şikayət etdiyini demişlər. Onlara bu məsələnin Yasamal rayonu ərazisində olduğunu, niyə bu işə qarışmaqlarını soruşmuşdur. Onlar ondan pul ödəməsinə dair qəbzləri istəmişlər. Qəbzlərin şəklini göndərmiş, onlar da bir daha narahat etməyəcəklərini bildirmişlər. Sonradan Ramin ona pulu ödəməyəcəyi təqdirdə şikayət edəcəyini demiş və ondan 15500 manat pul tələb etmiş, o isə Raminə 10400 manat borclu olduğunu bildirmişdir. Bundan sonra ona bildiriş gəlmiş ki, ondan şikayət edibdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında X3 şahid qismində verdiyi izahatında göstərmişdir ki, iddiaçının həm dostu, həm də dayısı oğludur. Kənan onlara evin satılması üçün abadlaşdırılması lazım olduğunu demişdir. O, Emin adlı tanışından borca pul götürmüş və evi abadlaşdırmış. Bunun üçün dostunun təmizlik şirkətini dəvət etmişlər. Onlar Kənanın sözünə görə evi abadlaşdırmışlar. Bundan əlavə Ramin Kənana evin abadlaşdırılması üçün 15000 manat pul vermişdir. Kənan onun və Raminin kartına ümumi 5100 (beş min yüz) manat pul göndərmişdir. O,həmin puldan 3800 ( üç min səkkiz yüz) manat abadlaşdırmaya xərclədiyi pulu götürmüş və borc aldığı adama qaytarmışdır. Onun fikrincə evin abadlaşdırılmasına ehtiyac yox imiş və bunu Kənanın sözünə görə etmişlər. O, xərclədiyi pulu almışdır. O, Kənana pulu qaytarmasını və onları məkəməyə müraciət etməyə məcbur etməməsini demişdir. Məhkəmə iddiaçının izahatını, əvvəlki məhkəmə iclaslarında ifadə vermiş cavabdehin və şahidin izahatlarını nəzərə alıb, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 08 may 2023-cü il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən 3M-1669 reyetr nömrəsi ilə qeydə alınmış «kredit müqaviləsi»ndən görünür ki, İddiaçı Cavabdeh 5000 manat 00 qəpik (beş min manat sıfır qəpik) məbləğində pulu borc vermişdir. Müqavilə ilə «borc alan» xx.xx.2024-cü il tarixədək həmin borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 may 2023-cü il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən 3M-1768 reyetr nömrəsi ilə qeydə alınmış «kredit müqaviləsi»ndən görünür ki, İddiaçı Cavabdeh 9000 manat 00 qəpik (doqquz min manat sıfır qəpik) məbləğində pulu borc vermişdir. Müqavilə ilə «borc alan» xx.xx.2023-cü il tarixədək həmin borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən yazılmış və Cavabdeh imzası ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Borc Qəbz”ndən görünür ki, Cavabdeh İddiaçı aldığı 1500 manat məbləğində pulu xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış Bildirişdən (Pretenziya) görünür ki, Cavabdeh 05 (beş) gün müddətinə borcu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət olunacağına dair xəbərdar edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-cu maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadı. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, İddiaçı 08 may 2023-cü il tarixli və 16 may 2023-cü il tarixli kredit müqavilələrinə, həmçinin İddiaçı tərəfindən yazılmış və Cavabdeh imzası ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Borc Qəbz”inə əsaslanaraq, həmin müqavilələrdə və borc qəbzində nəzərdə tutulmuş 15500 manat məbləğində borcun qaytarılmasını iddia və tələb etdiyi halda, Cavabdeh müqavilələr və borc qəbzinə əsasən ümümilikdə 15500 manat borc aldığını, lakin hal-hazırda 10400 manat borcu qaldığını bildirmişdir. Göründüyü kimi, kredit müqaviləsinə görə borc verən pul məbləğinə olan mülkiyyət hüququnu borc alana keçirməyi, sonuncu isə həmin pulu müqavilə şərtlərinə uyğun olaraq borc verənə qaytarmağı öhdələrinə götürürlər və borclu öhdəliklərin icra edilməməsi üçün məsuliyyət daşıyır. Buradan belə aydın olur ki, kredit müqaviləsinin predmetini borc verilən pul məbləği təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Hazırki işdə tərəflər arasında bağlanmış 08 may 2023-cü il tarixli yazılı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 5000 manat məbləğində borc pul almış və o, həmin borcu xx.xx.2024-cü ilə qədər qaytaracağını könüllü olaraq ifadə etmiş və bu barədə üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda tərəflər arasında bağlanmış 16 may 2023-cü il tarixli yazılı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 9000 manat məbləğində borc pul almış və o, həmin borcu xx.xx.2023-cü ilə qədər qaytaracağını könüllü olaraq ifadə etmiş və bu barədə üzərinə öhdəlik götürmüşdür. Göründüyü kimi tərəflər arasında mübahisələndirilən 14000 manat borc məbləği cavabdehin borcu xx.xx.2023-cü ilə və xx.xx.2024-cü il tarixə qədər qaytaracağına dair öhdəliyindən irəli gələn və məhz notarial qaydada tərəflər arasında imzalanmış kredit müqavilələrində öz əksini tapmışdır. Həmçinin İddiaçı tərəfindən yazılmış və Cavabdeh imzası ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Borc Qəbz”inə əsasında sonuncu İddiaçı 1500 manat aldığını və həmin pulu xx.xx.2023-cü il tarixə qədər qaytarmasına qədər öhdəlik götürmüşdür. Bu halı cavabdeh məhkəmə iclası zamanı izahatında etiraf etmiş və həmin qəbz əsasında İddiaçı 1500 manat almasın təsdiq etmişdir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.1ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi Cavabdeh İddiaçı ümumilikdə 15550 manat aldığını etiraf etmiş, eyni zamanda həmin borcdan 1300 manatını İddiaçı kartına, 3800 manatı isə Elvin adlı şəxsin kartına atdığını qeyd etmişdir. İddiaçı isə Cavabdeh 1300 manat borc məbləğini aldığını etiraf etmişdir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə Cavabdeh iddiaçıdan 15500 manat borc alıb 3800 manat bir, 1300 manat bir ödəmələ iddiaçıya ümumlikdə 10400 manat borcu qaldığını qeyd etmişdir. Eyni zamanda iddiaçı isə 1300 manat borc məbləğini qəbul etdiyini etiraf etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 1300 manat məbləğ isə iddiaçı tərəfindən etiraf edildiyindən iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 14200 (15500-1300) manat tutulmalıdır. Cavabdeh isə iddiaçıya olan borc məbləğindən 1300 manatdan əlavə 3800 manat ödəməsinə dair hər hansı sübut təqdim etməmişdir. Məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri ilə isə 3800 manat məbləğin X1 ödənildiyi müəyyən edilmişdir. Məhkəmə arazıdrması zamanı şahid qismində dindirilmiş Elvin Əsgərov isə Cavabdeh tərəfindən ona ödənilmiş 3800 manatın İddiaçıla bağlanmış kredit müqavilələrinə aidiyyatının olmadığını, Cavabdeh ona olan şəxsi borcunun qaytarmasını bildirmişdir. Bunu əksini sübut edən hallar isə cavabdeh tərəfindən iddiaçıya təqdim edilməmişdir. Əksinə 1300 manatın məhz Ramin Ağcanova məxsus kart hesabına, 3800 manatın isə Elvin Əsgərova məxsus kart hesabına ödənilməsini əsaslandıra bilməmişdir. Bu hal isə məhkəmədə 3800 manatın həqiqətəndə Elvin Əsgərova olan borc öhdəliyini ilə əlaqədar olmasına dair əsas yaradır. Bundan başqa, cavabdeh kredit müqavilələrini hər hansı hallarla mübahisələndirməmişdir. İşin bu halı kredit müqavilələrinin tərəflər arasında iradə ifadəsinin əksi olaraq könüllük prinsipi ilə (tərəflərin “müqavilə azadlığı” prinsipi çərçivəsində, tam sərbəst iradələri ilə, müqavilə şərtləri barəsində qarşılıqlı razılıq çərçivəsində) bağlandığına dəlalət edir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadının 33-cü bəndində göstərilmişdir ki,məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verməlidir. Həmin Qəradadın 34-cü bəndində göstərilmişdir ki, mübahisələndirmə şəxsə bağlı olan hüquqdur. Əgər tərəf əqdlə bağlı olmadığına dair öz iradə bəyanını qarşı tərəfə bildirmirsə, etibarsızlıq nəticəsini doğuracaq hüquqi hərəkət (mübahisələndirmə) aidiyyəti şəxs tərəfindən edilməmiş olur. Bu halda məhkəmə işdən iradənin zədələnməsi faktlarını görsə belə, öz xidməti vəzifəsinə əsaslanaraq əqdin etibarsızlığı ilə bağlı həmin halları araşdıra və nəzərə ala bilməz. Çünki, şəxsə bağlı olan hüquqlar əlaqədar şəxsdən başqa heç kim tərəfindən istifadə edilə bilməz. Elə Konstitusiya Məhkəməsi Plenumunun qərarının nəticə hissəsinin 7-ci bəndində də mübahisə edilən əqdlərlə bağlı etibarsızlıq halının tələb olmadan məhkəmə tərəfindən nəzərə alına bilinməyəcəyi xüsusi olaraq qeyd olunmuşdur.Hazırki iş üzrə də Cavabdeh08 may 2023cü il və 16 may 2023-cü il tarixli kredit müqavilələrini mübahisələndirməmişdir. Həmin Qərardadın 46-cı bəndində göstərilmişdir ki, İşdə iştirak edən şəxslərin əqdə əsaslanan tələblərə baxılarkən ona verilmiş prosessual hüquqlardan istifadə etmədən (etiraz və qarşılıqlı iddia vermədən, öz dəlil və sübutlarını təqdim etmədən) əqdin etibarsızlığına dair ayrıca iddia qaldırması həm də MPM-in 47.1-ci maddəsi ilə işdə iştirak edən şəxslərin üzərinə qoyulmuş prosessual hüquqlardan vicdanla istifadə etmək vəzifəsi və prosessual qənaət prinsipi ilə bir araya sığmır.Hazırkı işdən də göründüyü kimi, Cavabdeh08 may 2023-cü il və 16 may 2023-cü il tarixli kredit müqavilələrinin etibarsızlığına dair hər hansı etiraz, qarşılıqlı iddia və s. sübut təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 08 may 2023-cü il və 16 may 2023-cü il tarixli kredit müqavilələri etibarlıdır və həmin müqavilələrin etibarsızlığı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi illik 5 faiz olmaqla 291,67 manat pulun cavabdehdən tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinin tələbinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 445.7.-ci maddəsinin tələbinə görə, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 133,06 (bir yüz otuz üç manat altı qəpik) məhkəmə dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 115.0.9-ci maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Azərbaycan Respublikası MPM-nin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kredit müqavilələrinin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 28 (iyirmi səkkiz) manat dövlət rüsumu, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinə hökümət ödəniş portalı vasitəsi ilə ödənilmiş 125,80 (bir yüz iyirmi beş manat səksən qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14200 (on dörd min iki yüz) manat məbləğində borc, kredit müqavilələrinin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 28 (iyirmi səkkiz) manat dövlət rüsumu, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinə hökümət ödəniş portalı vasitəsi ilə ödənilmiş 125,80 (bir yüz iyirmi beş manat səksən qəpik) manat məbləğində dövlət rüsumu və 133,06 (bir yüz otuz üç manat altı qəpik) məhkəmə dövlət rüsumu olmaqla, ümumilikdə 14486,86 (on dörd min dörd yüz səksən altı manat səksən altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14200 (on dörd min iki yüz) manat məbləğində borc, kredit müqavilələrinin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 28 (iyirmi səkkiz) manat dövlət rüsumu, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinə hökümət ödəniş portalı vasitəsi ilə ödənilmiş 125,80 (bir yüz iyirmi beş manat səksən qəpik) manat məbləğində dövlət rüsumu və 133,06 (bir yüz otuz üç manat altı qəpik) məhkəmə dövlət rüsumu olmaqla, ümumilikdə 14486,86 (on dörd min dörd yüz səksən altı manat səksən altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar