Məhkəmə qərarları › İş №e-2(025)-920/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-920/2025

12.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-920/2025 12.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “tapşırığın lazımi qaydada icra edilməməsinə görə pul və mənəvi ziyan tələbi”nə dair (Açar sözlər: tapşırığın lazımi qaydada icra edilməməsinə görə pul və mənəvi ziyan tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “tapşırığın lazımi qaydada icra edilməməsinə görə pul və mənəvi ziyan tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “tapşırığın lazımi qaydada icra edilməməsinə görə pul və mənəvi ziyan tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq cəmi 2300 (iki min üç yüz) manat, mənəvi zərərin əvəzi olaraq 2.000 (iki min) manat və ödənilmiş 64 (altmış dörd) manat məbləğində dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilən 150 (bir yüz əlli) manat xidmət haqqı ödənişinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin yay aylarında Qəbələ rayonu, Böyük Pirəlli kəndindəki fərdi yaşayış evinin qarşısında olan pilləkənin üstündə talvar (quraqlıq) tikmək qərarına gəlmişdir. Ona görə də soraqlaşaraq bu işi görə biləcək usta taparaq onunla həmin işin görülməsi barədə razılıq əldə etmişlər. Razılaşmaya əsasən usta Cavabdeh gördüyü iş müqabilində 700 (yeddi yüz) manat pul və tikiləcək talvar üçün tikinti materialları alıb verməli, gündəlik iş zamanı yeyib-içməyini (ərzaqlara 300 manata qədər xərclənib) təşkil etməli imiş. Usta Ramin də özünə iş yoldaşı kimi Yaşar ilə danışaraq işə başlamışdır. O, tikinti materiallarını Qəbələ və Ağdaş rayonlarından inşaat meterialları satılan yerdən ümumi dəyəri 1600 (bir min altı yüz) manat mal material alaraq (qaimə-fakturalarda öz əksini tapmışdır) ustaya təhvil vermişdir. Tez-tez xəstəliyi ilə əlaqədar Bakı şəhərinə getdiyindən, görüləcək işin necə aparıldığını görmədiyindən, ustaya inandığından işin keyfiyyətsiz görülə biləcəyini düşünməmişdir. İşin görülməsinə görə isə 700 manat pulu ustaya verərək Bakı şəhərinə həm müalicəni davam etdirmək üçün, həm də orada yaşadığından getmişdir. 2024-cü ilin dekabr ayında qonşusuona zəng edərək külək əsdiyinə görə fərdi yaşayış evinin yanında tikilmiş talvarın uçaraq dağıldığını xəbər vermişdir. Hadisədən sonra o, xx.xx.2024-cü il tarixində AR-sı DİN-nin “102” çağrı xidmətinə şikayət edərək şikayətini bildirmişdir. Daha sonra onu Qəbələ RPŞ-nə dəvət edərək izahatını almışlar, cavabdeh şəxsin də polis şöbəsində izahatı alınmışdır. Polis şöbəsində olarkən və 2-3 ay bundan əvvələ kimi cavabdeh şəxs onunla razılığa gələcəyini, dəymiş ziyanın və ya yenidən talvarın tikilməsini öz üzərinə götürəcəyini bildirirmişdir. Lakin o, son günlərə kimicavabdeh ilə razılaşma olacağına ümid edirmiş. Artıq bu ilin aprel ayında məlum olmuş ki, cavabdeh onunla hər hansı razılığa gəlmək istəmir. O da məcbur olaraq yenidən xx.xx.2025-ci il tarixində AR-sı DİN-nin “102” çağrı xidmətinə müraciət edərək bu barədə şikayət etmişdir. Qəbələ RPŞ-si yenidən araşdırma apardıqdan sonra şikayətində göstərilən xüsusatların onların səlahiyyətinə aid olmadığını,aidiyyatı üzrə məhkəməyə müraciət etməyini bildirmişdir. Qeyd etmək istəyir ki, cavabdeh şəxsin tikinti işini keyfiyyətsiz görməsi və talvarın yıxılaraq dağılması nəticəsində 700 manat işin görülməsinə görə verilən xidmət haqqı və 1600 manat mal-materialın zay olması ümumilikdə, 2300 manat ona maddi zərər dəymişdir. Eyni zamanda bildirir ki, o, 2-ci dərəcəli əlil olmaqla ankoloji xəstədir və cavabdeh şəxsin işinə məsuliyyətsiz yanaşma hərəkətlərinə görə əsəb və sarsıntı keçirmiş, səhhəti daha da pozulması ilə əlaqədar bir neçə dəfə təcili tibbi yardıma və həkimə müalicə olunmaq üçün müraciətlər etmişdir. Həmçinin, yaşayış və həyat tərzində mənfi psixi reaksiyaya səbəb olmuş, sağlamlığında iztirab və sarsıntı keçirdiyindən pozulmalar baş vermişdir ki, hazırda da müalicə almışdır. Ona görə də ona maddi zərərdən əlavə mənəvi zərərdə dəymişdir ki, dəymiş mənəvi zərəri 2.000 manat dəyərləndirir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavadeh Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, orda dam tikməmişdir, 9 ədəd şiferdən ibarət endirmə tikmişdir. Həmin damın (endirmənin) tikilməsinə görə 200 manat pul almışdır. Daha sonra iddiaçı ilə halallaşıb ayrılmışlar. O, damı iyun ayının sonunda tikib təhvil vermiş və getmişdir. 2024-cü ilin dekabr ayının ortalarında baş verən təbii fəlakət nəticəsində qasırga, külək əsib, dam örtüyünü aşırmışdır. İddiaçı ona zəng vurmamışdır. Hazırda iddiaçı tərəf damı bərpa etmişdir. İddia tələbi əsassız olduğundan iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iddiaçının evində Raminin yanında fəhlə kimi işləmişdir. İddiaçı evinin qabağından əndirmə tikmişlər. Əndirməni iddiaçının istədiyi şəkildə etmişlər. İş bitdikdən sonra Ramin ona 200 azn vermişdir, özü isə 600-700 azn almışdır. Amma əndirmədən əlavə işlər də etmişlər və bütün işlərə də kömək etmişdir. Onların işlərindən narazılıq olmamışdır. Evi iddiaçının ərinə təhvil verib pullarının alıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki,İddiaçı çoxdan tanıyır, atası və qardaşıgildə işləmişdir. Evin damını və barını o tikmişdir. Endirmə üçün əlində başqa işim olduğuna görə Ramini iddiaçıya yönləndirmişdir. Endirmə tikildikdən 6 ay sonra baş vermiş qasırga, külək nəticəsində aşmışdır. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını və şahidin ifadələrini dinləyərək, tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, müraciətdə göstərilən xüsusatlarla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan Qəbələ RPŞ-nin məsul növbətçisi, polis mayoru T.Bağırov tərəfindən Qəbələ rayon Polis şöbəsinin rəisinə ünvanlanmış raportda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:22 radələrində DİN-nin “102” xidmətinə İddiaçı telefonla zəng edərək, Qəbələ rayonu, Böyük Pirəlli kəndində olan evinin təmiri ilə əlaqədar olaraq Ramin və Yaşar adlı ustalara 1000 manat pul ödəniş etməsi, həmin şəxslərin pulu aldıqdan sonra onun evində 1 ay işləyib keyfiyyətsiz təmir işləri görmələri barədə məlumat vermişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Qəbələ rayon Polis şöbəsinə verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, sonuncu izahatında təxminən 5 ay bundan əvvəl Qəbələ rayon Böyük Pirəlli kəndində İddiaçı məxsus həyətyanı torpaq sahəsində talvar tikdiyini, işlədikləri müddət ərzində İddiaçı mütəmadi olaraq özü işə nəzarət etdiyini və heç bir irad bildirmədiyini, işi yekunlaşdırdıqdan sonra isə onlara 700 manat zəhməthaqqı verdiyini göstərmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 783.2.Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında şifahi “Tapşırıq” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh (vəkalət alan) müqavilə bağlandığı gündən razılaşmalarına əsasən İddiaçı məxsus fərdi yaşayış evinin qarşısında olan pilləkənin üstündə quraqlıq (talvar) tikməyi öhdəsinə götürmüşdür. Sözügedən şifahi müqaviləyə əsasən İddiaçı Cavabdeh 700 manat verməyi öhdəsinə götürmüşdür. Vəkalət alan Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş və İddiaçı məxsus fərdi yaşayış evinin qarşısında olan pilləkənin üstündə quraqlıq (talvar) tikmişdir. Bu halı hər iki tərəf etiraf etməkdədir. Lakin xx.xx.2024-cü il tarixdə Qəbələ rayon ərazisində baş verən güclü külək zamanı Cavabdeh tərəfindən inşa edilmiş quraqlıq (talvar) uçmuşdur. İddiaçı hal-hazırda quraqlığın (talvarın) uçması nəticəsində ona 2300 manat maddi zərərin və 2000 manat mənəvi zərərin dəydiyini bildirir və həmin məbləğləri cavabdehdən tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir və quraqlığın (talvar) lazımı keyfiyyətdə tikildiyini, uçmasına səbəb isə Qəbələ rayonunda həmin gün güclü küləyin olduğunu bildirir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İddiaçı və cavabdeh arasında quraqlıq (talvar) tikilməsinə dair verilən tapşırıq müqaviləsi şifahi bağlanılmış və iddiaçı tərəfindən belə müqavilə bağlanarkən tikiləcək quraqlığın (talvarın) hansı keyfiyyətdə olması və nə qədər ölçüdə küləyə davamlı olması barədə göstəriş verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Belə bir halın gələcəkdə mövcudluğunun istisna edilməsi yalnız o halda imperativ ola bilərdi ki, tərəflər arasında bağlanılmış tapşırıq müqaviləsi yazılı formada tərtib edilsin və qeyd edilən hal şərt kimi həmin müqavilədə göstərilsin. Tapşırıq müqaviləsi üzrə tapşırıq verən şəxs həmin müqavilənin şərtlərinə və qanunun tələblərinə müvafiq olaraq icra edilməsində maraqlı olmalıdırlar. Beləliklə, vəkalət verən tərəfindən vəkalət alana quraqlığın (talvarın)dəyəri ilə bağlı konkret tapşırığın verilməsi öz təsdiqini tapmadığından, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, vəkalət alanın dəyən zərər üçün məsuliyyət daşıması üçün tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi lazımdır. Lakin iddiaçı cavabdehin aldığı tapşırığı qəsdən və ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi barədə məhkəməyə hər hansı sübut təqdim etmişdir. Əksinə məhkəmə araşdırması zamanı internet üzərindən araşdırılma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu ərazisində güclü külək olmuş və nəticədə bir sıra evlərə, obyektlərə və dövlət müəssisələrinə ziyan dəymişdir. Bu da Cavabdeh əməlində nəinki qəsd, hətta ehtiyatsızlıqdan belə işini vicdanla icra etməməsi kimi halların mövcud olmamasını göstərir. İddiaçının belə bir tələb irəli sürməsi üçün ilk növbədə cavabdehin təqsirli olması sübuta yetirilməlidir. Lakin iddiaçı tərəfindən belə bir sübut məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda iddiaçı tərəfindən həmin tikili bərpa edildiyindən orada hər hansı ekspertiza aparılması da mümkün olmamışdır. Məhkəmə o halı da nəzərə alır ki, iddiaçı hüquq mühafizə oraqnlarına etdiyi müraciətlərdə ona Cavabdeh tərəfindən 700 mamant, sonrakı izahatında 1000 manat zərər yetirildiyini bildirsədə, məhkəməyə bu məbləğin 2500 manat olduöunu qeyd etmiş, lakin bunu təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən 2000 (iki min) manat mənəvi zərər tələb etmişdir. Lakin iddiaçı cavabdehin ona 2000 manat məbləğində mənəvi zərər vurmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə görə zərərçəkən fiziki şəxsin sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətlərin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli qərarına əsasən, mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıları, xarakterini və ağırlığını, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (az yaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarad özümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətə layiq hallarını nəzərə almalıdırlar. Bu zaman məhkəmələrin müəyyən etdiyi zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nə də ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğ də və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 11-ci bəndinə əsasən mənəvi zəzərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normalarıda nəzərə alınmalıdır. Eyni zamanda cavabdehin qanunsuz əməlləri nəticəsində mənəvi sarsıntı keçirməsinə və buna görədə cavabdehin ona vurduğu mənəvi zərəri 2000 (iki min) manat məbləğində qiymətləndirdiyini iddia edən İddiaçı iddia tələbinin əsaslandığı hallara - cavabdehin hansı hərəkətləri (və ya hərəkətsizliyi) və təqsiri ucbatından ona mənəvi zərərin dəyməsinə, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nə də ifadə olunmasına, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsinə dair heç bir mötəbər sütubu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddia tələbi hüquqi yardıma görə çəkilmiş 150 manat xərcin cavabdehdən tutulması hissəsində də təmin edilməməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “tapşırığın lazımi qaydada icra edilməməsinə görə pul və mənəvi ziyan tələbi”nə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “tapşırığın lazımi qaydada icra edilməməsinə görə pul və mənəvi ziyan tələbi”nə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar