Məhkəmə qərarları › İş №e-2(025)-963/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-963/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-963/2024 01.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X3 İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh 271 (iki yüz yetmiş bir) manat əsas, 27 (iyirmi yeddi) manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 328 (üç yüz iyirmi səkkiz) manat İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan 22 avqust 2016-cı il tarixli 01-AGT000007588 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" maqazasından ümumi dəyəri 164 manat olan Huawei Y220 (İmei: **********99401, **********16788) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq hər ayın 22-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 12 (on iki) manat ödəniş etməli olduğu halda ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri- 271 manatı maqazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. İşdə olan xx.xx.2024-cü il tarixli Maliyyə arayışının surətinə əsasən, Cavabdeh arasında bağlanan 20 iyul 2016-cı il tarixli 01-AGT000006872 və 22 avqust 2016-cı il tarixli 01- AGT000007588 saylı kredit (nisyə alqı satqı) müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə olan ödənilməmiş məbləğ 271 manat əsas məbləğ və 27 manat cərimə olmaqla 298 manat təşkil edir. İşdə olan xx.xx.2016-cı il tarixli 01-AGT000006872 nömrəli müqavilə üzrə Ödəniş cədvəlinin surətinə əsasən alınmış malın dəyəri xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay 12 manat ödənilməklə xx.xx.2017-ci il tarixədək ödənilməlidir. İşdə olan xəbərdarlıq məktubunun surətində qeyd edilmişdir ki, "xxxx" MMC-lə 20 iyul 2016cı il tarixli 01-AGT000006872, 22 avqust 2016-cı il tarixli 01-AGT000007588 nömrəli nisyə-alqı satqı müqaviləsinin bütün şərtlərinin tələbetmə hüququ xx.xx.2022-ci il tarixdən etibarən İddiaçı MMC-yə ötürülmüşdür. İşdən görünür ki, Cavabdeh 20 iyul 2016-cı il tarixli 01-AGT000006872 və 22 avqust 2016-cı il tarixli 01-AGT000007588 nömrəli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək aylıq ödəməni icra etməmiş və xx.xx.2024-cü il tarixə 271 manat borclu qaldığından 27 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən şəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Borcverən İddiaçı MMC ilə Borcalan Cavabdeh arasında bağlanmış 20 iyul 2016-cı il tarixli 01-AGT000006872 və 22 avqust 2016-cı il tarixli 01-AGT000007588 saylı müqavilələr üzrə borclu Cavabdeh oğlundan 271 manat əsas borc tutularaq İddiaçı MMC–nin hesabına keçirilməli, cərimə məbləği isə əsas borca mütənasib olaraq birrəqəmli həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 271 (iki yüz yetmiş bir) manat əsas borc, 3 (üç) manat cərimə və 30,0 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı MMC–nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar