Məhkəmə qərarları › İş №e-2(025)-998/2022

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-998/2022

08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-998/2022 08.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-3-cu maddəsinə əsasən: 284-3.1. Ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. 284-3.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 284-3.2.1. ərizənin verildiyi məhkəmənin adı; 284-3.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 284-3.2.3. iddiaçının tələbi və onun əsaslandığı hallar; 284-3.2.4. tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; 284-3.2.5. əlavə edilən sənədlərin siyahısı. 284-3.3. Ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. 284-3.4. Ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Ərizəyə əlavə edilən sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında təqdim edilir. Göründüyü kimi iddiaçı iddia ərizəsinə cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları qeyd etmişdir. Cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar “Elektron məhkəmə” sistemi vasitəsilə yoxlanılmış və müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh kimi göstərdiyi Cavabdeh xx.xx.2020-ci il tarixdə ölmüşdür. Göründüyü kimi iddiaçı ölmüş şəxsə qarşı iddia qaldırmış və borc məbləğinin ondan tutulmasını xahiş etmişdir. Nəticədə iddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldırıldıqdan əvvəl öldüyündən o, işdə iştirak edən şəxslər kateqoriyasına aid edilə bilmədiyi üçün, iddia tələbi cavabdeh (borclu) Cavabdeh qarşı yönəldilərkən qanunvericiliyin tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, hazırki tələb üzrə borclu Cavabdeh vərəsələrini müəyyən etməli, daha sonra müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməli idi. İddia ərizəsi tərtib edilərkən qeyd edilən qüsurlar aradan qaldırılmalıdır. Mülki Prosessual Məcəllənin 284-3.5-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 284-3.5ci maddəsinə əsasən, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, bank hazırki tələb üzrə borclu Cavabdeh vərəsələrini müəyyən etməli, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında təkrar məhkəməyə müraciət etmək olar. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar