Məhkəmə qərarları › İş №e-2(026)-146/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-146/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-146/2025 26.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti 27 yanvar 2025-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8040,63 manat əsas, 4069,65 manat faiz, 9431,14 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 1199,52 manat faiz borcu olmaqla, cəmi 22740,94 manat borcun və iş üzrə ödənilmiş 158,22 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Şamaxı filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, 07 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün 36 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 12740 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə bank arasında ********* nömrəli, 07 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 06 iyul 2015-ci il tarixli, 01 saylı əlavə sazişlərə əsasən kreditin qalıq məbləği 10749,85 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 40 ay təyin edilmiş, 06 noyabr 2018-ci il tarixədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 fevral 2017-ci il tarixli, 11 saylı əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği konvertasiya edilmiş (1 ABŞ dolları = 1,5 manat) 13259,16 manat hesablanmışdır. Kreditin müddəti 01 fevral 2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 15 faiz ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən, restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə, bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 07 yanvar 2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 22740,94 manat təşkil edir. Bundan 8040,63 manat əsas, 4069,65 manat faiz, 9431,14 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 1199,52 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 çıxış edərək bildirdi ki, o, həqiqətən də, iddiaçı bankdan 2014-cü ildə 12740 ABŞ dolları məbləğində kredit götürmüş, borcundan bir hissəsini qaytarmış, lakin ödənişləri sonradan edə bilməmişdir. Buna görə də onun kredit borcu manata konvertasiya edilmişdir. Hazırda da tələb olunan əsas və faiz borcu məbləğini qəbul edir, lakin hesab edir ki, cərimə borcu məbləği əsassız olaraq şişirdilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclaslarında iştirak etməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 07 noyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən kreditor borcalana 12740 ABŞ dolları məbləğində kredit verir. Kredit 36 ay müddətinə verilir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 30 faiz ödəyir. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 60 faiz dərəcəsi ilə, aylıq isə 5 faiz dərəcəsi ilə hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İşdə surəti olan 07 noyabr 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, 07 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 12740 ABŞ dolları məbləğində kredit Cavabdeh2 tərəfindən qəbul edilmişdir. İşdə surəti olan İddiaçı ASC, borcalan Cavabdeh2, zaminlər Cavabdeh1 və X1 arasında bağlanmış 07 noyabr 2014-cü il tarixli, ********* saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti ********* saylı, 07 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlərin öz üzərinə götürməsidir. Zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşdə surəti olan İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 07 noyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə 06 iyul 2015-ci il tarixli əlavə sazişdən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 10749,85 ABŞ dolları təşkil edir. Kreditin müddəti 40 ay təyin edilir. Kreditin illik faiz dərəcəsi 30 faiz təyin edilir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 59,35 faiz təşkil edir. Gecikdirilən borc məbləğinə cərimə kimi hesablanan illik faiz dərəcəsi 60 faiz, aylıq isə 5 faiz təyin edilir. İşdə surəti olan İddiaçı ASC, borcalan Cavabdeh2, zaminlər Cavabdeh1 və X1 arasında bağlanmış 07 noyabr 2014-cü il tarixli, ********* saylı zaminlik müqaviləsinə 06 iyul 2015-ci il tarixli əlavə sazişdən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 10749,85 ABŞ dolları təşkil edir. Kreditin müddəti 40 ay təyin edilir. Kreditin illik faiz dərəcəsi 30 faiz təyin edilir. Gecikdirilən borc məbləğinə cərimə kimi hesablanan illik faiz dərəcəsi 60 faiz təyin edilir. İşdə surəti olan İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 07 noyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə 01 fevral 2017-ci il tarixli, 11 nömrəli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas borc qalığı 8839,44 ABŞ dolları konvertasiya edilməklə 13259,16 manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 01 fevral 2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 15 faiz ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 42,75 faiz təşkil edir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 30 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İşdə surəti olan İddiaçı ASC, borcalan Cavabdeh2, zaminlər Cavabdeh1 və X1 arasında bağlanmış 07 noyabr 2014-cü il tarixli, ********* saylı zaminlik müqaviləsinə 01 fevral 2017-ci il tarixli, 11 nömrəli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas borc qalığı 8839,44 ABŞ dolları konvertasiya edilməklə 13259,16 manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 01 fevral 2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 15 faiz ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 42,75 faiz təşkil edir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 30 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İşdəki 08 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 01 fevral 2017-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 07 yanvar 2025-ci il tarixinə yaranmış tələb aşağıdakı kimidir: müqavilə üzrə əsas borc 8040,63 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 4069,65 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 9431,14 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1199,52 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 22740,94 manat. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 02 dekabr 2024-cü il tarixli bildiriş məktubu göndərilmişdir. İşdə surəti olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarından görünür ki, həmin qərarla İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanması, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. İşdə surəti olan 27 yanvar 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 158,22 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iş materiallarından görünür ki, iddiaçı bankla Cavabdeh2 arasında 07 noyabr 2014-cü il tarixində kredit müqaviləsi bağlanmış, sonuncuya 12740 ABŞ dolları məbləğində kredit verilmiş, həmin məbləğ borcalan tərəfindən qəbul edilmişdir. Borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə həmin tarixdə bank, borcalan və zaminlər Cavabdeh1 və Zahid Nəhmətov (Nizamxanlı) arasında zaminlik müqaviləsi bağlanmışdır. Sonradan həmin kredit və zaminlik müqavilələrinə 06 iyul 2015-ci il və 01 fevral 2017-ci il tarixli əlavə sazişlər imzalanmış, sonuncu sazişlə kreditin müddəti 01 fevral 2022-ci il tarixədək uzadılaraq, restrukturizasiya edilmiş kreditin məbləği 13259,16 manat müəyyən edilmişdir. İddiaçı isə hazırkı tələblə 27 yanvar 2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Bu baxımdan məhkəmə ilk öncə zaminlərə qarşı iddiaçının hazırkı tələblə çıxış edə bilmək hüququnun olub-olmamasını qiymətləndirməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə bildirir ki, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Nəhmətov (Nizamxanlı) Zahid Nizamxan oğlu ilə bağlanılmış zaminlik müqaviləsinə və ona edilmiş əlavə sazişlərə əsasən onların zaminliyi üçün konkret müddət müəyyən edilməsə də, əsas öhdəliyin icrası müddəti yekun olaraq 01 fevral 2022-ci il tarixdə başa çatmışdır. Bu isə onu göstərir ki, iddiaçı zaminlərə qarşı zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı 01 fevral 2022-ci il tarixdən 1 il ərzində iddia irəli sürməli olsa da, bunu etməmiş, onlara qarşı iddiasını yalnız 27 yanvar 2025-ci ildə irəli sürmüşdür. Qeyd edilənlərə əsasən, məhkəmə bildirir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələblərinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zaminliyinə müddətin keçməsi əsası ilə xitam verilmişdir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zaminliyinə müddətin keçməsi əsası ilə xitam verildiyindən, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə tamamilə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edilən normaların tələblərini hazırkı işə tətbiq edərək bildirir ki, iddiaçının Cavabdeh2 12740 ABŞ dolları kredit verməsi, sonuncunun həmin məbləği qəbul etməsi, onun ödənişləri lazımınca icra edə bilməməsi, həmin kredit öhdəliyinə əlavə sazişlərlə dəyişikliklər edilməsi, daha sonra kredit borcu məbləğinin 13259,16 manat şəklində restrukturizasiya edilərək, kreditin müddətinin 01 fevral 2022-ci ilədək uzadılması, kredit müqaviləsinin müddəti bitdikdən sonra da Cavabdeh2 tərəfindən iddiaçıya kredit borcunun ödənilməməsi, Cavabdeh2 iddiaçıya 8040,63 manat əsas borcunun, 4069,65 manat faiz borcunun və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 1199,52 manat faiz borcunun qalması öz təsdiqini tapdığından, iddia tələbi həmin hissələrdə Cavabdeh2 münasibətdə təmin edilməli, Cavabdeh2 8040,63 manat məbləğində əsas borc, 4069,65 manat məbləğində faiz borcu, 1199,52 manat məbləğində kredit müqaviləsi bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərlə yanaşı, iddiaçının Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını gecikdirməsi səbəbilə cərimə tələb etmək hüququ mövcuddur və o, cərimə borcunun məbləğinin 9431,14 manat olduğunu iddia etmişdir. Lakin məhkəmə bildirir ki, əsas borcun məbləğinin 8040,63 manat olması müəyyən edildiyindən tələb olunan cərimə məbləği əsas borcun məbləğinə münasibətdə tənasübsüz dərəcədə yüksəkdir və ona görə də cərimə məbləğinə dair hissədə iddia qismən təmin edilərək, cərimənin məbləği məhkəmənin MM-in 467-ci maddəsində müəyyən edilmiş səlahiyyətinə uyğun olaraq azaldılmalıdır. Məhkəmə əsas borcun məbləğini də nəzərə alaraq Cavabdeh2 tutulmalı olan cərimə borcu məbləğinin 800 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 158,22 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib hissəsi Cavabdeh2 tutularaq iddiaçıya verilməlidir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 8040,63 manat məbləğində əsas borc, 4069,65 manat məbləğində faiz borcu, 800 manat məbləğində cərimə borcu, 1199,52 manat məbləğində kredit müqaviləsi bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 14109,8 manat məbləğində borc və iş üzrə ödənilmiş 132 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 8040,63 manat məbləğində əsas borc, 4069,65 manat məbləğində faiz borcu, 800 manat məbləğində cərimə borcu, 1199,52 manat məbləğində kredit müqaviləsi bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 14109,8 manat məbləğində borc və iş üzrə ödənilmiş 132 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar